14 Iyun 2022 01:00
752
İDMAN
A- A+

Sürət, həyəcan, möhtəşəm Azərbaycan Qran-prisi

 

Bakı daha bir mötəbər idman bayramına yüksək səviyyədə evsahibliyi etdi

 

İyunun 10-12-də Bakı planetin bir nömrəli avtomobil yarışına 6-cı dəfə evsahibliyi etdi. "Formula-1" dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı.

Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 60-dan çox ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.

"Formula-1" üzrə dünya çempionatı 1950-ci ildən keçirilir. Artıq 72 ildir ki, bu yarış böyük infrastruktura malik olan ölkələrdə təşkil edilir. Bu cür tədbirlərin şəhərin küçələrində keçirilməsi təcrübəsi mövcuddur və belə yarışlar Monako, İspaniya, Sinqapur kimi ölkələrdə baş tutur. Hər il təşkil olunan "Formula-1" yarışları ayrıca Qran-pri mərhələsindən ibarət olur və ilin sonunda həm pilotlar, həm də komandalar arasından qaliblər müəyyən edilir.

Cari mövsümün Azərbaycan Qran-prisində "Mercedes" komandasının heyətində Luis Hamilton və Corc Rassel, "Ferrari" komandasında Karlos Sayns və Çarls Lekler, "Williams"ın heyətində Aleksander Albon və Nikolas Latifi yarışıblar. "Red Bull Racing" komandasında Serxio Peres, Maks Ferstappen, "Alpha Tauri"də Pyer Qasli və Yuki Tsunoda, "Alpine"da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, "Alfa Romeo"nun heyətində Valtteri Bottas və Cou Quanju, "McLaren"də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Kevin Maqnussen "Haas", Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyublar.

İki saata yaxın davam edən yürüşdə bütün rəqiblərini geridə qoyan "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappen (1:34:05.941) "Formula-1" Azərbaycan Qran-prisinin qalibi olub. Onun komanda yoldaşı meksikalı Serxio Peres yarışı (+20.823s) ikinci sırada başa vurub. "Mersedes" komandasının britaniyalı pilotları Corc Rassel (+45.995s) üçüncü, Luis Hamilton (+71.679s) dördüncü olublar. İlk beşliyi "Alphatauri" komandasının fransalı sürücüsü Pyer Qasli (+77.299s) tamamlayıb. Beşlikdə qərarlaşan pilotlar aktivlərinə müvafiq olaraq, 25, 19, 15, 12 və 10 xal yazdırıblar.

Bununla da niderlandlı pilot Maks Ferstappen "Formula-1" Azərbaycan Qran-prisində birinci olmaqla cari mövsümdə beşinci qələbəsini qazanıb. Bakıdakı uğur niderlandlı pilotun karyerasında 25-ci qələbədir. Ümumilikdə 152 yürüşdə gücünü sınayan M.Ferstappen ilk qələbəsini 2016-cı ildə İspaniya Qran-prisində qazanmışdır.

Maraqlı idman mübarizəsi şəraitində keçən Qran-pridə 5 sürücü - Karlos Sayns, Şarl Lekler (hər ikisi "Ferrari"), Cou Quanyu ("Alfa Romeo"), Kevin Maqnussen ("Haas") və Lans Strol ("Aston Martin") bolidlərdə yaranan texniki nasazlıq nəticəsində mübarizəni erkən dayandırıblar.

 "Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində Bakıda "Formula-2" yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. İyunun 10-da keçirilmiş sərbəst yürüş "Hitech Grand Prix" komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb. İlk üçlüyü "Carlin" komandasının üzvü Liam Louson və "Hitech Grand Prix" komandasının pilotu Markus Armstronq tamamlayıblar.

Həmin gün keçirilmiş sıralama yürüşündə "Hitech Grand Prix" komandasının estoniyalı pilotu Yuri Vips qalib adını qazanıb. "Carlin" komandasının üzvü Liam Louson ikinci, "Prema Racing"in pilotu Dennis Hauqer üçüncü yeri tutublar. İyunun 11-də keçirilmiş "Formula-2" üzrə sprint yürüşündə "ART Grand Prix" komandasının pilotu Frederik Vesti birinci, "Prema Racing"dən Cehan Daruvala ikinci, "Carlin" komandasının sürücüsü Liam Louson isə üçüncü olublar.

İyunun 12-də isə "Formula-2" üzrə 29 dövrədən ibarət əsas 29 "Prema Racing" komandasının pilotu Dennis Haugerin qələbəsi ilə başa çatıb. "Carlin" komandasının pilotu Logan Sargeant ikinci, "MP Motorsport"un sürücüsü Felipe Druqoviç üçüncü yeri tutublar.

Beləliklə, qarşıya qoyulmuş vəzifə - idman tədbirinin tələb olunan səviyyədə təşkili və onun iştirakçılarının ədalətli mübarizə aparması üçün lazımi şəraitin yaradılması uğurla icra olundu. Bakı Şəhər Halqası əməliyyat şirkəti əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində idman tədbirini ən yüksək səviyyədə təşkil etdi, "Formula-1" komandalarının və  yarışı televiziya ilə izləyən yüz milyonlarla motoidman azarkeşinin rəğbətini qazandı. Mübaliğəyə varmadan demək olar ki, Azərbaycanda Qran-prinin təşkili təqdirəlayiq idi.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video