02 Dekabr 2022 01:12
592
CƏMİYYƏT
A- A+

Şuşanın özü də, adı da qəhrəmanlıqla qaytarıldı

 

Erməni  saxtakarlığı  isə  tarixin  arxivinə  atıldı

 

"...Əfsuslar olsun ki, erməni tarixşünaslıq elmində hər bir addımda saxtakarlıq görürük. O cümlədən Azərbaycan əraziləri ilə bağlı, Qarabağın tarixi ilə bağlı. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, bu saxta tarix siyasəti son beş-altı ildə hətta yeni bir forma almışdı. Onlar Azərbaycan şəhərlərini rəsmən erməni adları ilə, saxta adlarla adlandırmağa başladılar. Buraya, məsələn, Şuşa şəhəri də aiddir, onlar onu "Şuşi" adlandırmağa başladılar. Bu şəhər heç vaxt "Şuşi" olmamışdır və yeri gəlmişkən, mən "Şuşi"nin nə məna daşıdığını və nəyə görə erməni adı hesab edilməli olduğunu bilmirəm. Mən başa düşmürəm. Bütün xəritələrə baxsanız, tarixi xəritələrə baxsanız, sovet ensiklopediyasına baxsanız, Şuşa görərsiniz" 

(29 aprel 2022-ci il tarixdə ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindən)

 

