05 Iyul 2022 00:37
600
SİYASƏT
A- A+

Şuşadan dünyaya sülh və əməkdaşlıq çağırışı

 

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Azərbaycanın Zəfərinə Qarabağda şahidlik etdi

 

"...Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib".

Prezident İlham Əliyev bu fikirləri ötən həftə Bakının uğurla evsahibliyi etdiyi daha bir beynəlxalq tədbirdə - Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr edilən Bakı konfransında bəyan etdi. İlham Əliyev ona da əmin olduğunu bildirdi ki, parlament şəbəkəsi təkcə ölkələr arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

  40-dan çox ölkənin parlamenti və 9 beynəlxalq parlament təşkilatı təmsil olunan Bakı konfransı Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisi oldu. Konfrans iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər etmələri isə hərəkatın daim sülh və barışığa tərəfdar olmasının, eyni zamanda Zəfər qalamızın qlobal əməkdaşlıq platformasına çevrilməsinin daha bir təntənəli nümayişi idi.

 

Yüksək etimad, uğurlu nəticə

 

Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına (QH) 2011-ci ildə tamhüquqlu üzv olub. 120 ölkəni birləşdirən QH-yə üzv olduğu ilk gündən etibarən ölkəmiz bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş siyasət həyata keçirir və hərəkatın bütün təşəbbüslərinə çox fəal şəkildə qoşulur. Buna görədir ki, Azərbaycan hərəkata üzv olduğu çox qısa zamanda yürütdüyü xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb.

2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürüb. Yenə də ölkəmizə böyük hörmət və yüksək etimadın nəticəsi olaraq 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilin axırınadək uzadılıb.

Hərəkata sədrlik etdiyi dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib. Xüsusən Prezident İlham Əliyevin təşəbbüsləri ilə QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olunub. 2021-ci ilin dekabrında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransındakı çıxışında Prezident İlham Əliyev onu da söylədi ki, bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsinə və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.

Azərbaycanın QH-yə sədrlik etməsinin uğurlu nəticələrindən biri də Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunmasıdır. Parlament şəbəkəsi QH-nin prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədini daşıyır.

 

Qürur zirvəmizə səfər

 

Qoşulmama Hərəkatının təməl ideyasını sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılması təşkil edir və bu baxımdan QH Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvlərinin iyulun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər etmələri də bir daha bu bəşəri ideyalara sadiqliyi bariz şəkildə sübut etdi.

Şuşa şəhərinə səfərdə Özbəkistan, Qırğızıstan, Malayziya, Liviya, Benin, Bəhreyn, Car, Cibuti, Ekvador, Kamboca, Qambiya, Mozambik, Namibiya, Nepal, Uqanda, Venesuela, Yəmən və Suriya parlament nümayəndə heyətlərinin rəhbərləri, onları müşayiət edən şəxslər, habelə İslam Əməkdaşlıq Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.

Yeri gəlmişkən, vurğulayaq ki, Azərbaycan xalqı haqq və ədalət uğrunda çıxdığı Vətən müharibəsini qələbə ilə başa çatdırdıqdan sonra işğaldan azad etdiyi tarixi torpaqlarında yenidən həyatın canlanmasını təmin etmək üçün böyük quruculuq, bərpa işlərinə başlayıb. Parlaq Zəfərimizin üzərindən ötən qısa zamanda 30 ildir ki, erməni vəhşiliyi ilə üz-üzə qalan yurdlarımız artıq dirçəlməyə başlayıb. Qarabağda, Şərqi Zəngəzurda anbaan baş verən bu əzəmətli dəyişikliyi bütün dünya da yaxından izləyir. Artıq bu xoş bir ənənəyə çevrilib ki, Azərbaycana səfər edən həm xaricdə yaşayan həmvətənlərimiz, həm də beynəlxalq ictimaiyyətin nümayəndələri mütləq azad yurdlarımıza gedir, Zəfər yolu ilə qələbə rəmzimiz Şuşaya səfər edirlər.

 

Erməni vandallığından dünya dəhşətə gəlir

 

QH Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri də bu dəyişilməz ənənəyə sadiq qalaraq yollarını Qarabağımızın baş tacından saldılar.

Milli Məclisin spikeri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslərin müşayiət etdiyi qonaqlar səfər çərçivəsində Qarabağın "Hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanında oldular və Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş bu hava limanının texniki imkanları ilə maraqlandılar.

Füzulidən Şuşaya yola düşən səfər iştirakçıları yolboyu Ermənistanın işğalı dövründə dağıdılmış və viran qoyulmuş kəndləri, yaşayış evlərini öz gözləri ilə gördülər, işğal dövründə Azərbaycanın şəhər və qəsəbələrinin, məktəblərin, mədəniyyət evlərinin və abidələrinin, kitabxanaların işğalçı qüvvələr tərəfindən necə viran edildiyi, xaraba qoyulduğu barədə məlumatlandırıldılar.

Şuşanın qədim Qala divarlarını seyr edən qonaqlara şəhər meydanı və orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir bəy Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri  barədə də məlumat verildi. Gəzinti zamanı qonaqlar Şuşa şəhərində ermənilərin tarixi və mədəniyyət abidələrimizə vurduqları ziyanın əyani şahidi oldular.

 

Qurucu Azərbaycan xalqı

 

Əlamətdar tədbirlərin keçirildiyi Cıdır düzündə olan Bakı konfransının iştirakçıları keçilməz sıldırımları aşaraq buraya qalxan və canları, qanları bahasına Şuşanı azad edərək Azərbaycana zəfər qazandıran qəhrəman oğullarımızın şücaətlərindən də xəbərdar oldular.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçıları yolboyu işğaldan azad olunmuş ərazilərdə dövlətimizin apardığı quruculuq və abadlıq işlərinə də şahidlik etdilər. Şuşada parlament nümayəndə heyətlərinə Qala divarları, şəhərin tarixi, işğal dövründəki vəziyyəti və bu gün aparılan quruculuq və abadlıq işləri barədə geniş məlumat verildi.

Şəhərdəki tarixi abidələrin və məscidlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə bərpa olunduğu bildirildi.

Ölkəmizə gələrək Qarabağa səfər edən dünya ictimaiyyətinin digər nümayəndələri kimi, QH Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri də Şuşada olarkən bir daha işğalçı ermənilərin vandallıqlarını, eləcə də Azərbaycan xalqının və dövlətinin işğaldan azad etdiyi tarixi torpaqlarında qısa müddət ərzində gördüyü böyük işlərin fonunda onun gücünü və əzmini gördülər.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video