04 Oktyabr 2022 01:04
987
SİYASƏT
A- A+

Şərqi Zəngəzurun ilk sənaye parkı 

 

İlham Əliyevin bir il öncə Cəbrayılda təməlini qoyduğu "Araz Vadisi İqtisadi Zonası" işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesinə mühüm töhfə verəcək

 

44 günlük İkinci Qarabağ müharibəsində tarixi zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa və quruculuq işləri getdikcə daha da sürətlənir. Azərbaycan yalnız öz gücünə işğaldan azad edilmiş torpaqlarda müxtəlif sosial-iqtisadi layihələr reallaşdırır. 
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri mühüm hadisələr, yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Azərbaycan Prezidentinin ötən il oktyabrın 4-də Cəbrayılın işğaldan azad edilməsi tarixindən bir il sonra bu rayona səfəri bir sıra mühüm məqamlarla yadda qaldı.
 

Şərqi Zəngəzurun Cənub qapısında yaradılan sənaye parkı

 

Əlamətdar hadisələrdən biri dövlət başçısının Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl ərazisində "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlini qoyması oldu. Bu mühüm addım Prezidentin 4 oktyabr 2021-ci il tarixli "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması haqqında fərmanından irəli gəlirdi. 
Sənəddə də qeyd edildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi əlaqələri genişləndirəcək. Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün yeni texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühüm məsələdir. İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edirdi. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda, Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması sənaye parkının fəaliyyətə başlaması ilə daha da səmərəli olacaq. 
Sənaye parkı 200 hektar ərazini əhatə edir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünüb. Parkda "KAMAZ Azərbaycan Lizinq" MMC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Regional servis mərkəzində "KamAZ" ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Gələcəkdə sənaye parkında logistika və anbar kompleksləri, TİR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyəti nəzərdə tutulur. Sənaye parkının konseptual planı hazırlanıb və növbəti mərhələdə parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.
Sənaye parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 60 nəfərlik mobilizasiya şəhərciyi qurulub. Şəhərcikdə parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları, xidmət obyektləri, tibb məntəqəsi və digər infrastruktur yaradılıb.
Artıq burada 1 sahibkara rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Qeydiyyata alınmış rezident "KAMaz Azərbaycan Lizinq" MMC artıq torpaq və fundament işlərinə başlayıb, parka 6 milyon ABŞ dolları yatırmağı və 65 daimi iş yeri yaratmağı nəzərdə tutur. Qeyri-rezident - "Azpetrol" MMC isə yanacaqdoldurma məntəqəsi tikəcək. Artıq baş plan təqdim olunub, işlər davam edir.
Bu layihələrin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq. 
İşğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib.
Onu da vurğulayaq ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycanın sayca 7-ci sənaye parkıdır. Torpaqlarımız işğaldan azad olunana qədər ölkəmizdə 5 sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları mövcud idi. Şanlı zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamları ilə Qarabağ İqtisadi Rayonunda Ağdam Sənaye Parkı və Şərqi Zənəzurda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. 
Hazırda işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihəyə baxılır və bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək.

 

Sənaye parkı bərpa-quruculuq layihələrinin reallaşmasını sürətləndirəcək

 

Sənaye parkları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında əhəmiyyətli rol oynayır. Sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, "Made in Azerbaijan" brendi ilə bir çox ölkələrə ixrac edilir.
Ölkəmizdəki sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Sənaye zonalarında fəaliyyət göstərən sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən, 7 il müddətinə isə gömrük rüsumundan azad olunurlar.
Əlbəttə ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da işğaldan azad olunan ərazilərimizin sürətli inkişafına təkan verəcək. Həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının resurslarını, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını artıracaq, bərpa-quruculuq layihələrinin reallaşmasını sürətləndirəcək. Atılan bu addımlar dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas tərkib hissəsi kimi əhalinin məşğulluğunun təmin olunmasına da öz müsbət təsirini göstərəcək. 
Göründüyü kimi, bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, investisiyaların və müasir texnologiyaların cəlb olunması kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün əminliklə qeyd edə bilərik ki, dövlət başçısının uğurlu və gələcəyə hesablanmış inkişaf strategiyası nəticəsində Azərbaycan keyfiyyətcə yeni dövrə - modernləşmə mərhələsinə qədəm qoyaraq regionun ən güclü sənaye mərkəzi kimi tanınmaqdadır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video