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin incisi Şuşa şəhər-qalasının Qarabağın Sarıcalı oymağının Cavanşırlər tayfasından olan Pənahəli xan tərəfindən (1748-1763) salınması, xanın varisi, 43 il Qarabağ xanlığına başçılıq etmiş İbrahimxəlil xanın hakimiyyəti (1763-1806) dövründə Şuşanın bir şəhər kimi formalaşması, möhkəmləndirilməsi və digər mühüm məsələlər vətən tarixşünaslığında yetərincə araşdırılıb. 
XVIII əsrin 80-90-cı illərində Şuşa şəhəri alınmaz qala, strateji məkan kimi çar Rusiyasının məxfi planlarında xüsusi yer tutmuşdu. Qarabağ məliklərini ələ alan II Yekaterina hakimiyyəti (1762-1796) Şuşanın ələ keçirilməsi ilə bağlı məxfi planlar hazırlamışdı. Belə çətin şəraitdə İbrahimxəlil xan həm daxildəki separatçı qüvvələrlə mübarizə apara bilmiş, həm də həmin qüvvələrin arxasında dayanan Rusiya dövləti ilə münasibətlərini tənzimləməyi bacarmışdı (əlavə məlumat üçün bax: Nəcəfli G.C. "Şuşa tarixinin saxtalaşdırılmış səhifələrinə dair" // "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən keçirilən "Tarixi yerlər və abidələr IV Beynəlxalq Şuşa Simpoziumu"nun materialları, Bakı, 2022, s.280-287).
Bu yazıda məqsəd Şuşa qalasının əsasının qoyulması, şəhərin adının etimoloji mənşəyi və digər məsələlərin ermənidilli tarixşünaslıqda təhrif edilməsi ilə bağlı bəzi faktlara nəzər salmaq və bu  saxtalaşdırmanın heç bir elmi əsası olmadığını XVIII əsrdə tərtib edilmiş ermənidilli sənədlərin təhlili əsasında sübuta yetirməkdir.
Şuşa adının etimoloji mənşəyinin saxtalaşdırılması cəhdləri: Vətən tarixinin bir çox tədqiqatçıları bu adın şəhərin salındığı ərazinin relyefinə uyğun olaraq yarandığını və qədim türk dillərindəki "yayla", "şiş qaya", "piramida" mənasında işlənildiyini bildirir və onun xalq arasında, eləcə də bir sıra ədəbi əsərlərdə "Şişə" kimi işlədilməsini də bununla əsaslandırırlar (bax: Mahmudov Y., Mustafayev C. Şuşa- Pənahabad. Bakı, 2012, s.22). 
Azərbaycan xalqının etnik mənşəyini tədqiq etmiş Q.Qeybullayev isə Şuşa adını qədim və erkən Orta əsrlər dövründə Şimali Qafqazda yaşamış və sonralar Azərbaycana köç etmiş türkdilli dondar tayfası ilə bağlayır. Antik müəlliflərdən birinə istinad edən Q.Qeybullayev antik dövrdə dondarların Şimali Qafqazda yerləşən paytaxtının "Sosu" və ya "Şoşu" adlandırıldığını göstərir. Onun fikrincə, sonralar Albaniyaya köç etmiş dondarlar bu şəhərin adını da özləri ilə gətirmiş və indiki Qarabağ ərazisində bu ad altında bir neçə yaşayış məntəqəsi, o cümlədən uzun müddət Şuşa şəhərinin yaxınlığında mövcud olmuş Şuşakəndi yaratmışlar (Qeybullaev Q.A. K gtnoqenezu azerbaydjanüev. Baku, 1991, c.136-137).
Şuşa adının etimoloji mənşəyi haqqında erməni müəllifləri arasında müxtəlif fikirlər olsa da, bu fikirlər heç bir qaynağa söykənmir, yalnız ehtimaldan ibarətdir. Məsələn, Şahen Mkrtçyan sovet dövründə yazmış olduğu kitabında "Şuşa" toponimini "Şuşi" adlandıran sələfi Leonun (Arakel Babaxanyan) 1914-cü ildə Tiflisdə erməni dilində nəşr olunmuş "Qarabağ erməni yeparxiyasının sahibkarlar məktəbinin tarixi" adlı kitabındakı fikirlərinə əsaslanaraq "Şuşi" adının şəhərin şərqindəki "Şoş" kəndinin adından yarandığını qeyd edir. (Mkrtçyan Ş. Dağlıq Qarabağın tarixi-memarlıq abidələri, Yerevan, 1980, s.146-147). Müəllif sovet imperiyasının dağılması ərəfəsində Qarabağda baş verən məlum hadisələrin gərginləşdiyi zamanda çap etdirdiyi digər kitabında "Şuşi" toponimini bir daha açıqlamağa çalışaraq, toponimin "Artsax" ləhcəsində - "nayev şoş" - gənc ağaclara verilən ad, bu ağaclardan ibarət parka verilən "şoşot" ifadəsindən alındığını yazır (Mkrtçyan Ş. Şuşi, Köhnə açıqcalar. Yerevan, 1990, s.172).
Göründüyü kimi, Şuşa adının erməni dilində heç bir izahı olmadığı üçün erməni müəllifləri onu istədikləri şəkildə yozmağa çalışırlar.
Onu da qeyd edək ki, XVIII əsrin ermənidilli sənədlərində Şuşa termini indiki erməni müəlliflərinin yazdığı "Şuşi" şəklində deyil, Şuşu və Şoşu şəklində təqdim edilmişdir.
