15 May 2022 01:51
551
Mədəniyyət
A- A+

Ruhu saflaşdıran musiqimiz

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII "Muğam" Televiziya Müsabiqəsi davam edir. Müsabiqənin açılış günündə böyük muğam şənliyinə tanınmış mədəniyyət və elm xadimləri, yaradıcı ziyalılar və gənclər qatılıblar.

Gecənin aparıcıları diqqətə çatdırıblar ki, bu il 300-dən çox namizəd arasından 18 finalçı seçilib. Həftədə iki dəfə - çərşənbə və cümə axşamları AzTV ilə canlı yayımlanan müsabiqənin sonrakı mərhələlərini ölkənin regionlarında da keçirmək planlaşdırılır.

Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifasında "Xudayar təsnifi" kimi tanınan, Xalq artisti Əlibaba Məmmədovun bəstəsi  olan "Vətən yaxşıdır" mahnısının videoçarxı nümayiş etdirilib. Tamaşaçılar gecənin xüsusi qonaqlarını - 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını salamlayıblar.

Əvvəlcə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Babək Niftəliyevin ifasında qısa konsert proqramı təqdim edilib.

Müsabiqənin yarandığı gündən onun münsiflər heyətində öz xeyir-duası və dəyərli tövsiyələri ilə gənclərə yol göstərən, bir neçə ay əvvəl dünyasını dəyişmiş görkəmli xanəndə Əlibaba Məmmədovun Ümummilli Lider Heydər Əliyevlə söhbətləri və ifasından ibarət kadrlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Builki müsabiqənin münsiflər heyətinə Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və Əməkdar artist Fərqanə Qasımova daxildir.

Muğam yarışmasının ilk günü 9 finalçı öz məharətini göstərib. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndiriblər. Müsabiqənin ikinci günündə səhnədə ikinci yarımqrupun 9 iştirakçısının ifası dinlənilib. Çox sevindirici haldır ki, bu iştirakçılar arasında yaşı 18-dən aşağı olanlar da var. İfalar münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və ilk həftə olduğu üçün heç bir iştirakçı müsabiqədən kənarlaşdırılmayıb. Münsiflər müsabiqə iştirakçılarına uğurlar diləyərək öz tövsiyələrini veriblər. Müsabiqənin respublikanın regionları da daxil olmaqla 15 həftə ərzində keçirilməsi planlaşdırılır.

UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli sərvətimiz olan muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Muğam hər bir azərbaycanlının həyatına, demək olar ki, beşikdən daxil olur, onu bütün həyatı boyu müşayiət edir. Bu, ruhları saflaşdıran, yüksəldən, əsrlər boyu müşayiət olunan, dərin qədim keçmişdən bu günə və gələcəyə körpü olan muğam fenomenidir. Xalqımızı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək çətindir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ilk muğam televiziya müsabiqəsi 2005-ci ildə keçirilmiş və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 120 illiyinə həsr edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video