15 May 2022 01:51
753
Mədəniyyət
A- A+

Sevincin, kədərin, arzuların musiqi dili

 

Kamança 5 il əvvəl UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb

 

Usta barmaqlar tellərinə toxunduqca pərvaz edən həzin, incə musiqi sədaları pünhan duyğulara sığal çəkir, könüllərlə həmsöhbət olur. Sanki keçmişlə gələcək, tarixlə müasirlik onun səsində qovuşur. Beləcə, əsrlərdir ki, bu musiqi aləti hisslərin tərcümanına çevrilib. Kamança sevinci, kədəri, arzuları, ümidləri musiqi dilində anladır.

İstər xalq, istərsə də bəstəkarların musiqi əsərlərinin ifasında kamançadan müşayiətçi alət kimi geniş istifadə edilir. Azərbaycan muğam dəstgahlarına da kamança səsi bir başqa çalar, ahəng verir. Odur ki, kamança tar və qaval alətləri ilə birlikdə muğam üçlüyünə daxildir.

Sanki kamança musiqi ilə sirli, əsrarəngiz bir dillə danışır. Bəlkə də buna görə haqqında rəvayətlər yaranıb. Dillərdə dolaşan bir əfsanəyə görə, bir zamanlar göylər padşahı qartal parçaladığı ceyranın bağırsaqlarını caynağına keçirib ağacın başına atıb. Bağırsaq budaqlara ilişib qalaraq Günəş istisində quruyub tarıma çəkilib. Küləyin şiddəti ilə budaqlar ona toxunanda ətrafa ecazkar səslər yayılıb. Bu səs eşidənlərin ruhunu oxşayıb. Ancaq bir gün küləyin dayanması ilə musiqi də kəsilib. İnsanlar o qeyri-adi səs üçün darıxıblar. Kamança musiqi alətini yaradıblar.

Bu əfsanədə həqiqətə bənzərlik görən mütəxəssislər vurğulayıblar ki, doğrudan da, tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanıb.

Tədqiqatçılar bu musiqi alətinin adının "yay" mənasını verən fars mənşəli kaman sözündən, eləcə də Azərbaycan dilinə məxsus əzizləmə, kiçiltmə bildirən "ça" şəkilçisindən əmələ gəldiyini qeyd edirlər. Mütəxəssislər bu fikirdədirlər ki, alət farslara türklərdən keçib. "Kamança" adı Azərbaycanda, İranda, Qafqazda geniş yayılıb. Misirdə ona "kamanqa", Orta Asiyada "qişek" deyilib. Kökü eyni olsa da, bu alətlər hazırlanmasında istifadə edilən material, quruluş və simlərin sayına görə müxtəlifdir.

Müxtəlif dövrlər Azərbaycanda istifadə edilən kamançalar üçsimli, dördsimli və beşsimli olub. Araşdırıcılar bildirirlər ki, XVIII-XIX əsrlərədək istifadəsini asanlaşdırmaq üçün edilən kiçik dəyişikliklər istisna olmaqla, kamança ciddi rekonstruksiya edilməyib. Azərbaycanda xanəndəlik sənətinin inkişafı, muğam dəstgahlarının texniki imkanlarının genişlənməsi zərurətindən irəli gələrək kamança alətində yalnız XVIII-XIX əsrlərdə ciddi dəyişiklik olunub. Belə ki, simlərinin, aşıqlarının sayı azaldılıb. İndi ifaçılar dördsimli kamançadan istifadə edirlər.

 

Azərbaycanın özü kimi qədim musiqi aləti

 

Dahi Üzeyir bəy Hacıbəyli bu musiqi aləti barədə düşüncələrini belə ifadə edib: "Uzun səsli, telli musiqi alətlərinin yeganə nümayəndəsi kamançadır. Kamançada çalınan musiqi səscə daha mükəmməl və insanın səsinə daha yaxındır, kamança melodik alətlərdən ən  gözəlidir".

Kamança Azərbaycanın ən qədim musiqi alətlərindən biridir. Ehtimal edilir ki, bir və ikisimli kamançalar uzaq keçmişimizdə yaylı qopuzdan formalaşıb.

XI əsrin sonu, XII əsrin I yarısında yaşayıb yaradan Azərbaycan şairi Məhsəti Gəncəvi cəng, rübab, eləcə də kamança ifaçısı kimi tanınıb. Bu musiqi aləti Orta əsr klassik ədiblərinin əsərlərində geniş əksini tapıb. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilib. Əbdülqadir Marağayi əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamança haqqında da ətraflı məlumat verib.

Tarixi mənbələrdən məlumdur ki, Osmanlı sultanı Yavuz Səlim Çaldıran döyüşündə Səfəvi hökmdarı Şah İsmayıl Xətaiyə qalib gəldikdən sonra Anadoluya Təbrizdən aparılan sənətkar ailələri arasında kamança ifaçıları Şahqulu və oğlu Heydərqulu da olub.

Tarixçilər onu da yazıblar ki, adı İsgəndər Münşinin "Tarix-i aləmara-yi Abbasi" əsərində qeyd olunan Mirzə Məhəmməd Kamançayi II Şah İsmayılın xüsusi kamança ifaçısı idi. İfa etdikləri musiqi alətlərinin adı ilə məşhurlaşan Mirzə Məhəmməd Kamançayi, Ustad Məsum Kamançayi kimi sənətkarların yaradıcılıq yolları onlardan sonra davamçısız qalmayıb. Azərbaycanda kamança ifaçılığının yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayıb. Sonrakı illərdə Mirzə Səttar, Habil Əliyev, Tələt Bakıxanov, Fəxrəddin Dadaşov və başqaları özünəməxsus ifaları ilə bu sənəti daha da inkişaf etdiriblər. Bu gün də Azərbaycanda istedadlı gənc kamançaçılar az deyil.

 

Ermənilər kamançanı da adlarına çıxarmaq istəyirdilər

 

Ölkəmizin UNESCO ilə əməkdaşlığının inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə kamança hazırlanması və ifaçılıq sənəti UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu qərar 2017-ci il 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında verilib. Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. UNESCO-nun qiymətləndirici orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 7-də elan edilib.

Azərbaycanın zəngin mədəni irs nümunələrini öz adlarına çıxarmaq üçün canfəşanlıq edən ermənilər müzakirələr zamanı kamançaya da sahib çıxmağa çalışıb, cəfəng iddialar irəli sürüblər. Amma kamançanın Azərbaycanın deyil, Ermənistanın qədim müsiqi aləti olması ilə bağlı yalanlarına bu dəfə də kimsəni inandıra bilməyiblər. Ermənilərin təxribatının qarşısı alınıb. Onlardan fərqli olaraq, bizim nümayəndələr yenə də faktlara əsaslanıb, dəlillər irəli sürərək kamançanın Azərbaycana məxsusluğunu nəzərə çatdırıblar. Ümumiyyətlə, ermənilərin kamança ifaçılığını azərbaycanlılardan öyrənmələri çox uzaq tarix deyil və hər kəsə bəllidir.

Azərbaycanın qədim musiqi alətlərindən biri kimi kamança ifaçılığının zəngin tarixi var. Bu alətdə əsrlərdir ki, Azərbaycan xalq musiqisi, muğamları səsləndirilir. Kamança ifaçılıq sənətimizdə mühüm yer tutur.  Elə UNESCO-nun təşkil etdiyi tədbirlərdə, konsertlərdə dəfələrlə Azərbaycan musiqiçiləri kamançada ifa etdikləri əsərlərlə dinləyiciləri heyran ediblər.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video