20 Yanvar 2022 00:57
1503
SİYASƏT
A- A+

Tariximizin hüzn və qürur səhifəsi

 

Əslində, 20 Yanvar faciəsi olmaya da bilərdi. Bu faciəni Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin də söylədiyi kimi, Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik bu həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

Ancaq həmin dövrdə hakimiyyətdə olan ali siyasi rəhbərliyin Azərbaycandakı vəziyyəti öz axarına salması üçün cəhdlər göstərməməsinin, əllərində olan yetərli imkanlardan  istifadə edə bilməməsinin nəticəsi olaraq, xalqımızın ən ağrılı faciələrindən biri olan 20 Yanvar qətliamı baş verdi.

Tariximizin qanlı yaddaşında yer alan 20 Yanvar faciəsi SSRİ rəhbərlərinin əvvəlcədən hazırladığı müfəssəl plan əsasında Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq üçün törədilsə də, nə bu qətliam, nə də millətin başına ondan sonra gətirilən müsibətlər onun iradəsini qıra bilmədi. Müstəqillik yolunda dönmədən mübarizə aparan Azərbaycan xalqı sonda öz məqsədinə nail olaraq, azadlığına qovuşa bildi.  Totalitar rejim tərəfindən törədilmiş 20 Yanvar faciəsinə səbəb olan amillərin, gerçəkliklərin öyrənilməsi bu qanlı faciə ilə bağlı həm ölkə, həm də dünya ictimaiyyətinə daha düzgün məlumatların verilməsində olduqca mühüm rol oynadı.

 

20 Yanvar hadisəsinə hüquqi-siyasi qiyməti ilk dəfə Heydər Əliyev verib

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd edir ki, yalnız Naxçıvan Muxtar Respublikasının radio və televiziyası özünün məhdud imkanları çərçivəsində Bakı şəhərində baş vermiş 20 Yanvar hadisəsi ilə əlaqədar Türkiyə və İranın sərhəd rayonlarına xəbərlər çatdıra bilmişdi. Bu isə sovet rəhbərliyinin Bakıda törətdiyi cinayət hadisəsini dünyaya olduğu kimi çatdırılması üçün yetərli hesab oluna bilməzdi.

Bütün bunlara görə görkəmli dövlət xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, qanlı 20 Yanvar hadisəsi ilə əlaqədar xüsusi bəyanatla çıxış etməsi bu faciə haqqında obyektiv reallığın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış ən ciddi addım idi. Heydər Əliyevin Moskvadan yayılan bəyanatı Azərbaycanın zor gücünə salındığı informasiya blokadasının yarılması, dağıdılması baxımından həmin dövr üçün misilsiz əhəmiyyətə malik hadisədir. Moskva bəyanatı Azərbaycanda xalq hərəkatının, ümumiyyətlə, azadlıq və demokratiya uğrunda aparılan mübarizədən konkret olaraq və açıq şəkildə Azərbaycanda dövlət müstəqilliyi yolunda mübarizə müstəvisinə keçidin əsasını qoydu. Heydər Əliyev Moskva bəyanatı ilə həmişə olduğu kimi, ən çətin məqamlarda da doğma Azərbaycan xalqı ilə bir yerdə olduğunu, xalqımızın azadlıq mücadiləsinə haqq qazandırdığını və dəstək verdiyini açıq şəkildə nümayiş etdirib. SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun birbaşa tapşırığı ilə Bakıda həyata keçirilmiş 20 Yanvar hadisəsi ilk dəfə olaraq Heydər Əliyev kimi böyük dövlət xadimi səviyyəsində hüquqi-siyasi qiymətini alıb. 

İsa Həbibbəyli vurğulayır ki, Bakı faciəsinin hüquqa, demokratiyaya və humanizm prinsiplərinə zidd olduğunu bəyan etməklə Heydər Əliyev Mixail Qorbaçovun və onun komandasının digər müttəfiq respublikalarda törətdiyi qanlı terror hadisələrinə də hüquqi-siyasi baxımdan qiymət verib.

