17 Dekabr 2021 15:25
1147
SİYASƏT
A- A+

Soçi nailiyyəti Brüsseldə davam etdi

 

İlham Əliyevin küncə sıxışdırdığı Ermənistanın öhdəliklərini yerinə yetirməkdən başqa yolu qalmayıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 14-də Brüsseldə keçirilən birgə görüşü bir daha respublikamızın öz milli maraq və mənafelərini qətiyyətlə təmin etdiyini göstərdi. Bu görüşün gündəliyinə çıxarılan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyətidir.

 

Proseslər Azərbaycanın mənafelərinə cavab verir

 

Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan ötən ilin noyabrında və bu ilin yanvarında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib, gərəkən bütün addımları atıb. O cümlədən ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq üçün rəsmi Bakı Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.

Amma ötən dövrdə Ermənistan tərəfindən Azərbaycanın konstruktiv təkliflərinə müsbət münasibət göstərilməyib. Rəsmi İrəvandan ara-sıra razılaşmaların yerinə yetirilməsi ilə bağlı fikirlər eşidilsə də, ortaya konkret fəaliyyətlə bağlı nümunə qoyulmayıb. Lakin Azərbaycan Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edir. Bu baxımdan hələ ötən ayın sonlarında keçirilən Soçi görüşü göstərmişdi ki, Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü hüquqi öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur.

Belə ki, noyabr ayında Soçidə imzalanmış yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Brüssel görüşü isə bir daha proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyini təsdiqlədi.

 

Ermənistan ərazisindən dəmir yolunun çəkilməsi ilə bağlı öhdəliyini təsdiq edib

 

Konstruktiv mühitdə keçən Brüssel görüşündə münasibətlərin normallaşdırılmasına və kommunikasiyaların açılmasına dair önəmli məsələlər müzakirə olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Dövlət sərhədinin delimitasiyasına gəldikdə isə, buna görə hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Prezident İlham Əliyev həmin gün Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bununla bağlı deyib: “İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik. Beləliklə, bu, baş verəcək. Yeri gəlmişkən, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb”.

 

Avropa İttifaqı  Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür

 

Aİ Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticəsinə dair bəyanatı da Azərbaycanın maraqlarını ehtiva edir. Bəyanatda Aİ Şurasının prezidenti tərəfindən Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir.

Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Şarl Mişelin bəyanatında həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.

Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.

Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.

Bəyanatda səslənən bütün fikirlər Aİ-nın təşəbbüsü ilə keçirilmiş Brüssel görüşündə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir. Bu bəyanat Ermənistan tərəfini bir daha kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edir və bu ölkədə revanşist meyillərin baş qaldırma ehtimalının heç bir perspektivi olmadığını təsdiqləyir.

Aİ Şurasının prezidenti bəyanatda “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə etməyib. O cümlədən Minsk qrupunun da adı çəkilməyib. Bu da bir daha təsdiq edir ki, status məsələsi tarixin arxivinə gömülüb və Avropa İttifaqı da Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür.

Beləliklə, Soçidəki qələbə Brüsseldə də təmin olundu. Bir daha təsdiq edildi ki, Prezident İlham Əliyevin bütün danışıqlarda diplomatik küncə sıxışdırdığı Ermənistanın öhdəliklərini yerinə yetirməkdən başqa yolu qalmayıb.

 

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video