Azərbaycan ədəbiyyatının görkəmli simalarından və XX əsrin birinci yarısı ictimai, ədəbi-mədəni fikir tariximizin tanınmış nümayəndələrindən biri də Mikayıl Rəfilidir. Əlli üç illik həyatının ən kamil çağlarını Azərbaycan ədəbiyyatşünaslığının inkişafına, ədəbiyyat tarixinin araşdırılmasına həsr etmişdir. O, yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqının çox yerində respublikamızı layiqincə təmsil edən elm adamı kimi də tanınırdı.
Mikayıl Həsən oğlu Rəfili 1905-ci ildə respublikamızın Gəncəbasar bölgəsində - Goranboy rayonunun Borsunlu kəndində zəngin ailədə dünyaya göz açmışdır. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Gəncədə Yelizavetpol klassik gimnaziyasında alan Mikayılın bədii yaradıcılığa həvəsi bu şəhərdə oxuduğu yeniyetməlik illərinə təsadüf edir. İlk yazıları "Mikayıl Rəfizadə" imzası ilə oxuculara tanışdır. "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi 1919-cu ildə "Əfkari mütəəllimin" jurnalında işıq üzü görmüşdür.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri vəzifəsində çalışmış M.Rəfili ziyalı olaraq kəndin mədəni həyatında fəallıq göstərmiş, həmçinin "Rosta" qəzetində müxtəlif məzmunlu yazılarla çıxış etmişdir.
Mikayıl Rəfili təhsilini davam etdirmək məqsədilə Bakıya gələrək Azərbaycan Politexnik İnstitutuna daxil olur. Bu zaman həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsinin dinləyicisi olaraq bilik və bacarığını artırır.
Mikayıl Rəfili "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir. 1926-1927-ci illərdə bütün qüvvəsini ədəbi fəaliyyətə həsr edən, qəlbi yazıb-yaratmaq eşqi ilə döyünən Mikayıl Rəfili jurnalda çalışarkən Gəncə ədəbi mühitindən tanıdığı, istiqlal şairi Əhməd Cavadla, Mikayıl Müşfiqlə yaxından tanış olur. Bir müddətdən sonra Moskvaya üz tutan 22 yaşlı Mikayıl Rəfili Moskva Dövlət Universitetində təhsil alarkən Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru olub. Sonra Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri, 1929-cu ildə Ümumittifaq proletar yazıçıları I qurultayının nümayəndəsi seçilib. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Rus ədəbiyyatı kafedrasının dosenti, "Bakinskiy raboçi" qəzetində Mədəniyyət şöbəsinin müdir müavini işləyib, SSRİ Yazıçılar İttifaqının təşkilat komitəsinin üzvü olub. Habelə yüzlərlə elmi məqalə, Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiyalar, 3 poema, 1 kinossenari, 1 pyes qələmə alıb. 15 kitab yazıb, 17-sini ustalıqla tərcümə (bu gün də maraqla oxunan "Səfillər" , "Paris Notrdam" kilsəsi", "Dirilmə", "Baxçasaray fontanı", "Qorio ata", "Qobsek" və s.) edən belə bir azman təfəkkür sahibi, elm, ədəbiyyat, mədəniyyət korifeyi xidmətləri müqabilində "Şərəf nişanı ordeni" və bir neçə medalla təltif edilib.
Filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli tədqiqatlarında göstərir ki, "böyük türk şairi Nazim Hikmətin o zaman Moskvada tanış olduğu ilk azərbaycanlı şair-alim Mikayıl Rəfili idi. Sonralar bu tanışlıq əsl dostluğa çevrildi". Nazim Hikmət məktublarının birində "Şair ola bilərdin, professor oldun" deməklə, Mikayıl Rəfilinin şeir yazdığına, amma şair kimi yox, görkəmli alim kimi tanındığına işarə edir. Mikayıl Rəfili doğrudan da şair idi, sadəcə olaraq, elmi yaradıcılıqla müntəzəm məşğul olduğundan, bir müddət şeirin daşını atmışdı. Yalnız ömrünün son illərində bir daha şeir, hətta "Mingəçevir" adlı poema da yazmışdı. Nazim Hikmətə həsr etdiyi bir şeirdə ona olan məhəbbətini bu misralarla ifadə etmişdi: "Qarşımda əksin. Əlimdə sadə bir qələm. Gözlərimdə Moskvada keçən gəncliyimizin solmayan yarpaqları. Sən Nazim Hikmətsən, Mən - sadə bir tələbən".
