05 Iyul 2022 00:32
712
İQTİSADİYYAT
A- A+

Torpağa qulluq olunanda

 

Siyəzənlilər dəmyə sahələrində bol taxıl yetişdiriblər

 

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatında strateji məhsullara verilən önəm, əsasən, taxıl istehsalına hesablanıb. Uzun illərin təcrübəsi göstərir ki, aqrar sektorda qazanılan nəticələr ilk növbədə taxılla ölçülür. Çünki istehsal olunan taxıl ölkənin ərzaq təhlükəsizliyinə önəmli təsir edən amildir.

Taxıl sahələrini payızdan bəri xüsusi qulluqla becərən siyəzənlilər bir neçə gündür ki, onun yığımına başlayıblar. Şimal bölgəsinin yarı dağlıq, yarı aran ərazisi olan Siyəzəndə ümumi əkin sahəsinin 5648 hektarına payızlıq buğda və arpa toxumu səpilib. Buğda səpilən sahənin 2779 hektarının 514 hektarı suvarılan, qalanı dəmyədir. 2869 hektarda becərilən arpanın isə 1376 hektarı dəmyə torpaqlarının payına düşür. Ötən təsərrüfat ilinə nisbətən buğda sahələri 559 hektar azalmış, arpa sahələri 44 hektar artmışdır.

Yazboyu quraq keçən havaların biçin ərəfəsində yağışlı olması əməlli-başlı təsirini göstərir. Sədan kənd sakini İsmayıl Muradzadə deyir ki, iyunun əvvəlindən yağan yağışlar dağlıq ərazilərdə kombaynların sahələrə girməsini çətinləşdirir: "Odur ki, təkcə yağışın kəsməsini deyil, torpağın qurumasını da gözləyirik. Bütün bunlara baxmayaraq, taxılımız boldur, nəyin bahasına olursa olsun, hamısını biçəcəyik".

Siyəzənin kəndlərinin çoxunda taxıl yetişdirilir. Yenikənd, Tuğay, Kolanı, Məşrif, Qozağacı, Daşlı Calğan,  Eynibulaq kəndlərində arpanın keyfiyyəti yüksək olur. Sədan,  Böyük Həmyə, Beşdam, Dağ Quşçu, Yanıq Ələz, Ərizküş və başqa dağ kəndlərində isə buğdaya geniş yer verilir.

Rayonda sahibkarlıq subyektlərinin də taxılçılığa maraqları artır. Əgər əvvəlki illərdə rayonda taxılçılıqla məşğul olan cəmi bir müəssisə vardısa, bu gün onların sayı xeyli çoxdur. Ümumiyyətlə, rayonda istehsal edilən  taxılın hamısı sahibkarlara və fermerlərə məxsusdur.

Siyəzəndə biçin zamanı təhlükəsizlik məsələlərinə də xüsusi diqqət verilir. Quraqlıq  ərazidəki taxıl sahələrinin yanğınla üzləşməməsi üçün rayonun əlaqədar təşkilatları  xüsusi iş rejiminə keçib. Taxıl biçini zamanı yanğın törədəcək bütün məsələlər öncədən nəzərə alınıb. Taxıl sahələri arasına atılan şırımlar hər axşam yenilənir, yaradılan xüsusi briqadalar növbəli şəkildə taxıl sahələrini nəzarətdə saxlayır. Bir də biçilən taxıl sahələri iki gündən gec olmayaraq yenidən şumlanır.

Cari mövsüm rayonda "Qobustan", "Bərəkət", "Bezos", "Əzəmətli", "Nurlu -99", "Azəri-95","Muğan" buğda sortları əkilib. Mütəxəssislər Siyəzəndə bu sortların məhsuldarlığının yüksək olduğunu bildirirlər. Dağətəyi ərazilərdə taxılın becərilməsi arandan fərqlənir. Belə yerlər üçün taxıl sortları mütləq öncədən müəyyən edilir.

Hazırda rayonda 20-yə yaxın  kombayn var. "Aqroservis" ASC-nin Quba, Xaçmaz, Lənkəran bölmələrindən kombaynlar cəlb olunub. Siyəzəndə biçin başa çatan kimi həmin kombaynlar ətraf dağ rayonlarına köməyə yollanacaq. Mazut və yanacaqla bağlı da heç bir problem yoxdur.

Mütəxəssislərin fikrincə, rayon üzrə məhsuldarlıq əvvəlki ildəkindən yüksək olacaq. Bu günədək hər hektardan 24,3 sentnerdən çox məhsul götürülüb. Məlumat üçün bildirək ki, ötən mövsüm rayonda bu göstərici 20,3 sentner olmuşdu.

Torpaq ona qayğıkeşliklə yanaşmağı sevir. Torpağa baxarsan - varlanarsan, baxmazsan - ac qalarsan. Siyəzənlilər bu misalı öz aralarında əbəs yerə tez-tez çəkmirlər.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video