Akademikin sözlərinə görə, əslində, Heydər Əliyev tərəfindən səsləndirilmiş bu bəyanat SSRİ-nin çökməsinin ilk anonsu idi. Moskva bəyanatında Azərbaycan Sovet Respublikasının rəhbərliyinin 20 Yanvar hadisələrində tutduğu yanlış mövqeyinin də mahiyyəti açıqlanmış və haqlı olaraq bu qanlı faciənin baş verməsi məhz respublika rəhbərliyinin səriştəsizliyinin nəticəsi hesab edilmişdi. Heydər Əliyev respublikada ictimai-siyasi şəraitin gərgin olduğu bir dövrdə, 20 Yanvar hadisələrinin törədildiyi ərəfədə Azərbaycan Respublikasına səbatsız, səriştəsiz bir şəxsin rəhbərliyə gətirilməsini SSRİ rəhbərlərinin ciddi səhvi kimi dəyərləndirmişdi.

Heydər Əliyev 20 Yanvar 1990-cı ildə Bakı şəhərindəki qırğının baş verməsini ölkə və respublika rəhbərlərinin mövcud imkanlardan istifadə etmədikləri, onların məkrli siyasəti və səriştəsiz idarəçilik qabiliyyətləri, xalq faktorunu və dövlətçilik maraqlarını nəzərə almamaları ilə əlaqələndirmişdir. Bu mənada Moskva bəyanatındakı ittihamlar obyektiv siyasi-tarixi reallıqların ifadəsidir. 20 Yanvar ərəfəsindəki çətin və mürəkkəb şəraitdə isə nəinki “düzgün və operativ” məlumatlar vermək, hətta bütün imkanlardan istifadə edib, faciənin qarşısını almaq lazım idi. Təəssüf ki, bu bacarıqların heç biri o zamankı rəhbərlikdə yox idi. Moskva bəyanatında haqlı olaraq 20 Yanvar faciəsini törədənlərin cəzalandırılması tələbləri də qəti şəkildə irəli sürülmüşdü. Heydər Əliyev Moskva bəyanatında Bakı şəhərində hadisələri hərbi yolla “tənzimləmək” üçün qərar qəbul edən şəxslərin, həmin məsuliyyətsiz qərarları və tapşırıqları həyata keçirənlərin, həm ölkə, həm də respublika miqyasında olanların hamısının ittiham edilməsini cəsarətlə, çəkinmədən diqqətə çatdırmışdı.

İsa Həbibbəyli əlavə edir ki, Moskva bəyanatı ilə Sovet İttifaqının və respublika rəhbərliyinin təşkilatçılığı ilə Azərbaycanda 20 Yanvar 1990-cı il tarixdə törədilmiş qırğın və baş vermiş faciə haqqında obyektiv məlumat beynəlxalq ictimaiyyətə və müttəfiq respublikalara çatdırıldı. Bununla sovet rəhbərliyinin, Ermənistan tərəfinin, bəzi xarici informasiya mərkəzlərinin Azərbaycan gerçəkliyi haqqında yaydıqları açıq dezinformasiya xarakterli yalan məlumatların qarşısı alındı. 20 Yanvar faciəsinin əsas səbəbkarlarının, təşkilatçılarının və icraçılarının kimlər olduğu göstərildi. Sovet dövlətinin əsas rəhbərlərindən biri olmuş görkəmli dövlət xadimi tərəfindən Bakı faciəsinin hərbi-siyasi mahiyyətinin açılması və ifşa edilməsi ilə SSRİ-nin dağılmağa məhkum olmasının qaçılmazlığı sübut edildi, bu proses sürətləndi. Heydər Əliyevin Moskva bəyanatı Azərbaycandan başqa, digər müttəfiq respublikalarda da azadlıq və müstəqillik uğrunda aparılan mübarizələrə ruh və təkan verdi. Azərbaycanda və digər müttəfiq respublikalarda Kreml vahiməsi və xofunun aradan qaldırılmasında görkəmli dövlət xadimi Heydər Əliyevin Moskva bəyanatı ilə atdığı cəsarətli addımların mühüm rolu oldu.