Şuşa qalasının salınması ilə bağlı fərziyyələr. Şuşa adının etimoloji mənşəyini saxtalaşdıran və "Şuşa" sözünü təhrif edərək "Şuşi" kimi təqdim edən müasir erməni müəllifləri də bu fikri davam etdirərək yazırlar ki, "Xəmsə məliklərinin yaşadığı ərazidə qədim qala (yəni Şuşi) var ki, o, Cavanşirlər tərəfindən hiylə ilə ələ keçirildi" (Çobanən P.A., Karapetən M.M. İz istorii arməno-russkix otnoşeniy (Ob istoriçeskix svəzəx Karabaxa s Rossiey) 
//http://www.armenianhouse.org/caucasian-albania/094-106.html, c.96).
Bu fikri Ter-Avakimova da erməni-rus əlaqələri sənədlər toplusuna yazdığı giriş mətnində təsdiq edir: "Şoşa kəndi, - bir sənəddə (sənəd 325) oxuyuruq ki, - daş qayalarla əhatə olunmuşdu". Bu "daş qayalar" həmin dövrdə 3 tərəfdən şəffaf sıldırımla əhatə olunmuş alınmaz qayalı yayla idi və düşmən hücumundan qorunmaq üçün təbii istehkam rolunu oynayırdı (Arməno-russkie otnoşeniə v pervoy treti XVIII veka. (Sb. dokumentov. Pod redaküiey Aşota İoannisəna), t.II, ç.I, Erevan, 1964, c. XLI) 
Erməni müəllifi Vahram Balayan Leonun tədqiqatlarındakı fikirlərinə əsaslanaraq yazır: "Bəziləri hesab edir ki, Şuşi öz adını şəhərin cənub tərəfində yerləşən Şoş adlı kənddən almışdır. Lakin Leo bu analogiyaya inanmır və qeyd edir ki, əksinə, kənd öz adını qaladan almalıdır və qala çox güman ki, qədim zamanlarda mövcud olmuşdur" (Balayan V. Antik çağlardan günümüzə Artsax tarixi. Yerevan, 2002, s.40). Sovet dövrü erməni tarixçiləri arasında bu fikir geniş yayılmadığı halda imperiya dağıldıqdan sonra, Qarabağa ərazi iddialarına haqq qazandırmaq məqsədilə geniş şəkildə yayılmışdır. 
Şuşa şəhərinin salındığı ərazinin qədim yaşayış məskəni olması danılmaz həqiqətdir. Lakin burada qədim qalanın olması haqqında məlumatlar XVIII əsrin 20-ci illərində baş verən hadisələr zamanı xatırlanır. Belə ki, mövzu ilə bağlı yazan erməni müəlliflərinin əksəriyyəti erməni kimi qələmə verdikləri alban əsilli Avan yüzbaşı adlanan məlik Yeqanın 1717-ci ildə Qarabağa gəlib Şuşa qayasında möhkəmlənərək məşhurlaşması, qayaların üstündə yeni qala tikdirməsi və digər fəaliyyəti ilə bağlı geniş məlumat verirlər (Xaçatrən A.N. Armənskoe voysko v XVIII veke. Erevan, 1968,  c.207-210; Mkrtçən, 1980, s.147).
Bəs dövrün mənbələri bu hadisə ilə bağlı necə məlumat verir?
Erməni-rus əlaqələri sənəd toplusunun II cildinin 1-ci kitabına 105 səhifəlik giriş mətni yazan Ter-Avakimova da Avanın "Şuşa qalasının ilk daşını qoyması" barədə general Matyuşkinin 19 dekabr 1725-ci il tarixli məktubunda məlumat verildiyini qeyd edir (Sb. dokumentov, 1964, c. XLI). Yenə həmin giriş mətnində İvan Karapetin Qarabağda baş verən hadisələrlə bağlı erməni dilində tərtib edilən 18 iyul 1724-cü il tarixli məktubunda da "Sıldırım qayaların üstündə yeni qala tikilməsi" haqqında məlumat yer almışdır (Sb. dokumentov., 1964, c.XLII).
Məlumatın əks olunduğu sənədlər isə toplunun II cildinin 2-ci kitabında yer almışdır. Erməni dilində olan 277 və 278 saylı sənədlərdə (Sənədlər toplusu 1967, 184-188) bəhs edilən hadisələr Sığnaq adlanan bölgədə baş vermiş və həmin qalanın Şuşa şəhərinin salındığı ərazi deyil, məhz Şuşa yaxınlığındakı erməni müəlliflərinin Daşaltı sözünü olduğu kimi tərcümə edərək Karin tak adlandırdığı yerin olduğunu müəyyən etmək mümkündür.
Sənədlər toplusunun II cildinin 2-ci kitabında yer alan 346 saylı sənəd - erməni dilində yazılmasına baxmayaraq kifayət qədər türk sözləri ilə zəngin olan 15 noyabr 1726-cı il tarixli Avan yüzbaşı və Ohan yüzbaşı tərəfindən imzalanan məktub diqqəti cəlb edir. Məktubda məliklər Osmanlı qüvvələrinə qarşı rus komandanlığından kömək istəyirlər. Burada Qarabağın xristian məlik və kovxalarına rəhbərlik edən Avan və Ohan yüzbaşıların Osmanlı sərəsgərinin qüvvələrini Bərdədə qarşılayıb, məğlub edərək onu Şuşaya gətirdikləri haqqında məlumat verilir. Burada da söhbət Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa qala-şəhərinin yerləşdiyi ərazidən deyil, Şuşakənd yaxınlığındakı Daşaltı istehkamından gedir (Arməno-russkie otnoşeniə v pervoy treti XVIII veka. (Sb. dokumentov. Pod redaküiey Aşota İoannisəna), t.II, ç.II, Erevan, 1967, c.186-187).
