02 Dekabr 2022 01:19
329
SİYASƏT
A- A+

Siyasi riyakarlıq

 

Milli Məclis Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni qəti şəkildə rədd edir

 

"Fransa Senatının 2022-ci il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan məkrli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamələr bu ölkənin qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk".
Bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı 2022-ci il 1 dekabr tarixli açıqlamasında yer alıb. 
Milli Məclisin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, açıqlamada həmçinin qeyd edilib: "Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.
Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir.
Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşdur. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir. 
Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin anneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktdır. Fransa siyasətçiləri unutmamalıdırlar ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.
Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmişdir. Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmişdir.  
Bununla əlaqədar olaraq Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı".

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video