01 Oktyabr 2022 17:46
254
SİYASƏT
A- A+

Səttar Möhbalıyev: Azərbaycan dövlətçiliyinin təməlində Ulu Öndərin zəngin siyasi irsi dayanır

 

Dünya tarixində Azərbaycanın yeri həm də onun xalqının yetirdiyi şəxsiyyətlərin rolu ilə böyükdür. Tariximizdə dərin iz qoymuş həmin şəxsiyyətlər xalqın taleyüklü məsələlərini öz üzərinə götürüb, əhəmiyyətli strateji qərarlar qəbul edərək onu üzləşdiyi bəlalardan xilas edib, dövlətimizin mövcudluğunu qoruyub saxlayıblar. Belə dahilərdən biri də müstəqil, suveren, demokratik dövlət quran, onu beynəlxalq səviyyəyə yüksəldən, söz sahibi edən, xalqının xoşbəxt həyatını təmin edən Heydər Əliyevdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Daha sonra Ümummilli Liderimizin dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin fundamental əsaslarının yaranmasında və möhkəmlənməsində göstərdiyi xidmətlərdən danışan AHİK sədri fikrini bu cür davam etdirib: “Dahi şəxsiyyət rəhbərlik etdiyi xalqın bütün istəklərini layiqincə, böyük peşəkarlıqla, yoruldum demədən çalışaraq yerinə yetirdi. Eləcə də bir dövlətin güclü, qüdrətli olması üçün ən xırda siyasi detalları belə nəzərə alaraq əlindən gələn hər şeyi etdi. Ən əsası isə Ulu Öndərimiz bütün bu işləri böyük şövqlə, xalqını, dövlətini sevərək edirdi. Bu yolda heç bir təzyiqdən, təxribatdan çəkinməyərək, bütün əngəlləri və maneələri mahir ustalıqla aşaraq böyük hədəflərə doğru şərəfli bir yol aldı. Dönüb 1993-cü ilin Azərbaycanına bir nəzər yetirək: hakimiyyət böhranı, ölkədə xaos və anarxiya, vətəndaş müharibəsi, parçalanma təhlükəsi, sosial-iqtisadi vəziyyətin ağırlığı və xalqın son dərəcə ağır psixoloji durumu. Bir sözlə, dövlətin məhv olması üçün hər şey ortada idi. Yüksək intellektə, parlaq zəkaya, peşəkar idarəçilik keyfiyyətlərinə sahib Heydər Əliyev xalqdan aldığı sarsılmaz dəstəklə xilaskarlıq missiyasını uğurla yekunlaşdırdı. Bu çətin, keşməkeşli, həm də şərəfli missiyanı vicdan və ləyaqətlə icra etməyi bacaran Heydər Əliyev sonsuz dərəcədə sevdiyi xalqının inamını qazanmaqla Ümummilli Lider zirvəsini fəth etdi.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın öz Liderinə heç bir tərəddüd etmədən, şəxsiyyətinə böyük inam və etimadla səs verdiyini xatırladan deputat böyük dövlət xadiminin ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdiyini, güclü iqtisadiyyatı olan, müstəqil xarici siyasətə sahib, demokratik əsaslarla qüdrətli bir dövlət qurduğunu qeyd edib: “Heydər Əliyev ilk gündən demokratiya yolunu tutdu. Vətəndaşların daxili azadlığını, sərbəstliyini, mənəvi ucalığını ali dəyər hesab edirdi. O, bu torpaq, Vətən üçün, xalq üçün doğulmuşdu, Azərbaycanın tərəqqisi, azadlığı, müstəqilliyi naminə usanmadan çalışdı. Məhz bu səbəblərdəndir ki, xalqın öz dahi oğluna sevgisi sonsuz və əbədidir”.

“Bugünkü güclü Azərbaycanın bütün uğurlarının kökündə dahi Heydər Əliyevin uzaqgörənliyi, düşünülmüş, gələcəyə hesablanmış siyasəti dayanır. Ulu Öndərin müzəffər davamçısı Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Bu siyasi kursun layiqli davamı nəticəsində bu gün ölkəmiz bütün sahələr üzrə hərtərəfli inkişaf edərək Cənubi Qafqazın liderinə çevrilib. Fəxrlə deyə bilərik ki, regionda Azərbaycanın təmsil olunmadığı heç bir iqtisadi və siyasi layihənin icrasından danışmaq belə mümkün deyil”,- deyən Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının müstəqil qurum kimi formalaşmasında, möhkəmlənməsində, böyük nüfuz qazanmasında Ulu Öndərin danılmaz xidmətlərinin dayandığını vurğulayaraq Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra həmkarlar ittifaqlarının həyatında yeni dövr başladığını, Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ildə qəbul edilən “Həmkarlar ittifaqları haqqında” Qanunun istər Milli Məclisdə, istərsə də Nazirlər Kabinetində əhalinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı mühüm məsələlərə dair qərarların qəbulunda təşkilatın verdiyi təkliflər əsas yerlərdən birini tutsun imkan verdiyini qeyd edib: “Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı. Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi. Ulu Öndər hər zaman həmkarlar ittifaqlarının fəaliyyətini izləyir, ona dövlət dəstəyi göstərir, qurultaylarına təbrik məktubları göndərir, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir, dəyərli tövsiyələrini verirdi”.

S.Möhbalıyev əlavə edib ki, müdrik və qədirbilən Azərbaycan xalqı ona dövlət yaradan, bu yolda yoruldum demədən mübarizə aparan, mənalı ömrünü xalqına bağışlayan, azərbaycanlı olduğu üçün fəxarət duyan dahi Liderinin əziz xatirəsini daim uca tutur, yad edir: “Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması onun xalq və dövlət qarşısında misilsiz xidmətlərinə verilən ali dəyərin təzahürüdür. Bizim müqəddəs borcumuzdur ki, Heydər Əliyev ideyalarını hər zaman qoruyub saxlayaq, zəngin və qiymətli irsini növbəti nəsillərə ötürək. Bu irs bizim milli sərvətimizdir. Hər bir azərbaycanlının qüruruna, iftixar mənbəyinə çevrilən Heydər Əliyev xalqımızın tarixində və qəlbində daima yaşayacaq. Gələcək nəsillər bu Vətəni, bu dövləti onlara bəxş etmiş, müstəqil, suveren, demokratik, dünya siyasətində yüksək yeri və rolu olan qüdrətli Azərbaycan yaratmış Ulu Öndərini ehtiramla anacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video