06 Yanvar 2022 00:18
6199
SİYASƏT
A- A+

“Şuşa ili” başladı

 

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

Qalib Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili “Şuşa ili” elan etdi. Yanvarın 5-də isə Prezident bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Şuşa ili” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırıldı.

 

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”

 

Bu tarixi xəbər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən minnətdarlıq və məmnunluqla qarşılandı. Səbəbi isə bəllidir. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır.

İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi.

28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə Xilaskar İlham Əliyev Şuşanı belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Prezidentin imzaladığı sərəncamda qeyd edilir ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Bu gün isə Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Bugünkü Şuşanın yenidən qurulması isə İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

 

Zəruri ehtiyac, sosial sifariş

 

Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. 44 günlük Vətən müharibəsindən sonra, postmüharibə ili olan 2021-ci ilin ardınca 2022-ci ilin “Şuşa ili” elan edilməsi İlham Əliyevin bir daha müdrikliyinin nəticəsidir.

Belə bir qərar böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir. İşğaldan azad edilən torpaqlarımızın minalardan tam təmizlənməməsinə baxmayaraq, keçən il Şuşada müxtəlif əhəmiyyətli tədbirlər keçirilməsi həm də dünyada erməni uydurmasının ifşasına yönəlmişdi.

Şəhərin 270 illik yubileyi münasibəti ilə keçiriləcək təbliğati işlər isə dünyaya səs salacaq və Şuşanın kimə məxsus olduğu aydınlaşacaq. Bununla da erməni diasporunun illərlə Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqda dünyada apardığı təbliğat iflasa uğrayacaq. Məhz bu səbəbdən də 2022-ci ilin “Şuşa ili” elan edilməsi qərarını sosial sifariş kimi qəbul etmək olar. Təkcə hərbi-siyasi yolla deyil, həm də mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görəcək. Keçiriləcək tədbirlərlə 270 il öncə inşa edilən Şuşa qalası şəhər mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyada tanınacaq, erməni yalanı və revanşistləri bir daha ifşa ediləcək.

Keçiriləcək toplantılar, forumlar, konfranslar dünya ictimaiyyətinə bir daha çatdıracaq ki, Şuşa Azərbaycan xalqı tərəfindən əsası qoyulan məskəndir. Şuşa  Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Əbəs yerə Rusiya və dünya ictimaiyyəti tərəfindən “Şərqin konservatoriyası” adlandırılmayıb.

İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi möhtəşəm hadisəyə çevrildi və ölkənin şanlı tarixinin qızıl salnaməsinə yazılacaq. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacaq. Bu il parlaq və təntənəli tədbirlərlə - festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhərə tez-tez səfərlər təşkil olunacaq, o cümlədən xarici qonaqlar üçün. Şuşa öz əzəmətini qaytaracaq və bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələri izləyəcək.

Bərpa işlərindən sonra təbiəti və memarlığı ilə göz oxşayan şəhər həm də turizm mərkəzinə çevriləcək. Şuşada dalğalanan bayrağımız Rusiya sülhməramlılarının nəzarətində olduğu Xankəndidə yaşayan ermənilərə gözdağı verəcək. Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərinin minarələrindən səslənən azan səsi Şuşanı azadlığına qovuşduran şəhidlərimizin ölməz ruhunu şad edəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video