16 Avqust 2022 00:49
527
Mədəniyyət
A- A+

"Şuşa-Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir

 

"Şuşa ili" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa-Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından yazıçı-publisist, tərcüməçi, tədqiqatçı, naşir, redaktor, diplomat, ictimai-siyasi xadim, istiqlal mücahidi Ceyhun Hacıbəyliyə həsr olunub.
Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il fevral ayının 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada ikisinifli rus-tatar məktəbində alıb, daha sonra isə təhsilini Bakıda real məktəbində davam etdirib. İlk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. 1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində dərs deyib.
1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedib. Əvvəl Sorbonna Universitetində, sonra isə Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirib.
Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "İzvestiya" (Kaspidə), "İttihad" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.
1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edib. AXC işğal edildikdən sonra isə mühacirətdə fəaliyyət göstərib.
Ceyhun bəy Fransada yaşayarkən bir sıra mətbu orqanlarla əməkdaşlıq edib, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" jurnalının redaktoru olub.
Vəfatından üç gün əvvəl 1962-ci il oktyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayıb. Həmin məktubda o, Azərbaycanın İstiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayıb.
Ceyhun Hacıbəyli 1962-ci il oktyabrın 22-də Parisdə dünyasını dəyişib.
* * *
"Şuşa ili" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində təqdimatlardan biri Şəmsi Bədəl oğlu Bədəlbəyliyə həsr olunub.
AZƏRTAC xəbər verir ki, təqdimatda Xalq artistinin həyat və yaradıcılığı haqında məlumat verilir.
Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Şuşada ziyalı ailəsində doğulub. Orta məktəbi qurtarandan sonra o, 1923-cü ildən 1927-ci ilə qədər Bakı Pedaqoji Texnikumunda təhsil alıb. Tələbə vaxtı həvəskar aktyor kimi tamaşalarda oynayıb. 1927-ci ildə Şəmsi Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinfinə daxil olub. Tələbə ola-ola Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq, burada dramaturq C. Cabbarlı, aktyor-rejissor İ.Hidayətzadə, rejissor-pedaqoq A.Tuqanovla dostluqları başlayıb. Onun sənət qabiliyyətini nəzərə alaraq Xalq Maarif Komissarlığı onu 1933-cü ildə Moskvaya təhsil və təcrübə keçməyə göndərir. Təhsilini başa vurub Bakıya qayıdan Şəmsi Bədəlbəyli Akademik Milli Dram Teatrının rejissor heyətinə işə götürülüb və 1941-ci ilə qədər bu kollektivdə çalışıb.
1941-1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana müxbir kimi göndərilir. 1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər, 1949-1956-cı illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışıb.
Onun ömrünün sonuna kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət edirlər və o, burada "Koroğlu" operasını tamaşaya qoyur. Keçmiş sovet məkanında Şəmsi Bədəlbəyli həqiqətən çox məşhur idi.
Görkəmli rejissor, musiqili teatr sənətimizin inkişafında, onun tərəqqi yolunda göstərdiyi böyük xidmətlərə görə 1943-cü ildə Azərbaycan Əməkdar artisti və 1964-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
1987-ci il mayın 23-də vəfat edən bu tarixi şəxsiyyət İkinci fəxri xiyabanda dəfn olunub.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video