Sumqayıtın şəhər statusu almasının 75 ili tamam oldu. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən geniş tədbirlər planı hazırlanıb və yubiley çərçivəsində şəhərdə bir sıra tədbirlər həyata keçirilir.
Ulu Öndər Heydər Əliyevin inkişaf yoluna çıxardığı şəhər
Sumqayıt gündən-günə inkişaf edir və gözəlləşir. Azərbaycanın böyük şəhərləri sırasında öyünməyə haqqı var. Gecələri nağıl şəhəri xatırladır. Möhtəşəm gecə görüntüləri işıqlı şəhəri daha da parlaq edir.
Şəhərin əsas küçə və prospektləri, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar müasir işıqlandırma sistemləri ilə təchiz olunub, dekorativ elementlərlə bəzədilib. Rahat yaşamaq üçün bütün infrastruktura malik olan Sumqayıtın inkişafı, genişlənməsi, sıxlıqdan əziyyət çəkən paytaxt Bakının da yükünü azaldır. Bu gün Sumqayıta əhali axını artan templə davam edir. 2003-cü ildə 327 min nəfərin yaşadığı Sumqayıtın indi 427 min nəfərdən artıq əhalisi var. Bu artımın özü şəhərin iqtisadi və sosial inkişafının sübutudur.
1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıt qısa dövr ərzində sürətlə inkişaf edərək, Azərbaycanın ən müasir və ən gözəl şəhərlərindən biri oldu, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrildi. İri müəssisələrin, infrastrukturun yaradılması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrinin inkişafına güclü təkan verdi. Sumqayıt təkcə Azərbaycanın deyil, SSRİ-nin iqtisadiyyatında böyük paya sahib idi. Müstəqillik illərində Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsində Sumqayıtın verdiyi töhfələr ölçüyəgəlməzdir.
Cənubi Qafqazın sənaye mərkəzi olan Sumqayıtın tarixi böyük deyil. XX əsrin 30-cu illərindən başlayaraq Sumqayıt ərazisində Sintetik Kauçuk, Boruyayma və Kimya zavodlarının bünövrəsi qoyuldu. 1945-ci ildə Kimya zavodu, 1952-ci ildə isə Boruyayma zavodu ilk məhsullarını istehsal etdi. 1955-ci ildə Alüminium zavodu işə düşdü. 1960-cı illərdə Polimer Tikinti Materialları Kombinatı, Superfosfat zavodu istehsala başladı.
Sumqayıt şəhərinin inkişafında qeydə alınan sürətli sıçrayış ötən əsrin 70-ci illərinə təsadüf edir. Ulu Öndər Heydər Əliyev epoxası kimi qəbul edilən 1969-cu ildən sonrakı dövrdə Azərbaycanda bütün sahələrdə oyanış, tərəqqi müşahidə edildi. Heydər Əliyev sovet dövründə Azərbaycanı aqrar ölkədən sənaye respublikası səviyyəsinə yüksəltdi. 1969-cu ildən Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Sumqayıtda sənaye müəssisələrinin genişlənməsinə, sayının artırılmasına, istehsal gücünün çoxaldılmasına hər zaman diqqət yetirdi. Sumqayıtın potensialını olduqca böyük qiymətləndirən Ulu Öndər Azərbaycanın sənaye respublikasına çevrilməsi üçün əlindən gələni etdi. Əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə 1970-ci illərdə Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı. Yüksək texnologiya əsasında hazırlanan dənəvər superfosfat gübrəsi istehsalı üçün Superfosfat zavodu inşa edildi. 1970-73-cü illərdə "Üzvi sintez" zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı. 1974-cü ildə Sintetik Kauçuk zavodunda yüksək markalı kauçuk istehsal edən sex yenidən quruldu. Kompressorlar zavodu, Üst trikotaj və Xovlu İplik fabrikləri, Süd və Yeyinti məhsulları kombinatları məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə yaradıldı.