 

Belə faciələrin təkrarlanmasının qarşısı alına bilər

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə də hesab edir ki, 20 Yanvar faciəsinin qarşısını almaq mümkün idi: “Çox az adam bilir ki, yanvarın 19-da SSRİ rəhbəri Mixail Qorbaçov Heydər Əliyevə zəng edərək ondan Bakıya gedib mitinqlərin dağıdılması çağırışını etməsini tələb etmişdi. Heydər Əliyev buna cavabında məsələnin kökündə başqa məsələlərin dayandığını və onun həllini tələb etmişdi. SSRİ rəhbərliyi isə bu problemlərin həllində maraqlı deyildi və sonda bu faciə baş verdi”. 

Ulu Öndər Heydər Əliyevin hadisədən bir gün sonra 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymətini verdiyini xatırlayan A.Mirzəzadə əlavə edib ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduqdan sonra Naxçıvan Ali Məclisi 20 Yanvar faciəsinə ilk rəsmi hüquqi qiymət verən Azərbaycan dövlət orqanı oldu. 1994-cü ildə Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdə Azərbaycan parlamenti səviyyəsində ona hüquqi qiymət verildi.

Deputatın qənaətinə görə, artıq dünyanın bir çox ölkəsi Azərbaycana qarşı törədilən bu faciədən məlumatlıdır. Azərbaycan  dünyanın bu faciə haqqında məlumatlandırılması üçün xeyli işlər görüb. Xaricdəki səfirliklərimiz və nümayəndəliklərimiz, diaspor dairələrimiz olduqları ölkələri bu faciə barədə məlumatlandırıblar. Azərbaycanın elm adamları 20 Yanvarla bağlı yeni faktlar aşkarlayaraq elmi ictimaiyyətin bu məsələlər barəsində yeni-yeni məlumatlar əldə etməsinə çalışırlar: “20 Yanvar XX əsrin ən qan donduran faciələrindən biri hesab edilir. Heç də təsadüfi deyil ki, onu II Dünya müharibəsində baş vermiş Holokostla bir səviyyədə qəbul edirlər. Bu hadisə heç bir zaman tarixdən silinə bilməz. Gələcək nəsillər 20 Yanvar faciəsinin başvermə səbəblərini unutmamaqla belə faciələrin bir daha təkrarlanmasının qarşısını ala bilərlər”.

 

Qanlı yanvar günlərində  azərbaycanlılar millət,  Heydər Əliyev isə milli lider olduğunu təsdiqlədi

 

Milli Məclisin deputatı Sahib Alıyev deyir ki, Azərbaycan xalqının tarixində ən ibrət götürüləsi hadisələrdən biri məhz 20 Yanvarda baş verib. 20 Yanvar faciəsi tərkibində olduğumuz imperiyanın xislətini, xalqımıza necə yanaşmasını üzə çıxartdı: “Bakıya qoşun yeridənlər öz vətəndaşları sayılan dinc adamlara qarşı ən amansız faciə törətdilər. Amma qarşılığında tarixdə çox az xalqın göstərə biləcəyi bir dirəniş və qəhrəmanlıqla üzləşdilər. 20 Yanvar faciəsi göstərdi ki, bu xalqın təpəri, qeyrəti, ləyaqəti var və ən dar gündə bütün riskləri gözardı edərək onun yanında duran, onu müdafiə edən, yol göstərən lideri var. Təbii ki, lider deyərkən mən o zaman Azərbaycana rəhbərlik edənləri və Xalq Cəbhəsinin başında duranları nəzərdə tutmuram. Onların bir qismi 20 Yanvar günündə Bakıya qoşun yeridənlərə xidmət göstərmələrini, digərləri isə  iradəsizlikləri, qətiyyətsizlikləri, avantüristlikləri və qorxaqlıqlarıyla  kimliklərini  tam ortaya qoydular”.

