16 Yanvar 2022 00:06
740
DÜNYA
A- A+

Suriyalı cəllad Almaniyada ömürlük həbs cəzasına məhkum edildi

 

Almaniyanın Koblents şəhər məhkəməsi Suriya xüsusi xidmət orqanlarının keçmiş zabitini əfv hüququ olmamaqla ömürlük həbs cəzasına məhkum edib. O, insanlığa qarşı cinayətlərdə - Suriya müxalifəti nümayəndələrinin və onların ailə üzvlərinin kütləvi qətllərində və işgəncələr verilməsində təqsirli bilinib.

 

Onun əmri ilə azı 4 min adama işgəncə verilərək öldürülüb

 

Məhkum 58 yaşlı Ənvər Raslandır. Prokurorluğun mülahizəsinə görə, 2011-ci ildə Suriyanı hökumət əleyhinə etiraz dalğası bürüyəndə, o, kəşfiyyat idarəsinin polkovniki olub və xalq arasında “Yer üzündə cəhənnəm” adı ilə tanınan, paytaxt Dəməşqin “Al Xatib” həbsxanasında məhbusların işgəncələrinə rəhbərlik edib. “Ərəb baharı”nın ilk iki ilində onun əmri ilə azı 4 min adam zorlanıb, onlara işgəncə verilib və öldürülüblər.

Raslanla birlikdə müttəhimlər kürsüsündə onun tabeliyində olan 43 yaşlı İyad A. yer tutub. Onun barəsində hökm sonra çıxarılacaq. Ötən il bu proses çərçivəsində Almaniya məhkəməsi müxalifətçilərin həbsində əli olan Eyad-əl-Qəribi 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə qarşısında cavab verən bu adamlar Almaniyaya qaçqın kimi gəliblər və siyasi sığınacaq istəyiblər. Onlar 2018-2019-cu illərdə həbs olunublar.

Almaniya qanunlarına görə, hərbi cinayətlər, soyqırımı və insanlığa  qarşı cinayətlər universal yurisdiksiyaya düşür və hətta ölkədən kənarda törədildikdə belə, Almaniya məhkəməsi tərəfindən araşdırıla bilər.

Keçmiş məhbuslar olan prosesdə iştirak etmiş “Al Xatib” həbsxanasının keçmiş məhbusları, habelə Ənvər Raslanın qurbanlarının yaxınları ömürlük azadlıqdan məhrumetmə cəzası hökmünü alqışlayıblar.

 

Məsuliyyətdən qaça bilmədi

 

Ənvər Raslanı 2019-cu ildə həbs ediblər. Həmin zaman o, artıq Almaniyada qaçqın statusu almışdı.

O, Suriyada dövlət qulluğunda olduğunu etiraf etsə də, ünvanına irəli sürülən ittihamları rədd edir. Raslanın dediyinə görə, əksinə, o, öz nüfuzundan istifadə edərək bir çox məhbuslara kömək etməyə çalışıb.

Onun üzərində proses bir sıra səbəblərdən indiyədək görünməmiş hesab olunur. Birincisi, bu proses bir müttəhimin özəl işinin çərçivəsindən kənara çıxır və bütöv bir dövlətin öz xalqına qarşı genişmiqyaslı cinayətlərinin mənzərəsini əks etdirir. Bundan başqa, müttəhim özü həmin rejimdən qaçıb və o, xidmətə görə məhkum edilib.

Və nəhayət, Almaniyada leqal status aldıqdan sonra Ənvər Raslan gizlənə bilərdi, lakin keçmiş həmvətənləri tərəfindən dolayı əlamətləri ilə tanındı...

Ümumilikdə 2014-cü ildən Almaniyaya Suriyadan 800 minə yaxın qaçqın gəlib. Onların arasında rejimin həbsxanalar və işgəncələr keçmiş qurbanları, həmçinin həlak olmuş insanların qohumları var. Ənvər Raslanın işində 24 iddiaçı çıxış edib. Digər 50 suriyalı məhkəmədə ona qarşı ifadə verib.

Konstitusiya hüquqları və insan hüquqlarının müdafiəsi üzrə Avropa Mərkəzinin məlumatına görə, Suriyada qarşıdurma dövründə rejimin yüz minlərlə əleyhdarı qəddar işgəncələrə məruz qalıb, on minlərlə insan işgəncələrdən dünyasını dəyişib.

 

Dəhşətli həbsxana hekayətləri - “Sezarın faylları”

 

Suriya ordusunun “Sezar” təxəllüsü ilə tanınan keçmiş hərbçisi yerli həbsxanalarda qeyri-insani qəddarlığın səhnələri çəkilmiş on minlərlə fotoşəkili 2013-cü ildə Almaniyaya aparıb. Koblentsdəki məhkəmə Suriya həbsxanalarında tətbiq olunan işgəncələr və zorakılıqlar barədə çoxlu sübut dinləyib.

Daimi döyülmələrlə yanaşı, həbs olunanlara buzlu su və elektrik cərəyanı ilə işgəncələr verilib, onları saatlarla ayaqları tavana bağlanmış, başıaşağı vəziyyətdə saxlayıblar. Bir çoxları təcavüzlər haqqında danışıblar. “Al Xatib” həbsxanası kimi xüsusi qəddarlıqla tanınan təcridxanalarda məhbusların dırnaqları qoparılıb.

Keçmiş məhbuslardan biri BBC telekanalının Koblentsdəki prosesi işıqlandıran müxbiri Cenny Hillə bildirib ki, həbsxanada işgəncələrə məruz qalanların qışqırıqları bir dəqiqə də susmurdu.

Digərinin dediyinə görə, ona xüsusi alətlərdən istifadə etməklə işgəncələr tətbiq olunub. O, təfərrüata varmayıb, amma bildirib ki, həbsxana işçiləri bu işlə məşğul olmağı xoşlayırdılar. Hazırda hüquqşünaslar Almaniya ərazisində olan Suriya güc strukturlarının  bir sıra keçmiş əməkdaşlarına qarşı iddialar hazırlayırlar.

Suriya Prezidenti Bəşşar Əsəd prosesi izlədiyini bildirib. O və onun hökuməti zorakılıq, işgəncələr və adam oğurluğu ilə bağlı ittihamları rədd edirlər.

Koblentsdə gedən proses zamanı prokurorlar həm də “Sezarın faylları” adlandırılan sənədlərə əsaslanırlar. 2013-cü ildə Suriya ordusunu tərk edərək ölkədən qaçan və hökumət həbsxanalarında qətlə yetirilmis minlərlə insanın təsvir olunduğu on minlərlə fotoşəkili Almaniyaya aparan şəxs bu təxəllüs altında gizlənir.

Şəkillərə əsasən, həlak olan suriyalıların əksəriyyəti ölümqabağı dəhşətli işgəncələrə məruz qalıb.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video