01 Dekabr 2022 01:30
863
SİYASƏT
A- A+

Regionda sülh, əməkdaşlıq və inkişaf siyasəti

 

Azərbaycanın tarixi zəfərindən, ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra regionda yaranmış yeni reallıq fonunda Ermənistanın bəzi havadarlarının sifarişi ilə sülh təşəbbüslərinə əngəl törətməsi, prosesə mane olmağa çalışması göz önündədir. Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü əsasında 7 dekabr 2022-ci il tarixinə təyin edilmiş Brüssel görüşünün Ermənistan tərəfindən Azərbaycan üçün qəbuledilməz şərtlə məqsədli şəkildə pozulması da bunun təsdiqidir. 
Avropa İttifaqı və şəxsən cənab Şarl Mişelin vasitəçiliyi postmünaqişə dövründə vəziyyətin nizama salınması, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün uğurlu bir platformadır. Ən azı Avropa İttifaqı və onun rəhbərinin həqiqətən tərəflər arasında sülhə, regionda əməkdaşlığa çalışdığı müşahidə edilir. Azərbaycan da bu qurumun və Şarl Mişelin səylərini dəstəkləyir, təxminən 30 illik mənasız fəaliyyətdən sonra ömrünü başa vurmuş keçmiş Minsk qrupunun "dəfnindən" sonra Avropa İttifaqının sülh təşəbbüslərində inamla, fəal şəkildə iştirak edir. 
6 oktyabr 2022-ci ildə keçirilmiş Praqa görüşünün yekun bəyanatında Ermənistanın ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması Vətən müharibəsindən sonra həyata keçirilən sülh təşəbbüslərinin ilkin mühüm nəticələrindəndir. Belə ki, Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı Bəyannaməsinə istinad edilir. Bu isə o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan, yəni öz maraqları naminə söhbət gedə bilməz. 
Oktyabrın sonunda Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə keçirilmiş görüşdən sonra Ermənistanın 7 dekabr tarixli Brüssel görüşündə iştirak üçün Fransa Prezienti Emmanuel Makronun da həmin danışıqlarda iştirakı şərtini irəli sürməsi isə sülhyaratma prosesinin rəvanlığına xələl gətirir. Çünki Praqa görüşündən heç bir həftə keçməmiş Fransa Prezidentinin öz müsahibəsində Azərbaycana qarşı məqsədli hücumları, irəli sürdüyü əsassız ittihamlar, ardınca Fransa senatının təhqiredici məzmunlu qətnaməsi, ümumən bu ölkənin rəsmi dairələrinin sərt anti-Azərbaycan mövqeyi bu ölkənin sülh danışıqlarında iştirakını yolverilməz edir. Bu cür açıq şəkildə tərəf tutmaqla Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. 
"Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq", - deyən Azərbaycan Prezidentinin fikrincə, Ermənistanın baş nazirinin bu qərarı sülh prosesini pozmaq cəhdidir. Çünki Azərbaycanın buna qarşı olacağı onlara yaxşı məlum idi. Prosesə mane olmaqda isə Ermənistanın özünəməxsus məkrli niyyətləri var: sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağla bağlı heç bir məqamın olmadığını etiraf etməli olacaqlar. Bu durumda böyük ehtimalla Ermənistan heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikanı seçmək qərarına gəlib.
Əslər boyu özləri haqqında uydurduqları saxta miflər 44 gün içində darmadağın olan, 10 mindən çox əsgəri döyüşlər zamanı fərarilik edən, İkinci Qarabağ müharibəsində əsl sarsıntı yaşayan ermənilər növəti diplomatik hiylələrə əl atmaqdansa, bu cür alçaldıcı məğlubiyyətdən nəticə çıxarmalı, müharibənin nəticələrini özləri üçün saxta ideologiyalardan, yalan tarixdən, türk düşmənçiliyindən, vandalizmdən, millətçilik zəhərindən, özünəqapanmadan qurtuluş şansı kimi dəyərləndirib oyanmağa, sağalmağa çalışmalı, psixoloji reablitasiya keçməlidir. İstənilən revanş niyyəti bu ölkənin məhvi ilə nəticələnə bilər. "Mən çalışırdım başa salam, çalışırdım deyəm ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bizim səbrimiz tükənir, biz sizi məhv edəcəyik. Bu, mənim sitatımdır: "Müharibə başlasa, biz sizi məhv edəcəyik". 
