18 Yanvar 2022 00:09
613
DÜNYA
A- A+

Sakit okeanda vulkan püskürdü

 

Atmosfer təzyiqinin sıçrayışları hətta Yer kürəsinin qarşı tərəfində də qeydə alınıb

 

Sakit okeanda nəhəng sualtı vulkanının püskürməsindən sonra Avstraliyadan Amerika Birləşmiş Ştatlarına qədər -  bölgənin bir çox ölkələrinin hökumətləri sunami təhlükəsi barədə xəbərdarlıqlar yayıb. Dalğalar Yaponiya ərazilərini vurub. Sunami ehtimalı barədə ABŞ sakinləri xəbərdar edilib.

 

8 dəqiqəlik titrəyiş, göy gurultusuna bənzər səslər

 

Qurbanlar və əhəmiyyətli dağıntılar barədə məlumat daxil olmasa da, püskürmə o qədər güclü olub ki, yer səthinin silkələnmələri vulkandan min kilometr məsafədə hiss edilib və onun yaratdığı atmosfer təzyiqinin sıçrayışları hətta Yer kürəsinin qarşı tərəfində də qeydə alınıb.

Püskürmə Hunqa-Tonqa-Hunqa-Haapay vulkanının yaxınlığında yerləşən Tonqa ada dövlətinin sahilinə bir metrdən çox hündürlükdə dalğalar gətirib. Ada sakinlərinin dediklərinə görə, onların ayaqları altındakı torpaq bir neçə dəqiqə titrəyib, ətrafda isə göy gurultusuna bənzər səslər eşidilib. Gözlənilən püskürmənin ilk əlamətləri hələ yanvarın 7-də qeydə alınıb. Həmin gün sualtı vulkan səmaya xeyli tüstü atıb. Vanuatu adasında dalğaların hündürlüyü 2,5 metrə çatıb.

Bir sıra digər ölkələrin hakimiyyət orqanları sahilyanı rayonlarının sakinlərini, sunami təhlükəsi keçməyənədək okeandan uzaq durmağa çağırıblar. Kuril adalarında və Yaponiyada baş verə biləcək sunami barədə Rusiyanın təcili xidmətlərinin nümayəndələri də xəbərdarlıq edib.

 

Yaponiyaya zərbə, Alyaskaya çatan gurultu

 

Minisunami Yaponiya sahillərinə çatıb və onlarca gəmiyə zərər vurub. Dalğaların hündürlüyü 1,2 metrə çatıb. Sikoku adasında, arxipelaqın cənubunda sunami 10 gəmini çevirib. Yaponiya televiziyası yaşayış məntəqələrində ciddi dağıntılar və ya xəsarət alanlar barədə məlumat verməyib.

ABŞ-da olduğu kimi, Yaponiyada da sahilyanı şəhərlərin sakinlərinə okeana yaxınlaşmamağı tövsiyə ediblər. Püskürmənin gurultusu Alyaskada da eşidilib. Bu barədə yerli vulkanoloq, Geofizika İnstitutunun əməkdaşı  Devid Fi məlumat verib. Çili hakimiyyəti sakinləri sahilyanı rayonları dərhal tərk etməyə çağırıb. Yer kürəsinin əks tərəfində yerləşən İspaniyanın meteoroloqları da zərbəvi dalğaların yaratdığı atmosfer təzyiqinin kəskin sıçrayışları barədə məlumat veriblər.

 

Tonqa Kralı sarayını tərk edib

 

Tonqada  kilsəni, küçələri və bir neçə evi su basıb. Şahidlər vulkandan 65 kilometr məsafədə yerləşən paytaxt Nukualofada kül yağışı barədə məlumat veriblər.

Bildirilir ki, ada dövlətinin Kralı IV Aho-Eita  saraydan öz şəhərkənarı villasına təxliyə olunub.

Əhaliyə çatdırılan sunami xəbərdarlığı yerli sakinləri yüksəkliklərə qalxmağa məcbur edib. Sunami təhlükəsi ilə bağlı xəbərdarlıqlar Cənubi-Sakit okean regionunda yerləşən bir sıra ölkələrin, o cümlədən Tonqa, Fici, Avstraliya və Yeni Zelandiyanın hökumətləri tərəfindən edilib.

Hunqa-Tonqa-Hunqa-Haapay vulkanının püskürməsi Sakit okeanın cənub hissəsinə yayılmış zərbəvi dalğalarla müşayiət olunub.

 

Son onilliklər ərzində ən güclü püskürmə

 

Bu, Hunqa-Tonqa-Hunqa-Haapay vulkanının püskürmələri seriyasından sonuncusudur. Vulkanın içindən çıxan qaz, tüstü və kül “dirəkləri” 20 kilometr yüksəkliyə çatıb. Bu barədə Tonqanın Geoloji xidməti xəbər verib.

Avstraliyanın Oklend Universitetinin vulkanologiya üzrə mütəxəssisi, professor Şeyn Kronin deyib ki, bu, son 30 ildə Tonqada baş vermiş ən güclü püskürmələrdən biridir.

Alim BBC telekanalına bildirib ki, bu prosesdə ən diqqətəlayiq məsələ onun necə sürətlə yayılmasıdır. Hazırkı püskürmə daha iri, sürətlə inkişaf edən, daha çox kül atan olub.

Səkkiz dəqiqəlik püskürmə elə güclü olub ki, göy gurultusu kimi səslər hətta vulkandan 800 kilometrdən çox aralıqda yerləşən Ficidə eşidilib. Ada hökuməti də sakinlərə sahilyanı rayonları tərk etməyi tövsiyə edib və təxliyə mərkəzlərini açıb.

Vulkandan 2,3 min kilometr məsafədə yerləşən Yeni Zelandiyada hakimiyyət orqanları sakinləri püskürmə nəticəsində yüksək su artımları ehtimalı barədə xəbərdarlıq edib. Fövqəladə Hallarla Mübarizə üzrə Milli Agentlik ölkənin bəzi yerlərində güclü və qeyri-adi cərəyanlar, eləcə də sahilyanı ərazilərdə gözlənilməz fırtına subasmaları baş verə biləcəyini bildirib. Yerli Meteoroloji Büro bildirib ki, enerji emissiyası sadəcə heyrətləndirir. Bütün Yeni Zelandiya boyunca insanların gurultu eşitdikləri barədə xəbərlər daxil olur.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video