11 Avqust 2022 00:45
287
Səhiyyə

Təhlükəli viruslardan qorunmaq üçün qaydalara riayət olunmalıdır

 

Dünya koronavirus bəlasından qurtulmamış meymunçiçəyi virusu ilə üzləşdi. Hazırda meymunçiçəyi dünyanın müxtəlif ölkələrində yayılmaqdadır. Eyni zamanda COVID-19 da mutasiyaya uğrayaraq yeni simptomları meydana çıxmaqda və sürətlə yayılmaqda davam edir.

 

Ehtiyatı əldən vermək yolverilməzdir

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 580 milyonu, bu xəstəlikdən ölənlərin sayı isə 6,41 milyonu ötüb. 
Təşkilatın statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuş və ölənlər haqqında rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır. Yoluxma sayında 500 milyonluq hədd aprelin 14-də, 400 milyonluq hədd - fevralın 10-da, 300 milyonluq hədd yanvarın 8-də, 200 milyonluq hədd isə keçən il avqustun 5-də qeydə alınıb.
İndiyədək Ümumdünya Səhiyyə Təşkilatına daxil olan ən çox təsdiqlənmiş yoluxma halının qeydə alındığı ölkə ABŞ-dır. Sonrakı sıralarda Hindistan, Braziliya, Fransa və Almaniya yer alıb. Koronavirus səbəbindən ən çox ölüm halının qeydə alındığı ölkə də ABŞ-dır, Braziliya ikinci, Hindistan üçüncü sıradadır. Daha sonra Rusiya və Meksika yer alıb. 
Ölkəmizdə isə indiyədək COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 9 min 768 nəfəri vəfat edib. Statistik göstəricilər son günlər respublikamızda da koronavirusun fəallaşdığını deməyə əsas verir. Belə ki, bu təhlükəli infeksiyaya gündəlik yoluxanların sayı 500 nəfəri ötüb. Vəziyyətin bu həddə çatması təəssüf doğurmaqla yanaşı, onu da göstərir ki, əhali ehtiyatı əldən verməməlidir. Koronavirusu görməməzlikdən gəlmək yolverilməzdir.
Bu qorxulu virusla mübarizə aparan dünya indi də "Omikron" ştamının altvariantları BA.4 və BA.5 üçün həyəcan təbili çalır. Almaniyada fəaliyyət göstərən türkiyəli professorlar Özlem Türeci və Uğur Şahinin qurucusu olduqları "BioNTech" şirkəti yeni variantlara qarşı növbəti peyvəndlərin anonsunu verib. Peyvəndin "Omikron"un BA.4 və BA.5 kimi yeni variantlarına qarşı hazırlandığı açıqlanıb.
Şirkət "uzunmüddətli və əhatəli qorunma" təmin etmək üçün hazırlanmış koronavirus peyvəndinin indiki versiyasının klinik sınaqlarına başlayacağını açıqlayıb. Testlərin bu ay başlaması nəzərdə tutulub.

 

Meymunçiçəyi uzaq adaya da çatıb

 
Artıq bu virusun uzaq adaya - Qrenlandiyaya da çatdığı barədə xəbərlər yayılıb. Belə ki, Qrenlandiyada meymunçiçəyinə ilk yoluxma halları qeydə alınıb.
Məlumata görə, xəstələr "Thule" Hərbi Hava Qüvvələri Bazasının iki əməkdaşıdır. Yoluxanlardan biri Qrenlandiyaya bu yaxınlarda gəlib və heç bir əlamət büruzə verməyib. Hazırda hər iki xəstə başqalarının sağlamlığı üçün təhlükə yaratmayana qədər təcrid edilib.
Mütəxəssislər hələlik infeksiyanın adanın başqa ərazilərinə keçməsi təhlükəsinin olmadığını bildiriblər.
Almaniyada isə PCR testi götürülən 4 yaşlı qızda meymunçiçəyi virusu aşkarlanıb. Xəstəliyə yoluxanlar arasında ilk dəfədir ki, azyaşlıya rast gəlinir. Virusa yoluxan azyaşlının ailə üzvlərindən başqa heç kimlə təmasda olmadığı barədə məlumat verilib. Qızın xəstəliyə necə yoluxduğu hələlik məlum deyil. 
Almaniyada meymunçiçəyinə yoluxanların ümumi sayı 2916 nəfərə yüksəlib. Onlardan 7-si qadındır. Yaş nisbətinə gəlincə, virus aşkarlanan iki gənc 15 və 17 yaşdadır.

 

Dünyanı düşündürən sual  

 

Bu gün virusla bağlı bütün dünyanı düşündürən sual yenidən qapanmaların olub-olmayacağıdır. Bu barədə müzakirələr aparılır. 
Mütəxəssislər bildirirlər ki, yoluxanların sayı artmaqda davam edərsə, vəziyyət yenidən kəskinləşərsə, qapanmalar qaçılmaz olacaq. TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov da Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna biləcəyini istisna etmir. Bildirir ki,  xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər: "Biz üzü payıza doğru gedirik. Havalar tədricən soyuyacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq çoxalması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər".
TƏBİB-in rəsmisi vaksinasiya prosesindən kənarda qalmamağı məsləhət görüb. Vurğulayıb ki, şərtlərə müəyyən qədər əməl etməliyik: "Sıxlıq olan yerlərdə lüzumsuz təmaslardan çəkinmək, maskalardan istifadə etmək lazımdır".
Qarşıdan gələn payız aylarında "Omikron"un yeni mutantlarının yaranacağı da gözlənilir. Mütəxəssisləri ümidləndirən məsələlərdən biri artıq insanların təhlükəli koronavirusla nə edəcəklərini bildikləridir. Hər kəsin fərdi gigiyenik qaydalara riayət etməsi vacibdir. Eyni zamanda da insanların məsafə saxlamaları, qapalı ərazilərə getməmələri, mümkün qədər xəstə olan qohum-qonşuları ziyarət etməmələri, eləcə də peyvəndin müddəti keçibsə, risk qrupuna aid olan insanların vaksinasiyadan keçməsi tövsiyə edilir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video