Məntiqlə düşünsək, Şuşa qalasının köhnə qalıqları olsa idi, Pənahəli xan burada yeni bir qala şəhər salmaz, onu bərpa etdirərdi. Şuşanın əsasının Azərbaycan xalqının görkəmli sərkərdəsi və dövlət xadimi Pənahəli xan Cavanşir tərəfindən qoyulmasını inkar etməkdə ermənilərin məqsədi Azərbaycana qarşı ərazi iddialarına, Qarabağın qədim erməni torpağı olması haqqında uydurulan tarixə haqq qazandırmaqdan başqa bir şey deyildir.
Şuşakəndin etnik tarixinin saxtalaşdırılması: Şuşa şəhərinin öz adının qədim Şuşakənddən aldığını yazan erməni müəllifləri həm də dövrün sənədlərini saxtalaşdıraraq bu kənddə ermənilərin yaşadığını iddia edirlər. Tamara Minasyan yazır ki, Matenadaranda (Mesrop Maştos adına Ermənistan Qədim Əlyazmalar İnstitutu) 8211 sayı ilə saxlanılan bir sənəddə 1428-ci ildə Qarabağda Amaras kilsəsində xidmət edən yepiskop Manuel tərəfindən hazırlanmış bir İncildən bəhs olunur. Sənəddə deyilir: "Müqəddəs İncil itiuclu qələmlə ruhani bir insanın Ter Manuelin əli ilə 1428-ci (erməni ilində) Ağuan (Alban) ölkəsinin Amaras əyalətində Şuşu adlanan yerdə Müqəddəs Məryəmimizin himayəsi ilə yazıldı" (Minasyan T. Arsax yazı mərkəzləri. Albom-etüd. Yerevan, 2015, s.47). Daha sonra müəllif yazır: "Əlimizdə XVI əsrə aid Şuşu kəndinin adı keçən başqa bir əlyazma da var. 1575-ci ildə keşiş Hovhannes Müqəddəs Stepanos kilsəsində, Postanhankda Vərəndə əyalətində, mənim Şuşu adlanan kəndimdə təsvirli İncil nümunəsi hazırladı" (Minasyan, 2015, s.47).
Hər iki sənəddə Şuşa adlanan kəndin sakinlərinin etnik kimliyi haqqında məlumat verilmədiyini görürük. Hətta 1428-ci il tarixli sənəddə kəndin Alban ölkəsinə, Vərəndə əyalətinə məxsus olduğunun açıq-aşkar qeyd olunmasına baxmayaraq, erməni müəllifləri bu kəndin məhz ermənilərə məxsus olduğunu iddia edirlər. Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz və buna oxşar digər sənədlərin hamısında oxşar hadisə erməni müəllifləri tərəfindən müxtəlif cür izah edilir. (Bakur. Şuşa qala şəhəri. 1920-ci ilə qədərki tarixi. İrəvan, 2000, s.11-12).
Bununla da erməni müəllifləri və onların havadarları XV-XVI əsrlərdə Qarabağda yerli erməni məskənlərinin olduğunu iddia edirlər.
XVI əsrin II yarısında baş vermiş Səfəvi-Osmanlı müharibələri nəticəsində Qarabağ bölgəsi dəfələrlə bu və ya digər tərəfin idarəçiliyində qalmışdır. Gəncə-Qarabag bəylərbəyliyini idarə edən Osmanlı məmurları tərəfindən 1593-1595-ci illərdə aparılan siyahıyaalmanın nəticəsində tərtib edilən dəftərin məlumatı çox mühümdür.
Bu siyahıyaalmanın nəticəsi olan 1593-cü il Gəncə Tapu Təhrir dəftərində Şaşa kəndinin adı iki dəfə qeyd olunmuşdur. Vərəndə nahiyəsinə tabe olan Şuşuqovaq kəndi "Karye-i Şuşukavak" (Elif Kuş. 699 Numaralı Gence Vilayeti Tapu Tahrir Defteri H.1001(1593). Yüksek Lisans Tezi. Sakarya Üniversitesi, Sosyal Bilimler Enstitüsü, 2003, s.39-40) şəklində qeyd olunaraq, əldə edilən gəliri 18000 axça olan müsəlman kəndi kimi Osmanlı məmuru möhtərəm çavuş Əhmədin ziyamətinə daxil olduğu vurğulanır (Elif Kuş, 2003, s.234).
Bütün bu faktlar bir daha erməni tarixçilərinin Şuşa şəhəri, Şuşa qalası, Şuşakənd haqqında saxta məlumatlarını təkzib edir və onların irəli sürdüyü iddiaların heç bir elmi əsası olmadığını sübut edir. 
Erməni müəlliflərinin Şuşa qalasının salınması ilə bağlı tarixboyu irəli sürdüyü fərziyyələr, Şuşakəndin etnik tarixinin, Şuşa adının etimoloji mənşəyinin saxtalaşdırılması kimi əsassız iddiaları heç bir elmi əsasa söykənmir. 
Şuşa bu gün Azərbaycanın ideoloji siyasət mərkəzlərindən birinə çevrilmişdir. Bu baxımdan Şuşanın bir simvol, bir rəmz olaraq Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin həyatında rolu danılmazdır.

Güntəkin NƏCƏFLİ,
tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət mükafatı laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video