02 Oktyabr 2022 13:20
299
SİYASƏT
A- A+

Səfir Elin Süleymanov CBS kanalının “Dünyanın gözü” radio proqramında sualları cavablandırıb  

 

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov jurnalist Con Batçelorun dəvəti ilə geniş auditoriyaya malik CBS kanalının “Dünyanın gözü” adlı radio proqramının qonağı olub.

AZƏRTAC xəbər verir ki, tanınmış politoloq Brenda Şaferin də iştirak etdiyi proqramda aparıcı Con Baçelor bir neçə dəfə Azərbaycana səfər etməsindən, Ermənistan ilə Azərbaycan arasındakı münaqişədən, məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq istəklərindən danışıb, 44 günlük müharibədən sonra yeni qarşıdurmanın da baş verdiyini bildirib.

Aparıcının fikirlərinə əlavə olaraq, Brenda Şafer Vaşinqtonun ikitərəfli görüşlərə vasitəçilik etdiyini və bu istiqamətdə aktivləşdiyini söyləyib.

Öz növbəsində, səfir Elin Süleymanov Entoni Blinken və Ceyk Sallivan tərəfindən aparılan müzakirələri yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycanın Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, gücdən istifadə edilməməsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülhə yol aça biləcək digər mühüm məsələləri nəzərdə tutan 5 maddədən ibarət təkliflər paketini irəli sürdüyü haqqında ümumi məlumat verib. Səfir Ermənistanın bu təklifləri qəbul etdiyini bəyan etməsinə baxmayaraq, bu istiqamətdə heç bir praktiki addım atmadığını bildirib. Elin Süleymanov deyib ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması qaçınılmazdır, çünki bu saziş hər iki xalqın marağına və geniş miqyasda regionun inkişafına xidmət edəcək.

C.Baçelorun son vəziyyətə səbəb olan təxribatlarla bağlı sualını cavablandıran səfir, sentyabr ayında Ermənistanın Azərbaycan ərazilərində minalanma fəaliyyəti apardığını, bunun böyük təhlükə və aşkar təxribat olduğunu bildirib. Buna baxmayaraq, təqribən 8 saat ərzində atəşkəsin əldə edilməsi, heç bir tərəfin qarşıdurmanın davam etdirilməsində maraqlı olmadığını göstərdiyini vurğulayıb.

Diplomat regionda sülhün bərqərar olacağına əminliyini ifadə edib, son vəziyyəti nəzərə alaraq sülhdən başqa heç bir məntiqi yolun olmadığını söyləyib. E.Süleymanov Azərbaycanın hazırda işğaldan azad edilən ərazilərin iqtisadi inkişafına yönəlmiş genişmiqyaslı fəaliyyət həyata keçirdiyini, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi ilə məşğul olduğunu və heç bir şəkildə yeni qarşıdurmanın yaranmasında maraqlı olmadığını bildirib.

C.Baçelor B.Şafferə son qarşıdurmanın Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində artan roluna qarşı bir cavab olub-olmadığı ilə bağlı sual ünvanlayıb.

B.Şaffer 2020-ci ilin iyul ayında Ermənistanın hücumunun Qarabağ ərazilərində yox, məhz Tovuz rayonu istiqamətində, Cənub Qaz Dəhlizi marşrutu yaxınlığında baş verdiyini vurğulayıb.

E.Süleymanov Böyük Britaniyanın bir çox beynəlxalq məsələlərdə ciddi yanaşma nümayiş etdirdiyini, bu yanaşmanın bəyan edilmiş “Qlobal Britaniya” konsepsiyası ilə üst-üstə düşdüyünü, Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın mövcud olduğunu qeyd edib. Səfir xüsusilə Böyük Britaniyanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində göstərdiyi yardımı yüksək qiymətləndirib, NATO ilə ölkəmizin əlaqələrinin sıx olduğunu, Azərbaycanın güclü və sabit olmasının, regionda rifaha töhfə verməyə davam etməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bunun təmin edilməsi üçün Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqlar aparılmalı, sülh sazişinin əldə edilməsinə kömək göstərilməlidir. Avropa İttifaqı, ABŞ və Rusiyanın da bu istiqamətdə yardım etdiyini söyləyib.

“Ermənistanda siyasi iradənin olması vacibdir”, - deyən səfir qeyd edib ki, bu ölkənin sabiq prezidentlərindən biri son bəyanatında 30 illik işğal siyasətindən sonra müstəqilliyi itirmək astanasına gəldiklərini və erməni xalqının müvafiq qərarlar verərək öz gələcəyini müəyyən etməli olduğunu bildirib. Həmçinin Ermənistanın vəziyyətdən yeganə çıxış yolunun Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasında gördüyünü söyləyib.

C.Baçelor Mərkəzi Asiyanın təhlükəsiz enerji təminatı baxımından önəm qazandığını bildirərək, Şanxay Əməkdaşlıq Təşkilatının son sammiti ilə bağlı səfir Elin Süleymanovun fikirlərini öyrənib.

Aparıcının fikri ilə razılaşan Süleymanov, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən son sammitində Türkiyənin artan çəkisinin və Azərbaycanın əhəmiyyətinin əyani şəkildə göründüyünü, ölkəmizin Rusiya ilə İran arasında və Mərkəzi Asiyanın yaxınlığında yerləşdiyini nəzərə alaraq, regionun və ümumiyyətlə, Avrasiyanın gələcəyində böyük rol oynayacağına əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video