Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri yaxınlaşdıqca, dairə və məntəqələrdə fəallıq daha da artır. Seçkilərin şəffaf və demokratik keçməsi, eləcə də seçicilərin məntəqələrə gələrək sərbəst şəkildə istədikləri namizədə səs vermələri üçün artıq son tamamlama işləri də görülüb.
Bu baxımdan 103 saylı Şəmkir Kənd Seçki Dairəsi də istisna deyil. Dairə seçki komissiyasının sədri Rafiq Məmmədov dedi ki, sakinlər bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirəcəklər. Son dəqiqləşdirməyə əsasən, dairəni əhatə edən ərazidə fəaliyyət göstərən 48 məntəqə üzrə 53 min 514 seçici qeydə alınıb 5 məntəqədə veb-kamera quraşdırılıb, bir neçə məntəqədə qeydə alınmış əlil seçicilər üçün panduslar quraşdırılıb.
Dairə sədrinin sözlərinə görə, səsvermənin mütəşəkkil keçməsi üçün məntəqə sədrləri və üzvləri maarifləndirici treninqlərdə iştirak etmişlər. Onlara namizədlər üçün seçkiqabağı təşviqat aparmalarına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması, metodiki və əyani vasitələrdən istifadə etməklə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, eləcə də seçki protokollarının doldurulması və digər məsələlərlə bağlı ətraflı məlumatlar verilmişdir.
Onu da bildirək ki, dairədə seçkilərə hazırlıq MSK-nın təqvim planına uyğun aparılmışdır. Seçkilərin şəffaf və azad keçməsi üçün bütün işlər vaxtında görülmüşdür. Daşınan və daşınmayan seçki qutuları, onların möhürləri gətirilmiş, bütün məntəqələr rabitə avadanlığı, internet şəbəkəsi, elektrik generatorları ilə təmin edilmişlər. Seçki siyahılarında dəqiqləşdirmələr aparılmışdır.
Məntəqələrdə müşahidəçilər üçün də lazımi şərait yaradılmışdır. Son məlumata görə, dairə üzrə seçkini izləmək üçün 508 müşahidəçi qeydiyyatdan keçmişdir.
Dairə üzrə bələdiyyə üzvü olmaq üçün 87 yer uğrunda 168 namizəd mübarizə aparacaq. Namizədlərin təbliğat və təşviqat aparmaları üçün ərazidə hər cür şərait yaradılmışdır. Əhalinin sıx olduğu yerlərdə onların şəkilləri vurulmuş, seçkilərə çağırışı əks etdirən plakatlar asılmışdır. Bundan başqa, ilk dəfə səs verəcək gənclərlə, eləcə də yaşı 80-i keçən ahıl seçicilərlə görüşlər keçirilmiş, onlara bu seçkilərdə fəal iştirak etmələrinin vacibliyi bildirilmişdir. Bir sözlə, 103 saylı Şəmkir Kənd Seçki Dairəsində bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülmüşdür ki, bu da seçkilərin mütəşəkkil keçməsinə imkan yaradacaq.
Sabir ƏLİYEV,
"Azərbaycan"