27 Noyabr 2021 15:21
791
SİYASƏT
A- A+

Soçi görüşü və imzalanmış Bəyanat Qafqaz regionunun gələcək inkişafı baxımından böyük ümidlər yaradır

 

İkinci Qarabağ müharibəsinin sonu kimi qəbul edilən və 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanan üçtərəfli Bəyanat münaqişə tərəfləri arasında Qarabağda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını, Ermənistanın işğal etdiyi ərazilərin ölkəmizə qaytarılmasını, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, humanitar məqsədli bir sıra tədbirlərin həyata keçirilməsini, ümumilikdə isə xalqlar arasında etimad mühitinin yaradılmasını, gələcəkdə bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsini nəzərdə tutub.

İkinci Qarabağ müharibəsindən dərhal sonra məlum oldu ki, Ermənistan özünün kapitulyasiya sənədi kimi qəbul etdiyi 10 noyabr Bəyanatının bir sıra müddəalarını yerinə yetirsə də, sənəddə əksini tapan bütün bəndlərin icrasında maraqlı deyil.

Ermənistandan fərqli olaraq, Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də Azərbaycanın milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirdi. Azərbaycan tərəfi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə dəfələrlə bəyan etdi ki, nəinki üçtərəfli Bəyanatda əksini tapmış müddəaların yerinə yetirilməsi, eləcə də Ermənistanın işğal altında olmuş torpaqlarımızda minaladığı ərazilərin xəritələrinin Azərbaycana verilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin iki dövlət arasında yekun sülh sənədinin imzalanması bölgədə dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün zəruri şərtlərdəndir.

Müharibədən sonrakı bir il ərzində Ermənistanda səsləndirilən revanşist fikirlər, hərbi-siyasi rəhbərliyin bəzən destruktiv və anlaşılmaz ritorikası, Azərbaycanın humanitar təşəbbüslərinə qarşı qeyri-adekvat reaksiya, eləcə də gah qarşı tərəfin ATƏT-in Minski qrupunun fəaliyyətini bərpa etmək və beləliklə də Qafqazda müəyyən məqsədlər güdən dövlətlərin marağını təmin etmək cəhdləri, gah da bölgəyə üçüncü qüvvələrin cəlbi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasından kənarda, dövlət sərhədində törətdiyi təxribatlar qarşı tərəf üçün istədiyi nəticəni vermədi.

Bu il noyabrın 15-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədi boyunca Kəlbəcər, Gədəbəy, Tovuz rayonlarının ayrı-ayrı yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv atəşə tutması, sonra isə dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməsi və bununla qısamüddətli üstünlüyə nail olmaq istəyən erməni hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımdan tam iflasa uğradıldı, rəsmi Yerevanın təxribat törətmək cəhdi növbəti dəfə uğursuzluqla nəticələndi.

Azərbaycan–Ermənistan dövlət sərhədində baş verən hərbi eskalasiya bölgədə marağı olan dövlətləri və beynəlxalq təşkilatları hər nə qədər narahat etsə də, son hadisələr bir daha sübuta yetirdi ki, regionda yeni münaqişənin başlamaması üçün qəti siyasi mövqeyə, səylərin birləşdirilməsinə və ardıcıl fəaliyyətə ciddi ehtiyac var.

Bu baxımdan noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşü bölgədə postmünaqişə dövründə dövlətlər arasında münasibətlərin qurulması baxımından müsbət amil hesab etmək olar.

Dövlət başçılarının Bəyanat imzalaması və mətbuata bəyanatla çıxış etmələri görüşün tərəflər üçün münbit şəraitdə keçdiyini təsdiqləyir.

Soçi görüşü və imzalanmış üçtərəfli Bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətin və ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Xüsusən də Bəyanatda təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının bu istiqamətdə qarşıya qoyduğu məqsədlərinə tam uyğundur.

Görüşün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu ilin sonunadək Brüsseldə keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan görüşündən əvvəl keçirilməsi isə bir daha göstərdi ki, Rusiya dünyanın ən böyük, Qafqazın isə ən qüdrətli dövləti olaraq regionda baş verən bütün proseslərdə maraqlıdır.

Soçi görüşü həm də onu göstərdi ki, 44 günlük müharibədə Müzəffər Azərbaycan Ordusu tərəfindən hərbi potensialı məhv edilən Ermənistan müharibədən ötən dövrdə özünün diplomatik potensialının da tükəndiyini dərk edib. Bununla belə, Soçi görüşünün noyabrın 9-da baş tutmaması üçün müxtəlif bəhanələr səsləndirən, hələ də digər dövlətlərdən işğalçılıq maraqlarını davam etdirmək, yaxud ölkəsində revanşizmi inkişaf etdirmək üçün siyasi vədlər alan, əvəzində isə regionu ayrı-ayrı siyasi qüvvələrin ziddiyyət və toqquşma obyektinə çevirmək istəyən Ermənistanın siyasi rəhbərliyi hər nə qədər cəhd göstərsə də, Rusiyanın vasitəçiliyi ilə bu görüşün noyabrın 26-da keçirilməsindən imtina edə bilmədi.

Bu görüş və hər üç ölkənin siyasi rəhbərliyi tərəfindən imzalanmış Bəyanat Qafqaz regionunun gələcək inkişafı baxımından böyük ümidlər yaradır. Bu, yalnız münaqişə tərəfi olmuş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün deyil, ümumilikdə Qafqaz regionunun beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi baxımından böyük perspektivlər vəd edir.

Həm imzalanmış üçtərəfli Bəyanatda əksini tapan müddəalar, həm də hər üç ölkənin siyasi rəhbərliyinin mətbuata bəyanatla çıxışında səsləndirilən müsbət fikirlər regionun inkişafı naminə səylərin birləşdirilməsini və birgə fəaliyyəti ehtiva edir. Əslində, Soçi Bəyanatı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının yerinə yetirilməsini nəzərdə tutur. Soçi Bəyanatının əhəmiyyəti ondan ibarətdir ki, tərəflər əvvəlki iki sənədin bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və ardıcıl riayət edilməsində maraqlı olduqlarını təsdiqləyirlər. Tərəflər, həmçinin həmin bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəliblər. Əgər Ermənistanın siyasi rəhbərliyi müdrik, qətiyyətli və ardıcıl mövqeyə sahib olsaydı, İkinci Qarabağ müharibəsindən ötən bir il ərzində daha da irəli getmək, bütün fikir ayrılıqlarını siyasi dialoq vasitəsilə aradan qaldırmaq, nəticəyönümlü fəaliyyət qurmaq baxımından bir çox işlər görülə bilərdi. Belə tədbirlərə Azərbaycan tərəfindən humanitar tədbirlərin həyata keçirilməsi, nəqliyyat və iqtisadi əlaqələrin bərpası, tərəflər arasında etimad mühitinin yaradılması, sülhə töhfə verilməsi kimi mühüm fəaliyyət istiqamətləri daxildir.

Görünən odur ki, Azərbaycan bütün məsələlərin həllində qətiyyətli və ardıcıl mövqeyə sahib olsa da, bunu Ermənistanın siyasi rəhbərliyi üçün söyləmək hələlik çox tezdir. Soçi görüşünə bəslənən ümidlərin özünü doğruldub-doğrultmaması, bölgə üçün hadisələrin müsbət istiqamətdə gedib-getməməsi isə yaxın günlərdə Ermənistanın Azərbaycan tərəfinin etdiyi sülh çağırışlarına adekvat cavabından və bu istiqamətdə həyata keçirəcəyi konkret tədbirlərdən asılı olacaq.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video