Ulu Öndər Heydər Əliyev isə Dövlət Təhlükəsizlik Komitəsindən gələn xəbərdarlıq və təhdidlərə, onu gözləyən təhlükələrə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən vəhşiliyə görə SSRİ rəhbərliyini ən kəskin sözlərlə tənqid etdi, ardınca isə uzun zaman ən parlaq təmsilçilərindən biri sayıldığı Kommunist Partiyasının sıralarını tərk etdi: “Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxışında da o, 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi. 1994-cü il martın 29-da Milli Məclis o qanlı olaya ilk hüquqi-siyasi qiymətini də məhz Heydər Əliyevin təşəbbüsü ilə verdi. Hələ 1990-cı ilin 21 yanvarında Heydər Əliyev Moskvada verdiyi bəyanatla göstərdi ki, milli lider kimdir və necə olur. Məhz o zaman - 1990-cı ilin qanlı yanvar günlərində  azərbaycanlılar millət,  Heydər Əliyev isə milli lider olduğunu təsdiqlədi. Aydın oldu ki, milli liderlik parlamentlərdə qanunla təsdiqlənən, vəzifəyə bağlı status deyil, bu, böyük bir missiyadır. Bu missiyanın miqyası həm şəxsi keyfiyyət, həm də millətə bağlılıqla ölçülür. Özü də bu bağlılq qarşılıqlı olmalıdır. Yanvar olaylarında da, ondan sonrakı günlərdə də, yəni Heydər Əliyevin hakimiyyətdə olmadığı zamanlarda belə xalqın nəzərinin onun üzərinə dikəlməsi, nicatı onda görməsi bu bağlılığın məhz qarşılıqlılığından xəbər verirdi. Bəlli olurdu ki, Heydər Əliyev xalqa nə qədər bağlıdırsa, xalq da ona bir o qədər bağlıdır”.

S.Alıyev əlavə etdi ki, əslində Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması, ardınca 20 Yanvar qırğınının baş verməsi həm də bir məqsədə - Azərbaycan torpaqlarının növbəti hissəsinin yenidən haylara bağışlanmasına xidmət edirdi: “Bunun üçün azərbaycanlılara qarşı hər cür vəhşilik və rəzilliklərə əl atdılar. Bunu həm də təkcə SSRİ rəhbərliyində təmsil olunanlar deyil, onlardan sonrakılar da, Qərbdə bir çox böyük dövlətlər də etdilər. Amma onların bu cəhdləri alınmadı, 44 günlük Vətən müharibəsi onların bütün cəhd və istəklərinin üstündən xətt çəkdi. 20 Yanvar hadisələrində olduğu kimi bir yumruq olmağı bacaran, amma bu dəfə “dəmir yumruğ”a çevrilən Azərbaycan xalqı, şanlı ordumuz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızı geri qaytardı. Bu, həm də 20 Yanvar şəhidlərinin intiqamının alınması demək idi. Əminəm ki, cənab İlham Əliyev xalqımıza qarşı törədilən vəhşiliyə etirazını bildirmək üçün 1990-cı il yanvarın 21-də atası ilə birgə Azərbaycanın Moskvadakı daimi təmsilçiliyinə gəldiyi gündən bu haqda - şəhidlərimizin intiqamını almaq haqda düşünürdü. Və aldı da! Cənab Prezidentin ürəyində gəzdirdiyi, ancaq  hələ tam açıq şəkildə dilə gətirmədiyi bir istəyinin də olduğunu biz artıq bilirik. Söhbət babasının məzarı üzərindəki düşüncədən gedir. Qoy uca Tanrı  bizə həmin istəyin reallaşdırıldığı, 20 Yanvar hadisələrində həlak olanlar da daxil olmaqla, bütün şəhidlərimizin ruhlarının növbəti dəfə sevinəcəyi o günü də nəsib etsin!”

20 Yanvar Azərbaycan xalqına qarşı törədilən ən böyük qətliamlardan biri olsa da, xalq olaraq həmin tarixi yalnız acı kədər hissi ilə qeyd etmirik. Çünki 20 Yanvarda baş verənlər həm də Azərbaycan xalqının aciz xalq olmadığını, öz hüquqlarını mətinliklə qoruya bildiyini, azadlığına qovuşmaq üçün canını belə fəda etməyi bacardığını göstərdi. Öz azadlığı uğrunda yorulmadan mübarizə aparan Azərbaycan xalqı 20 Yanvarda ən böyük qəhrəmanlıq nümunələrindən birini yaratdı.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video