Ulu Öndər 1974-cü ildə Sumqayıtın 25 illiyində şəhərə gələrək ictimaiyyət nümayəndələri ilə görüşdü, yubiley tədbirində çıxış etdi. Ulu Öndər Heydər Əliyev kimyaçıların əməyinə böyük qiymət verirdi.
Sumqayıtda Almaniya və Çexoslovakiya istehsalı olan EP-300 qurğusunun inşası Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərdə istehsal edilən məhsullar keçmiş ittifaqın 700 şəhərinə ixrac olunurdu. 1970-ci illərdə istehsalat müəssisələri ilə yanaşı, Sumqayıtda çoxlu sayda yaşayış binaları, qonaq evləri tikildi. Sumqayıtda hər il 80 min kv.m. mənzil sahəsi tikilib istifadəyə verilirdi. 40-dan artıq ümumtəhsil məktəbi, uşaq tərbiyə müəssisələri, saysız-hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi altında tikilmişdi. O dövrdə Sumqayıt həm iqtisadi inkişaf proseslərində, həm də siyasi oyanışda lokomotiv rolunu oynayırdı.
Ulu Öndərin dövlətçilik ideyalarına sadiq olan sumqayıtlılar Azərbaycanın müasir inkişaf tarixində dərin izlər qoyublar.
Müstəqilliyimizin ilk illərində ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Sumqayıtda da işsizlik, bütün sahələrdə tənəzzül baş verdi. Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından Sumqayıtdakı sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyəti dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Sumqayıtın sənaye müəssisələrinin bərpası istiqamətində addımlar atıldı.
Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra ölkədaxili ilk səfərini məhz Sumqayıta etmişdi. 1993-cü il dekabrın 18-də reallaşan həmin səfər zamanı Ulu Öndər şəhərimizdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etdi, Tarix muzeyində oldu, Şəhidlər Xiyabanı Kompleksinə baş çəkdi, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini verdi.
Cənubi Qafqazın sənaye mərkəzi
Bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Qarabağda əldə etdiyimiz tarixi Zəfər bizə imkan verir ki, bütün sahələrdə dinamik inkişafa nail olaq, iqtisadiyyatımızı daha da yüksəldək.
Sumqayıtın inkişafına xüsusi həssaslıqla yanaşan cənab Prezident şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin fəaliyyətilə daim yaxından maraqlanır, Sumqayıtda sənayenin inkişafı ilə bağlı qərarlar verir. Sumqayıtda fəaliyyət göstərən kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri hazırda var gücləri ilə fəaliyyət göstərirlər. "Azgüntex" zavodu, "Sağlam qida" Aqrar-Sənaye Kompleksi, "Azərsun Holdinq"in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan" Tekstil Parkı, Mis Emalı zavodu, "Alyans Tekstil" MMC-nin uniformalar istehsalı fabriki, "Azkontakt" MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, "Texnoil" MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye Parkındakı İnşaat Kimyəviləri Zavodu, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan Metallar və Ferroərintilər zavodu, pestisid və aqro-kimyəvi məhsulları, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, "Azərtexnolayn" MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Azərbaycan iqtisadiyyatında böyük paya sahibdirlər. Sumqayıtdakı "SOCAR Karbamid" və "SOCAR Polymer" zavodları respublikamızın ixrac potensialını artırır.
Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə Cənubi Qafqazda ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. 583,5 hektar ərazidə yerləşən parkda 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 3,4 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 35 faizi ixrac olunub. 9 min nəfərə yaxın vətəndaşın daimi işlə təmin olunduğu parkda istehsal olunan məhsullar 60-a yaxın ölkəyə ixrac olunur.
2024-cü ilin ilk doqquz ayında Sumqayıt şəhərində iqtisadiyyatın müxtəlif sahələrində nəzərəçarpacaq inkişaf müşahidə olunub. Bu dövr ərzində ümumi məhsul və xidmətlərin həcmi 3 milyard 547 milyon 371,8 min manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artım deməkdir. İqtisadiyyatda istehsal sektorunun ümumi məhsul buraxılışında xüsusi çəkisi 84,8 faiz, xidmət sektorunun payı isə 15,2 faiz təşkil edib.