Vətən müharibəsindəki tarixi qələbədən sonra bu gün Azərbaycanın əsas məramı bölgədə sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın, bütün tərəflər arasında sıx əməkdaşlığın təmin olunmasıdır. Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Bu gün Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, əgər belə bir niyyət olsa, Azərbaycan çox şeylər edə bilər və heç kəs bunun qarşısını ala bilməz. Amma Azərbaycanın istədiyi sülhdür: "Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik. Onların istifadə etmək istədiyi xəritələri yox, tarixi xəritələri nəzərdə tuturam. Bu, çox bir şey deyil. Biz onların ərazisini istəmirik. Biz müharibəni istəmirik. Müharibəni istəsəydik, aparardıq və heç kim bizi durdura bilməz - nə onun Qərbi Avropadakı sponsorları, nə sərhədlərinin cənubunda yerləşən qonşusu, nə də sərhədlərinin şərqində yerləşən qonşusu", - deyə Azərbaycan Prezidenti bəyan edir.
Ermənistan cəmiyyəti qurtuluşu, qonşularla münasibətlərin nizama salınması, gələcək nəsillərinin xoşbəxtliyi üçün özünün ideoloji əsaslarını, təhsil paradiqmasını tamamilə dəyişməlidir. 
Azərbaycan öz qələbəsi ilə onlara bu şansı verib, Cənubi Qafqazda inteqrasiya üçün uzun illər ərzində Ermənistanın işğalçı mövqeyi ucbatından itirilmiş fürsətləri yenidən ortaya qoyub. Ermənistan da həqiqətən sülh istəyirsə, mümkün qədər müstəqil şəkildə davranmalı, əməkdaşlıq təşəbbüslərinə qoşulmaqdan çəkinməməlidir. Əks halda sonuncu şans da onların əlindən çıxacaq.
Ərazi bütövlüyümüzün bərpası ilə Azərbaycanın regionda yaratdığı yeni tarixi reallıq regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər qlobal layihələr üçün böyük imkanlar yaradıb. Azərbaycanın postmüharibə dövründəki sülh, quruculuq, əməkdaşlıq niyyətləri bölgədə daimi təhlükəsizliyin təmin olunmasına, böyük iqtisadi potensiala, bütün region ölkələri üçün daha böyük faydaların əldə edilməsinə yol açır.
Hazırda Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı müzakirələri faktiki olaraq Ermənistanla deyil, Rusiya ilə aparmaqdadır. Çünki asılı ölkə olan Ermənistanın müstəqilliyi çox simvolikdir, bu ölkənin müvafiq nəqliyyat infrastrukturu Rusiyanın nəzarətindədir və Ermənistan Zəngəzur dəhlizi layihəsini əngəlləmək iqtidarında deyil. İrana gəlincə, isə bu qonşu ölkə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Azərbaycanın irəli sürdüyü bu cür faydalı layihələr heç kimə qarşı deyil, əksinə, hamının xeyrinədir. Azərbaycan və Türkiyə arasında bütün sahələrdə güclənən və bundan sonra da gücləndiriləcək strateji müttəfiqlik münasibətləri isə regional sabitliyin mühüm meyarıdır. Prezident İlham Əliyev bununla bağlı bildirir: "Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar".
Dünyanın sürətlə dəyişməsi, beynəlxalq hüququn işləməməsi, yaxud selektiv qaydada işləməsi ölkələrin əməkdaşlığını, problemlərə birgə həllər tapmasını, müttəfiqlik münasibətləri ilə gücünü artırmasını zərurətə çevirir. Azərbaycan Prezidentinin fikrincə, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu gün Azərbaycanın həyata keçirdiyi kommunikasiya layihələri, əməkdaşlıq çağırışları da regional təhlükəsizlik və sabitlik üçün möhkəm əsaslar yaradır, qarşılıqlı şəkildə əlaqədə olan bölgə dövlətlərinin vahid siyasət əsasında davranmasının zəruriliyini hər kəsə anladır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video