Prezident İlham Əliyev bu ilin may ayında keçirdiyi kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizin aqrar siyasətinin əsas istiqamətlərini yeni reallıqlar kontekstində müəyyən etmişdir. Dövlətimizin başçısı kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların sosial-iqtisadi inkişafında və qeyri-neft sektorunun genişləndirilməsində mühüm rol oynadığını vurğulamışdır.
Müşavirədə səsləndirilən əsas məsələlərdən biri də intensiv bağçılığın inkişafı olmuşdur.
Bu istiqamət son illər Azərbaycanda həyata keçirilən aqrar islahatların mühüm tərkib hissəsinə çevrilmişdir. Xatırladaq ki, intensiv bağçılıq müasir texnologiyaların tətbiqinə, yüksək məhsuldarlığa, su və torpaq ehtiyatlarından səmərəli istifadəyə əsaslanan təsərrüfatçılıq formasıdır. Bu model xüsusilə meyvəçilik və subtropik bitkiçilik sahəsində yüksək iqtisadi nəticələr əldə etməyə imkan verir. Azərbaycanın müxtəlif bölgələrində intensiv bağçılığın inkişafı üçün əlverişli şərait mövcuddur.
Bu gün həmin mövzuya toxunanda qusarlıların da deməyə sözü var. Ümumiyyətlə, Qusarda yüksək ixrac potensialına malik kənd təsərrüfatı məhsullarının istehsalına xüsusi önəm verilir. Bunun üçün aqrar sahədə müasir texnologiyalar və innovativ yanaşmalar geniş tətbiq olunur. Qusar bu baxımdan ölkənin qabaqcıl rayonlarından biri sayılır. Son illər intensiv bağçılığın inkişafı və müasir suvarma sistemlərinin geniş tətbiqi rayonda əldə olunan mühüm nailiyyətlərdəndir.
Qusarda intensiv bağçılığı genişləndirən, müasir suvarma sistemlərindən istifadə edən təsərrüfatların sayı ildən-ilə artır. Son illər rayonda həmçinin tərəvəzçilik sahəsində innovativ üsullara üstünlük verilməsi kənd təsərrüfatının inkişafını sürətləndirir. Odur ki, bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir.
Görülən işlər su ehtiyatlarından səmərəli istifadəyə, məhsuldarlığın artırılmasına və rəqabətqabiliyyətli məhsul istehsalına, rayonun aqrar potensialının daha da güclənməsinə xidmət edir. Müasir texnologiyaların tətbiqinin genişlənməsi Qusarın ölkənin aqrar inkişafında aparıcı rayonlardan biri kimi mövqeyini daha da möhkəmləndirir və gələcək uğurlar üçün etibarlı zəmin yaradır.
Qeyd edək ki, Qusarda 18 min hektar meyvə bağı var. Bunun 10 min hektarı intensiv və super intensivdir. Rayonda bağçılıq xəritəsi hər il 700-800 hektar artırılır. Ötən təsərrüfat ilində bağlardan 90 min tondan artıq meyvə yığılıb. Rayonun Qalacıq kəndində 145 hektar intensiv bağlarda tumlu və çəyirdəkli meyvə yetişdirilir. Öz keyfiyyəti ilə seçilən meyvələr Rusiya daxil olmaqla onlarca ölkəyə ixrac edilir. Bu yerdə bildirək ki, bağların becərilməsinə ayrılan subsidiyalar fermerlərin bu sahəyə marağını artırır. Vaxtında budama və gübrə verildiyinə, işlərin mütəxəssislərin nəzarəti altında aparıldığına görə hər il bağlardan meyvə toplanması gözlənilən nəticəni verir.
Qusar Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov bizimlə söhbətində vurğuladı ki, intensiv bağların salınması ekoloji baxımdan ərzaq təhlükəsizliyində, əhalinin keyfiyyətli məhsulla təminatında və ixrac potensialının artırılmasında mühüm rol oynayır: "Torpaq islahatlarından sonra təsərrüfatlarda ömrünü yaşamış meyvə bağları yeni tinglərlə əvəz edilib. Həmin bağ yerlərində müasir intensiv bağlar salınıb. Belə bağların salınması qusarlı fermerlərə imkan verir ki, xarici bazara çıxarıla bilən keyfiyyətli məhsul yetişdirsinlər. Müasir innovasiyalarla idarə edilən bağlarda məhsul yetişdirilməsi gələcəkdə bu sahənin daha da inkişaf etdiriləcəyindən xəbər verir".
R.Minhacov həmçinin qeyd etdi ki, Qusarda yetişdirilən meyvələr yerli bazarlarda daha tez alınır: "Çünki dağlar qoynunda becərilən məhsul tamı və keyfiyyətinə görə fərqlənir. Bu baxımdan fermerlərimizin daxili bazarlara göndərdiyi meyvələrin geri dönüşü olmayıb. Yaxın gələcəkdə yeni və müasir bağların salınması və onların inkişafı davam edəcək".
Akif ƏLİYEV,
"Azərbaycan"