02 Oktyabr 2022 01:17
359
İQTİSADİYYAT
A- A+

Suqovuşan-Tərtər yolu Qarabağın yeni yollar şəbəkəsinin müjdəçisi oldu

 

...Müzəffər Azərbaycan Ordusu şərəfli missiyasının öhdəsindən layiqincə gələrək işğal altında olan şəhərlərimizi və kəndlərimizi bir-birinin ardınca yağı tapdağından azad edirdi. İndi bu yerlərdə erməni faşizminin təzahürləri əyani görünürdü. Erməni vandalları yaşayış məntəqələrimizdəki binaları uçurmuş, mədəni və tarixi abidələrimizi, məscidlərimizi, əcdadlarımızın, əzizlərimizin qəbirlərini dağıtmışdılar. Təbii resurslarımızı daşıyıb aparmış, oğurluq, talançılıq etmişdilər. Düşmənin bərbad hala saldığı infrastrukturlardan biri də Suqovuşan-Tərtər avtomobil yolu idi.
Bu yolun bərpasına hələ müharibənin başlanmasından bir həftə keçməmiş start verildi. Bəli, qələbəyə inamımız belə böyük idi! Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə deyirdi: "Tezliklə o yerlərə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq". Elə bu inam və qətiyyətlə də dövlət başçısı hələ döyüşlərin davam etdiyi günlərdə artıq işğaldan qurtulmuş yerlərdə bərpa və quruculuğa start verdi. Prezidentin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən oktyabrın 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlandı.
Bu, ümumi uzunluğu 29 kilometr olan avtomobil yolları ikinci texniki dərəcəyə uyğun olaraq bərpa edilirdi. İki geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr idi. Yollar uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı.
İşlərin gedişində AAYDA xəbər verirdi ki, tikinti zamanı yollar boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və yeni yol əsası inşa edilib: "Tikinti işləri inşaat norma və qaydalarının tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 kilometr, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 8 kilometrlik hissələri üzrə yeni yol yatağının və yol əsasının inşası işləri başa çatdığı üçün növbəti mərhələ üzrə asfaltlanma işlərinə başlanılıb. Yeni asfalt-beton örtüyünün döşənəcəyi sahə 250 min kvadratmetrdən çoxdur".
Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. 2020-ci ilin payızında işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görüldü. Ərazi minalardan təmizləndikdən sonra yolun təmir-bərpası qısa müddətdə ikinc texniki dərəcəyə uyğun yenidən qurularaq istismara verildi. 
Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Tapqaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılırdı. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət nəzərdə tutulurdu.
2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi. Qeyd olundu ki, yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. 
Həmin vaxt Suqovuşan-Xan arxının 37 kilometrlik betonlama işinin layihəsi də artıq hazırlanmışdı. Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilmişdi. Bu da fermerlərə növbəli əkini təmin etməyə imkan yaratmışdı. Fermerlər artıq iki mərhələdə işləmək imkanı əldə etmişdilər.
Elə həmin gün Prezidentimiz Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu.
Suqovuşan-Tərtər yolunun bərpası işğaldan azad edilən ərazilərimizə doğru uzanan yeni yollar şəbəkəsinin müjdəçisi oldu. "Bütün yollar Qarabağa aparır..." artıq nikbin və inamlı bir devizə çevrilmişdi!

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video