18 May 2022 02:14
1660
SİYASƏT
A- A+

Sarsılmaz birliyin təntənəsi

 

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi tarixindəki ən yüksək zirvəyə yetişib

 

Bir millət, iki dövlət - Azərbaycan-Türkiyə əbədi birliyi, bu gün Yer üzündə tayına, bərabərinə rastlanmayan örnək götürüləsi misilsiz nümunədir. Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, dünya miqyasında ikinci belə ölkələr tapılmaz ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun. Tarixən var olan və möhkəm özüllər üzərində qurulan bu qardaşlıq körpüsü gündən-günə daha da möhkəmlənir.

 

Qardaş köməyi

 

 İstər xoş günlərdə, istərsə də çətin məqamlarda Azərbaycan daim qardaş Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olur. Bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində bütün dünya bir daha şahid oldu. Tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.

O da təsadüfi deyildi ki, Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da fəxri qonaq qismində iştirak etdi, möhtəşəm qələbə qürurumuzu bizimlə birlikdə yaşadı, sevincimizi paylaşdı. 

Türkiyə Prezidenti işğaldan azad olunan ərazilərimizə də səfər edərək barbar ermənilərin o torpaqlarda törətdiyi vəhşiliklərə, tarixi, mədəni, dini irsimizə qarşı nümayiş etdirdiyi vandallığa əyani şahidlik etdi.

Eyni zamanda Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılaraq bu torpaqlarda yalnız quruculuq-bərpa işlərinin aparılacağına, bu yerlərdə yalnız sülh və əmin-amanlıq olacağına dair dosta da, düşmənə də mesaj verdi. Azərbaycanın böyük qayıdışla bağlı həyata keçirdiyi irimiqyaslı işlərə hər zaman köməklik göstərəcəklərini nümayiş etdirdi.

Bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edirlər.

 

Müttəfiqlik zirvəsi

 

2021-ci ilin 15 iyunu Azərbaycan Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Azərbaycan Prezidenti Türkiyə Prezidentini Qarabağda qarşıladı və bütün türk dünyasının qürur ünvanı hesab olunan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı.

Azərbaycanın qurtuluş günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan bu bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı. Bəyannamədə göstərilən müddəalar da onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Bu il fevralın 1-də, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında, fevralın 3-də isə Türkiyə Böyük Millət Məclisində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi iki qardaş xalq arasında olan tarixi həmrəyliyin hər ötən gün daha da gücləndiyinin bariz göstəricisi, eyni zamanda Türkiyə-Azərbaycan müttəfiqliyinin qanun səviyyəsində təsbiti oldu.

 

Atalardan qalan miras

 

Bir neçə gün əvvəl Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident İlham Əliyevin fəxri qonaq kimi iştirak etməsi ölkələrimiz arasındakı qardaşlıq və birlik münasibətlərinin inkişafı istiqamətində mühüm hadisələrdən, uğurlu pillələrdən daha biri oldu. Bu, həm də Azərbaycan-Türkiyə arasında var olan bütün sahələr üzrə - siyasi, iqtisadi, ticari, mədəni və digər əlaqələrin inkişafı ilə yanaşı, ölkələrimizə yeni-yeni uğurlar vəd edən mötəbər tədbir kimi tarixə yazıldı, əbədi birliyimizi göstərdi.

Sözügedən hava limanının açılışında Azərbaycan Prezidentinin vurğuladığı kimi: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi".

İlham Əliyev onu da diqqətə çatdırdı ki, biz dünya miqyasında bir-birinə ən yaxın dövlətlərik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında birgə bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı: "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik".

 

Başımızın üzərində qürurla  dalğalandırılan ay-ulduzlu qoşa bayraqlar

 

Bu gün bir millət, iki dövlət - Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi tarixindəki ən yüksək zirvəyə yetişib. İndi Azərbaycan və Türkiyə bütün beynəlxalq layihələrdə birgə iştirak edir, xoş gündə də, dar gündə də bir-birinin yanında olur, dayağını, dəstəyini göstərir. Bütün çətinliklərə, problemlərə qarşı çiyin-çiyinə mübarizə aparır və birgəliyin verdiyi əzmlə, güclə də hər zaman qalib gəlir. Bir sözlə, Azərbaycan-Türkiyə uğurlu gələcəyə doğru qoşa addımlayır...

Elə iki ölkə arasında yaşanan həmrəyliyin, mənəvi bağlılığın təntənəsi olan bu münasibətlərin əyani təzahürüdür ki, ay-ulduzlu üçrəngli bayrağımız türk qardaşlarımızın, ay-ulduzlu al bayraq isə Azərbaycan xalqının başının üzərində daim qürurla dalğalandırılır...

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video