29 Aprel 2022 14:27
604
Təhsil
A- A+

“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans işə başlayıb  

Aprelin 28-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər aparıcı qurumların birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın açılışında UNEC-in rəqəmsal iqtisadiyyatla bağlı innovativ texnologiyalara əsaslanan ixtira və patentlərindən bəhs edən videoçarx nümayiş olunub.

UNEC-in rektoru professor Ə.Muradov mövzunun aktuallığını vurğulayaraq, konfransın ölkənin dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti olan rəqəmsal transformasiyanın müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə təşkil olunduğunu bildirib.

Rektor beynəlxalq konfransa 15 ölkədən, o cümlədən İngiltərə, Portuqaliya, Serbiya, İsrail, Litva, Türkiyə, Slovakiya, Macarıstan, Kolumbiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, Rusiya və Özbəkistandan 200-dək məqalənin qəbul edildiyini diqqətə çatdırıb. Rəqəmsal iqtisadiyyatla bağlı konseptual məsələlərə toxunan Ədalət Muradov rəqəmsallaşma nəticəsində istehsalla yanaşı, insanların baxışlarının dəyişdiyini, texnologiyaların bu dəyişikliklərin önündə getdiyini bildirib. O, elmi tədqiqatların rolunun əhəmiyyətli dərəcədə artdığını deyib, tədqiqatçılar qarşısında duran əsas vəzifələri açıqlayıb: “Rəqəmsallaşmanın yaratdığı sərvətin bölünməsində bərabərliyi azaltmaq; yarana bilən neqativ effekti minimallaşdırmaq; insanların imkanlarını daha da genişləndirməyi təmin etmək”. Ə.Muradov “Azərbaycanda rəqəmsal savadlılıq” proqramına başlamağın vacibliyini bildirib. Həmçinin dövlətin fəal iştirakı olmadan rəqəmsal transformasiya və rəqəmsal iqtisadiyyatın formalaşmasının mümkünsüzlüyünü, bu istiqamətdə institusional dəyişikliklərin qaçılmaz olduğunun vacibliyini önə çəkib.

Konfransda çıxış edən təhsil naziri Emin Əmrullayev rəqəmsallaşmanın təhsil sisteminin qarşısında qoyduğu əsaslı çağırışlardan danışıb. Müasir təhsil sistemində klassik fənlərin əksəriyyətinin öz aktuallığını itirdiyini, rəqəmsal bilik və bacarıqlar tələb edən fənlərin önə çıxdığını deyən nazir, qəbul imtahanlarına informatika fənninin salınacağını bildirib. Nazir rəqəmsal savadlılığın və bacarıqların ölçülməsinin vacibliyinə diqqət çəkərək, Azərbaycanın 2023-cü ilin mayında Beynəlxalq Qiymətləndirmə Assosiasiyasının keçirdiyi ISELS qiymətləndirmə layihəsinə qoşulacağını vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəqəmsallaşmanın iqtisadiyyatda yaratdığı köklü dəyişikliklərdən söz açıb. Rəqəmsallaşmanın iqtisadiyyatda yeni alətlər yaratdığını, şəffaflığı artırdığını və iqtisadi inkişafı sürətləndirdiyini deyən komitə sədri, biznes platformaların yaradılmasını rəqəmsallaşmanın ən böyük üstünlüklərindən biri kimi dəyərləndirib. T.Mirkişili rəqəmsallaşma ilə bağlı kibertəhlükələrə də toxunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov dayanıqlı iqtisadiyyatın təmin olunmasında rəqəmsallaşmanın rolundan danışıb. Azərbaycanda rəqəmsallaşmanın yaratdığı imkanlar hesabına güclü iqtisadiyyat qurulacağını deyən nazir müavini, məhz bu cür güclü, rəqəmsal inkişafın risklərə daha dayanıqlı olduğunu deyib. O, rəqəmsal iqtisadiyyat üçün zəmin yaradan faktorları da açıqlayıb, İKT-nin inkişaf etdirilməsinin və rəqəmsal bacarıqlara sahib mütəxəssis hazırlığının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində vacib olan sahələri açıqlayıb. O, müvafiq infrastrukturun yaradılmasının, ölkədə yüksək sürətli, dayanıqlı internetin təmin olunmasının, təhsilin bütün pillələri üzrə rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin, eləcə də ömürboyu təhsilin təmin olunmasının əhəmiyyətini qeyd edib.

Çıxışlardan sonra konfransın məruzəçilərinə plaketlər təqdim olunub. Konfrans plenar məruzələrlə davam edib.

Beynəlxalq konfrans aprelin 29-da başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video