21 Dekabr 2021 21:59
1034
Təhsil
A- A+

SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaradılmasının 10-cu ildönümü qeyd olunub

 

Dekabrın 21-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyi münasibətilə təhsil müəssisəsinin kampusunda təntənəli yubiley tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il mayın 1-də kampusun açılışında BANM haqqında söylədiyi fikirləri əks etdirən və “BANM - 10 il” adlı videoçarxlar nümayiş olunub.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib ki, Azərbaycanda müasir tədris proqramları və təlim texnologiyaları əsasında mühəndis kadrlar yetişdirən ali məktəbimizin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda, transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil edirlər. BANM ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş innovativ təhsil müəssisəsi olaraq inkişaf edib, ölkəmizin ali təhsil müəssisələrinin reytinq cədvəlində liderliyə yüksəlib, orta qəbul balı üzrə respublika birincisidir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev tələbələrə müraciətlə deyib: “Bu gün bu təntənəli yubiley mərasimində əminliklə deyə bilərik ki, Bakı Ali Neft Məktəbi artıq öz sahəsində ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl ali təhsil müəssisəsi kimi tanınır. Heç şübhə etmirəm ki, şirkətimizin, şanlı neft sənayemizin gələcək liderlərindən bir çoxu sizin aranızdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında SOCAR-ın lokal bir neft şirkətindən transmilli enerji şirkətinə çevrilməsinə nail olmuşuq. İndi sizin qarşınızda daha geniş üfüqlər açılıb. İnanıram ki, siz təhsildə qazandığınız uğurları gələcək istehsalat fəaliyyətinizdə də davam etdirəcək, Azərbaycan neftçilərinin bugünkü nəslindən daha da irəli gedəcək, daha böyük nailiyyətlərə imza atacaqsınız”.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 2021-ci il 20 dekabr tarixli əmri ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov SOCAR-ın “Fəxri neftçi” döş nişanı, həmin kafedranın professoru Fuad Vəliyev və dosenti Xanum Cəfərova SOCAR-ın Fəxri fərmanı ilə təltif ediliblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı Ali Neft Məktəbinə fəaliyyətində uğurlar arzulayaraq, ali təhsil müəssisəsinin 10 illik müddətdə böyük nailiyyət əldə etdiyini, rəhbərlik etdiyi nazirlik ilə uğurlu əməkdaşlıq aparıldığını bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov BANM-in fəaliyyətini yüksək qiymətləndirib, rəhbərlik etdiyi nazirliyin BANM ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Ali Neft Məktəbini müasir tələblərə cavab verən ali təhsil ocağı kimi qiymətləndirib, təhsil müəssisəsində ölkənin gələcəyi üçün önəmli ixtisaslarda təhsil verildiyini və məktəbin fəaliyyətinin qürurverici olduğunu qeyd edib.

BANM-in məzunlarından ali məktəbdə Keyfiyyətin təminatı şöbəsinin rəisi vəzifəsində çalışan, “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Güldənə Hidayətli və SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihəsində çalışan Rafael Abdullayev tələbəlik xatirələrini bölüşüblər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə SOCAR-ın Bakı Ali Neft Məktəbinin 10 illik yubileyi ilə əlaqədar müraciət oxunub.

Azərbaycanın tam ingilisdilli yeganə texniki ali məktəbi olan SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışı 2017-ci il may ayının 1-də Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. BANM hələ ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb. Hazırda BANM-də neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və biznesin idarə edilməsi (MBA) ixtisaslarında magistratura pilləsi üzrə qəbul həyata keçirilir. Ali məktəbdə doktorantura pilləsi və neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil həyata keçirilir. SOCAR-ın Bakı Ali Neft Məktəbinə orta qəbul balı 650 və daha yuxarıdır. Bu da Azərbaycanda ən yüksək göstəricidir. 2021-2022-ci tədris ilində ölkə üzrə Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən 33-ü BANM-in tələbəsidir. Hazırda ali məktəbdə təhsil alan Prezident təqaüdçülərinin sayı 205 nəfərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video