Sənaye sahəsindəki göstəricilərdə də artım müşahidə olunur. Faktiki qiymətlərlə sənaye məhsulu və xidmətlərin ümumi dəyəri 2 milyard 849 milyon 209 min manat olub və sabit qiymətlərlə 106,8 faiz səviyyəsində artım qeydə alınıb. Bu nəticələr Sumqayıtın sənaye potensialının gücləndiyini və iqtisadiyyatında yeni dəyərlərin yarandığını göstərir.
Sumqayıt ekoloji baxımdan ən təmiz şəhərlərdən biridir
Sumqayıtın ekologiyası daim insanları narahat edib. Sənaye müəssisələri ilə zəngin olan bir şəhərin ekoloji problemlərinin olması və bunun narahatlıq yaratmasından təbii heç nə ola bilməz. Amma aparılan məqsədyönlü fəaliyyət nəticəsində bu gün Sumqayıt şəhərinin ekologiyası arzuolunan səviyyəyə çatıb.
Mübaliğəsiz demək olar ki, bu gün Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biridir. Yeni sənaye müəssisələrinin müasir texnologiyalar əsasında fəaliyyət göstərməsi, ekoloji nəzarətin gücləndirilməsi öz nəticəsini verib. Cənab Prezident İlham Əliyev 2020-ci il aprel ayının 24-də Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında çıxış edərək bildirdi ki, Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir: "Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək ilk növbədə insanların sağlamlığını nəzərə almışıq".
Cənab Prezident İlham Əliyevin göstərişi ilə 2016-cı ildə şəhərdə 5,2 km uzunluğunda 146 ha sahəsi olan bulvarın salınması ilə Ulu Öndər Heydər Əliyevin arzusu gerçəkləşdi.
2016-cı il sentyabrın 27-də Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev yeni yaradılmış bulvar barədə demişdi: "Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq".
Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş qəhrəman övladlarımızın xatirəsinə hər zaman böyük ehtiram və qayğı göstərilib. 1992-ci ildə salınan Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Yenidən qurulan Şəhidlər xiyabanında "Qalib Əsgər" abidəsi ucaldılıb, "Zəfər tağı" abidəsi yaradılıb. Yüzlərlə şəhid verən Sumqayıt həm də qəhrəmanlar şəhəridir. Sumqayıt şəhid və qazi ailələrinin sosial təminatında da fərqlənir.
Sumqayıtda hələ sovet dövründə təhsilə xüsusi önəm verilib. Hazırda Sumqayıtdakı orta məktəbləri bitirən şagirdlər qəbul imtahanlarında ən yüksək nəticələr göstərirlər.
Son illər Sumqayıtda Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni müasir tipli məktəblər inşa olunub. Təsadüfi deyil ki, Sumqayıtı ziyalılar şəhəri də adlandırırlar. Şəhərdə 1 universitet, 3 kollec, 4 peşə məktəbi fəaliyyət göstərir.
Sumqayıt şəhərinin və 2 qəsəbənin içməli su ilə təminatı Şollar-Bakı Su Təchizatı və Ceyranbatan Sutəmizləyici Qurğuları hesabına həyata keçirilir. Ümumilikdə 100 kilometrdən çox içməli su və kanalizasiya xətləri çəkilmiş, Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilmiş, Xəzər dənizinə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilmiş, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib istifadəyə verilmişdir. "Acı dərə" kanalının şəhər ərazisindən keçən 7,3 kilometr hissəsi qapalı sistemə keçirilmiş, kanal boyu bataqlıqlar təmizlənmişdir. Hazırda "Acı dərə" kanalının 3 mərhələ üzrə tam yenidən qurulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması davam etdirilir.
Sumqayıt gündən-günə böyüyür, bunun nəticəsində yeni yaşayış massivləri yaranır. Bu yaşayış massivlərinin şəhər qəsəbələri tipində müasir tələblərə uyğun yenidən qurulacağına inanırıq. Çünki Sumqayıt qurub-yaradan şəhərdir.
Mehriban VƏLİYEVA,
Milli Məclisin deputatı