13 Avqust 2022 01:59
479
CƏMİYYƏT
A- A+

Tərtərdə qəhrəmanlıq ovqatı sönməyib

 

Zəfər tariximizə çevrilmiş İkinci Qarabağ müharibəsinin yaratdığı xoş ovqat, yüksək  əhval hələ də varlığımıza hakimdir. Xalq-ordu birliyinin yenilməz  qüdrəti 30 ildən bəri gözlədiyimiz günü gerçəkləşdirdi, "dəmir yumruq" düşmənin başında ildırım kimi çaxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə qəhrəman əsgərlərimiz, vətən sevdalı igid  oğullarımız cənnət Qarabağı erməni işğalçılarının caynağından xilas etdilər. 

Hə xoş ki, azadlığa qovuşan torpaqlarımız, ər oğulların qanı ilə yaralarına məlhəm qoyulan Vətənimiz  indi  rahat nəfəs alır. Cənnət Qarabağ  buludların arxasından çıxan yaz günəşi kimi yenidən üzə gülür, bu yerin əsl sahiblərinə "gəl-gəl" deyir. Xalqına, vətəninə sonsuz məhəbbətlə bağlı, ömrünün mənasını Azərbaycanın parlaq  gələcəyi uğrunda mübarizədə görən Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur indi yenidən qurulur, erməni faşistlərinin misli görünməmiş qəddarlıqla odlara qalayıb viran qoyduqları kəndlər, şəhərlər dirçəlir. Fərəhlidir ki, yeni salınmış "ağıllı kənd" artıq öz sakinlərini qəbul edib. Dövlətin qayğıkeşliyindən qaynaqlanan quruculuq işləri sürətlə davam edir. İşğaldan azad olunmuş ərazilərdə böyük sürətlə müasir tələblərə cavab verən yollar çəkilir, körpülər salınır, tunellər tikilir, yaraşıqlı binalar, evlər inşa olunur, vacib sosial infrastruktur yaradılır.
Bu bir həqiqətdir ki, zəfər bizə hədiyyə edilməyib. Biz onu qanlar, qurbanlar bahasına qazanmışıq. Bu müqəddəs savaşda övladlarımız qəhrəmanlıqla döyüşüb şəhid  olmuş, əbədiyyətə qovuşmuşdur. Müharibədən sağlamlığını itirib qazi kimi dönən oğullarımız da var.  Bu gün şəhid ailələri, qazilər dövlətin və Prezidentin  himayəsi ilə əhatə olunublar.  Dövlət başçısı İlham Əliyev əhalinin bu zümrədən olan təbəqəsinə diqqətin onun üçün  prioritet olduğunu dəfələrlə bəyan etmişdir. 
İkinci Qarabağ savaşında ziyan görən rayonlardan biri də Tərtər olmuşdur. 44 günlük müharibədə  rayon mərkəzinə və kəndlərə 16,2 mindən çox qrad, tank, artilleriya mərmisi, qadağan olunmuş 21 raket atılmışdır. Nəticədə rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, ilk peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb və 7 mədəniyyət  müəssisəsinə, məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına böyük ziyan dəymişdir, xeyli dağıntılar olmuşdur. 60 fərdi yaşayış evi və mənzil, 2 sosial və 6 sahibkarlıq obyekti, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşmüş, 5344 fərdi yaşayış evi və mənzildə təmir-bərpa işlərinə zərurət yaranmışdır. Hazırda dövlətin ayırdığı vəsait hesabına müharibənin həmin fəsadları aradan qaldırılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədov deyir ki, müharibə təkcə dağıntılar törətməmiş, eyni zamanda mənəvi-psixoloji problemlər də yaratmışdır: "Dağılan evi bərpa etmək, yenidən tikmək  mümkündür. Dövlətimizin güclü iqtisadi durumu bunu uğurla  qarşılayır. Mənəvi-psixoloji zədələri sağaltmaq isə çox  çətindir, xüsusi yanaşma, həssas  münasibət, səbir, təmkin, qayğı və diqqət tələb edir. Xüsusi qayğıkeşliyə ehtiyacı olan insanlara,  şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sərgilədikləri isti və doğma münasibət  bizim üçün, hər bir dövlət məmuru üçün örnək və nümunədir. Rayonda 45 nəfər  hərbi, 16 nəfər mülki şəhid ailəsi vardır. Müharibə əlillərinin sayı 48, müharibə iştirakçılarının sayı isə 1554 nəfərdir.  Onların hər biri xalqımız üçün hörmət və ehtiramın, sevgi və məhəbbətin, qayğıkeşliyin və diqqətin dəyişməz ünvanıdır. Dövlətimiz də, xalqımız da şanlı zəfər  üçün məhz onlara borcludur. Bu şərəfli borcu layiqincə ödəmək üçün Tərtərdə bütün qüvvələr,  mövcud imkanlar səfərbərdir. Biz onların qayğılarını öyrənmək, hansısa bir işlərinə yardımçı olmaq  üçün qapılarını döyməkdən, ayaqlarına getməkdən qürur duyuruq".
RİH-in başçısından öyrənirik ki,  Tərtər şəhərində 7 küçəyə şəhid adı verilib, şəhid ailəsi üzvlərindən 17 nəfər  münasib işlə təmin  olunub, 4 şəhid ailəsi mənzillə təmin edilib, "Şəhidlər  abidə kompleksi" yenidən qurulub, 17 şəhid ailəsi və 15 qazi əkin üçün torpaq sahəsi ilə təmin olunub, 11 şəhid ailəsinə və qaziyə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer ayrılıb, 5 şəhid ailəsinə və qaziyə həyətyanı torpaq sahəsi verilib.
Tərtər şəhər sakini şəhid atası Cəmil Hacıyev bizimlə söhbətində  əhatə olunduqları qayğıkeşlik və diqqətdən  minnətdarlıqla söz açdı:
- Ölüm haqdır, vaxtı çatanda hər kəs bu dünyanı tərk edir. Şəhid olmaq isə  insan ömrünü ölümsüzləşdirir. Oğlum Qubad öz qəhrəmanlığı ilə adını canından artıq sevdiyi vətənin tarixinə yazdı. Bu gün onun adını təkcə doğma ailəsi deyil,  bütün el-oba ehtiramla yad edir. Bir ata olaraq bu, mənə qürur verir. Dövlətimizin, Prezident İlham Əliyevin şəhid ailələrinə münasibətindən çox razıyıq. Biz övladlarımız şəhid olub deyə kiməsə minnət  vurmamalıyıq. Ehtiyac  yaranarsa, bu vətənə qurban getməyə hamımız hazır olmalıyıq. Azərbaycan hamımızın vətənidir, onun azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşmək hər kəs üçün şərəfdir.
Bu günlər Tərtərdə yenidən qələbə ovqatı yaşanır. Ordumuzun erməni təxribatlarına verdiyi tutarlı cavab, uğurla reallaşan "Qisas"  əməliyyatı bölgədə yüksək əhvali-ruhiyyə yaradıb. Tərtərlilər öz qəhrəmanlıq  ənənələrinə  yenə də sadiqdilər. Onlar silaha sarılaraq Ermənistan silahlı quldurlarının tör-töküntülərini ərazilərimizdən qovub çıxarmaq üçün döyüşlərə atılmağa hazırdılar.

Lazım QULİYEV, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video