1936-cı ildən başlayaraq qəti olaraq elm yolunu tutan Mikayıl Rəfili 1935-1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil alır, orada "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında" mövzusunda dissertasiya müdafiə edir. 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin professoru olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparmışdır. İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar etmiş, "Səbuhi" ssenarisini, "Şirvanşah İbrahim" pyesini yazmışdır. SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Mikayıl Rəfili qısa ömründə çox böyük yaradıcılıq uğurlarına imza atsa da, ağır repressiya illərində məşəqqətlərlə üzləşmiş, təzyiq və təqiblərə məruz qalmışdır. 1937-ci il aprelin 19-da Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin iclasının gündəliyinə "Azərbaycan Yazıçılar İttifaqının üzvü Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri barədə" məsələ salınmış və daşnak Levon Arustamov adlı birisinin məlumatı əsasında Mikayıl Rəfili Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən, Nizami adına Ədəbiyyat İnstitutundan və dərs dediyi Azərbaycan Pedaqoji İnstitutundan uzaqlaşdırılmışdır. Həmin iclasdan sonra "Kirpi" jurnalının növbəti nömrəsində Mikayıl Rəfili haqqında karikatura dərc edilmişdir. O, qoltuğunda böyük və qırmızı bir xoruzla iri addımlarla yeriyirdi. Kənarda dayanmış bir neçə nəfər "xoruzunu qoltuğuna verdilər" deyir. Bütün bunlar azmış kimi, yenə də Mikayıl Rəfilidən əl çəkmirlər. "Ədəbiyyat qəzeti"ndə onun haqqında qurama, saxta ittihamlarla dolu yazılar dərc edilir. Onu gah "mülkədar oğlu", gah da "sovet yazıçıları sırasına soxulan bir adam", "ictimai mənsubiyyətcə yabançı", "əks-inqilabi bir təşkilatın üzvü" kimi qələmə verirlər. Ölkədə baş alıb gedən repressiyaların qızğın çağında Mikayıl Rəfili həmin böhtanlardan xilas olsa da, qardaşı Rəfi həbs olunur, yaxın qohumları təqib və təzyiqlərə məruz qalırlar.
1937-ci ilin payızında o, məcbur qalıb respublikanın rəhbəri Mircəfər Bağırova məktub yazır, üzləşdiyi haqsızlıqdan, daxili imkanlarından, yaradıcılığından və görə biləcəyi işlərdən söz açır.
Məktubla tanış olan M.Bağırov onu baxılmaq üçün Azərbaycan Yazıçılar İttifaqına göndərir. Oradan alınan cavab isə yenə də mənfi olur. 1937-ci ilin dekabrında o, Mərkəzi Komitənin rəhbərinə ikinci məktub yazır. Bağırov "mülkədar oğlu" tənəsi ilə üzləşən Mikayıl Rəfilini müdafiə edir və o, 1938-ci ilin yayında işinə bərpa olunur.
Ədəbiyyatşünas alim 1938-1947-ci illərdə respublikada Nizami Gəncəvi ilə bağlı tədbirlərin həyata keçirilməsinin baş icraçısı təyin olunmuş, Nizami Gəncəvi, Füzuli, Xaqani, Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Abbasqulu ağa Bakıxanov və başqaları haqqında mükəmməl tədqiqatlar aparmışdır. Bundan sonra da qara qüvvələr ondan əl çəkməmiş, onu məhv etmək üçün hər cür üsullara əl atmışlar.
M.Rəfili beş şeir kitabının müəllifidir və bunları 1929-1936-cı illərdə nəşr etdirmişdir. Ədəbiyyatşünas alim "Sərbəst şeir haqqında ilk söz", "Mədəni ədəbiyyat yolunda", "Ədəbi irsə diqqət", "Nizami Gəncəvi", "M.F.Axundov və siyasi-fəlsəfi görüşləri", "Azərbaycan xalqının zəngin ədəbi keçmişini öyrənək", "Midiya dövləti", "Zülmət içində bir nur" ("Ölülər" pyesi haqqında), "Vis və Ramin" problemi", "Nizami", "M.F.Axundov", "Mirzə Şəfi və dünya ədəbiyyatı" və digər kitablarında, onlarla məqaləsində müxtəlif problemləri qaldırmışdır.
Mikayıl Rəfilinin yüz əlliyə yaxın məqaləsi və ondan artıq kitabı rus dilində Moskva və Bakı nəşrlərində sərhədləri aşmışdır.
Xalq yazıçısı Anar çox doğru olaraq qeyd edir ki: "M.Rəfilinin Azərbaycan ədəbiyyatşünaslığı, ədəbiyyat tariximiz sahəsində gördüyü iş əvəzsizdir. Onun zəngin elmi irsi mədəniyyət tariximizin qiymətli səhifələrindəndir. Rəfili bütün elmi fəaliyyəti boyu doğma ədəbiyyatımıza və daha geniş götürsək, doğma xalqımıza, onun inkişafına, dünyagörüşünün genişlənməsinə, daha artıq maariflənməsinə, mədəniləşməsinə xidmət etmişdir".
Bütün varlığı ilə xalqına bağlı olan görkəmli şəxsiyyət Mikayıl Rəfili 1958-ci il aprelin 25-də, yəni 53 il əvvəl dünyaya gəldiyi gündə əbədiyyətə qovuşmuşdur.
Rəhman SALMANLI,
"Azərbaycan"