09 Yanvar 2022 00:51
1787
SİYASƏT
A- A+

“Şuşa ili” uğur vəd edir

 

İlham Əliyevin postböhran dövrü üçün müəyyənləşdirdiyi inkişaf strategiyası möhkəm təməl üzərində qurulub

 

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etməkdən, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaqdan, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir.

Elə bu səbəbdən də dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, eyni zamanda hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.

Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Sosial-iqtisadi sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların effektivliyini, yüksək praktiki nəticələr verdiyini göstərir.

 

İqtisadi qüdrətin nümayişi

 

Böyük uğurlarla yadda qalan daha bir ili arxada qoyduq. 2021-ci il ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrlə yadda qaldı. İlham Əliyevin postmüharibə dövrü üçün hazırladığı inkişaf strategiyasına uyğun olaraq çox vacib addımlar atıldı, real nəticələr əldə edildi.

Xüsusən də qlobal pandemiya ilə mübarizənin getdiyi dövrdə Azərbaycan bir daha dünyaya iqtisadi qüdrətini nümayiş etdirdi. Həm işğaldan azad edilən ərazilərimizdə aparılan tikinti-quruculuq, yenidənqurma işləri, həm də regional inkişaf proqramlarının icrası bir daha dünyaya göstərdi ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətdir.

Ötən il koronavirus pandemiyasının yeni ştamlarının dünya iqtisadiyyatına mənfi təsir göstərdiyi halda Azərbaycan iqtisadiyyatında artım qeydə alındı. Çünki milli iqtisadi inkişafın qarşısında duran strateji çağırışlara cavab vermək və postmüharibə dövründə ölkənin inkişaf prioritetlərini özündə əks etdirən strategiyanı formalaşdırmaq məqsədilə tədbirlər icra edildi. Bunun nəticəsində ölkə iqtisadiyyatı 11 ayda 5,3 faiz, qeyri-neft iqtisadiyyatı 6,4 faiz, sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev qeyd etmişdi ki, bütün işlərə nail olmaq üçün iqtisadiyyat uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda icra edilən işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün deyil.

Dövlət başçısı vurğuladı ki, görülmüş işlər nəticəsində demək olar postböhran dövrünə qədəm qoymuşuq. Ötən ilin 11 ayında Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb və ticarət əlaqələrinin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcu ÜDM-nin cəmi 17 faizini təşkil edir.

 

Düzgün strategiyanın bəhrəsi

 

Təbii ki, bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma Azərbaycan üçün bu, təbiidir. Çünki xalq görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir. Eyni zamanda iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir.

Ötən il təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib. Dövlət məhz bu əlavələrdən yararlanaraq geniş sosial paket tədbirlərini həyata keçirir. Yanvarın 1-dən artan maaşlar, pensiyalar, təqaüdlər məhz bunun hesabına reallaşır. İki milyon yüz min insanı əhatə edən sosial paketin ümumi həcmi 1,5 milyard manatdır.

Bütün bu proseslərlə yanaşı, Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli yenidənqurma işlərini həyata keçirir ki, tezliklə Böyük qayıdış planı icra olunsun. Prezidentin işğaldan azad edilmiş şəhər və rayonlara bir ildə 32 səfər etməsi orada görülən işlərin miqyasını, sürətini təsəvvür etməyə imkan verir. Tezliklə işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən qaynayacaq. Məcburi köçkünlərimiz öz doğma el-obalarında əvvəlki firavan həyatlarını yaşamağa başlayacaqlar.

Bu iki iqtisadi rayonun hərtərəfli inkişafı Azərbaycan iqtisadiyyatına böyük təsir göstərəcək. Zəngəzur  dəhlizinin açılması isə ölkəmizə böyük iqtisadi dividendlər gətirəcək. Bütün bunlara əsasən deyə bilərik ki, qarşıda Azərbaycanı daha möhtəşəm gələcək gözləyir. İlham Əliyevin inkişaf konsepsiyası ölkəmizin qüdrətini getdikcə artırır.

Prezident yenicə qədəm qoyduğumuz 2022-ci ili “Şuşa ili” elan edib. Görülən işlər, reallaşdırılan layihələr, iqtisadiyyata yatırılan investisiyalar onu deməyə əsas verir ki, “Şuşa ili” bizim ölkəmiz üçün uğurlu olacaq. İlham Əliyev də xalqa müraciətində inamla, əminliklə vurğulamışdır ki, 2022-ci il Azərbaycan üçün düşərli olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı təmin edəcək: “Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Bir sözlə, 2021-ci il ölkəmizdə geniş islahatlar, quruculuq və abadlıq, iqtisadiyyatda artım ili kimi yadda qaldısa, Prezidentin müəyyənləşdirdiyi inkişafın yeni yol xəritəsi  “Şuşa ili”ndə də həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə tərəqqi və yüksəlişə real zəmin yaradacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video