24 Dekabr 2021 01:45
3200
SİYASƏT
A- A+

QÜDRƏTLİ PREZİDENT, GÜCLÜ LİDER, MÜZƏFFƏR KOMANDAN

 

Hər bir xalqın, hər bir dövlətin tarixində onun sonrakı inkişaf yolunu, müstəqillik yolunu müəyyənləşdirən taleyüklü məqamlar, tarixi qərarlar olmuşdur. Azərbaycan dövlətçilik tarixində də belə tarixi anlar olmuş və xalqımız bu məqamlarda doğru qərarlar qəbul edərək, öz taleyinə sahib çıxmışdır.

Azərbaycan xalqı müdrik xalqdır. 1993-cü ildə müstəqilliyimiz, dövlətçiliyimiz təhlükə qarşısında qalanda Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək, ən düzgün qərarı qəbul etmiş və ən doğru ünvana üz tutmuşdur. Xalqımız həmin məşəqqətli günlərdə Azərbaycanın dövlət müstəqilliyini, xalqımızın gələcəyini xilas etmək üçün inandığı, etimad göstərdiyi böyük lider Heydər Əliyevə müraciət edəndə də, 2003-cü ildə - yeni əsrin və yeni minilliyin başlanğıcında tarixi seçim anında Heydər Əliyev siyasətinə dəstək verəndə də eyni müdrikliyi, əzmi və qətiyyəti nümayiş etdirmişdir.

 

Yeni əsrin yeni LİDERİ

 

Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də  Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bildirmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Azərbaycan xalqı isə heç bir tərəddüd etmədən və əminliklə Ümummilli Liderin bu müraciətinə dəstək vermişdir. Ona görə ki, xalq özünün böyük lideri Heydər Əliyevə sarsılmaz inam bəsləyir, Onun göstərdiyi yolun ən düzgün yol olduğunu birmənalı qəbul edirdi.

Azərbaycan xalqı o reallığı da dərk edirdi ki, qarşıdakı dövrdə ölkəmizin gələcəyi naminə Heydər Əliyev siyasətinin davam etdirilməsi taleyüklü və həlledici amildir və Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident İlham Əliyevdir. Azərbaycan xalqının bu tarixi seçimini şərtləndirən digər vacib amil isə şübhəsiz ki, yeni əsrin yeni LİDERİ kimi xarakterizə olunan cənab İlham Əliyevin ali kürsüdə fəaliyyətə başlayana qədər də bütün dövləti vəzifələri çox böyük uğurla həyata keçirməsi, nümayiş etdirdiyi xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə istisnasız hər kəsin inamını qazanması olmuşdur.

Ali kürsüdə ilk gündən cənab Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıca şərt ölkədə Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Çünki təcrübəli siyasətçi, geniş dünyagörüşünə malik müasir lider və böyük strateq kimi cənab Prezident İlham Əliyev çox dəqiq müəyyən etmişdir ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, Onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. Zaman bir daha Azərbaycan xalqını haqlı çıxardı və Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan 18 ildir ki, uğurla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Möhtərəm Prezident İlham Əliyevin təbirincə, “Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”.  

 

Prezident İlham Əliyevin modern milli inkişaf doktrinası

 

18 il dövlətçilik baxımından elə də böyük bir dövr olmasa da, bu zaman keçidi xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı cənab İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir.

Cənab İlham Əliyevin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, O, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında böyük ustalıqla birləşdirə bilmişdir. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin əsasında da bu inam dayanır. Sarsılmaz birlik, xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil etmişdir.

Son 18 il ərzində Azərbaycan modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoymuş, ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək tamamilə dəyişmişdir. Möhtərəm Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kursu ölkəmizin müasir inkişafını təmin etmişdir. Əgər Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını böyük məharətlə yerinə yetirərək, Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi qoruyub yeni minilliyə uğurla çıxarmışdısa, möhtərəm Prezident İlham Əliyev bu müstəqilliyi daha da möhkəmləndirmiş, inkişaf etdirmiş, ölkəmizi regionun lider dövlətinə çevirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni əsrin əvvəllərində keçid iqtisadiyyatı ilə vidalaşaraq yeni tərəqqi və milli inkişaf arxitekturası üzərində möhkəmlənən iqtisadi modelin tətbiqinə başlamış, postsovet ölkəsi fazasından çıxaraq yüksək inkişaf proqnozları ilə irəliləyən innovativ və modern iqtisadiyyata  malik ölkə kimi inamla inkişaf etmişdir. Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi, modern sənaye quruculuğu, qeyri-neft sektorunun sabit inkişafının təmin olunması kimi başlıca strateji vəzifələr uğurla yerinə yetirilmişdir.

 

Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir

 

Azərbaycanda iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanır. Başqa sözlə, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir. Möhtərəm Prezidentin prinsipiallığı bu sahədə də ciddi uğurların əldə olunmasını təmin etmişdir. Onun “Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik” fikri ölkənin liderinin demokratik proseslərinin ardıcıllığının və dönməzliyinin təmin edilməsi ilə bağlı tələbkarlığının ifadəsidir. Müasir Azərbaycan 1993-cü ildə “Yolumuz demokratiya yoludur” deyən Ulu Öndərin görmək istədiyi respublikaya çevrilmişdir.

Bu gün hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində dərin islahatlar həyata keçirilir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi və siyasi dialoq mühitinin möhkəmləndirilməsi, yeni siyasi konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, söz və məlumat azadlığının təmin olunması, məhkəmə-hüquq sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini şərtləndirmişdir.

 

Xalqa ləyaqətlə xidmət etmək nümunəsi

 

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Möhtərəm Prezident İlham Əliyevin dilindən dəfələrlə səslənən bu fikir ölkəmizdə həyata keçirilən sosial siyasətin mahiyyətini çox dəqiq ifadə edir. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycan xalqı əmindir ki, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin qayəsini “xalqa ləyaqətlə xidmət etmək” prinsipi təşkil edir.

Ötən 18 ildə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan vermişdir. Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən, vətəndaşların ali mənafeyinin üstün tutulduğu uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır. Möhtərəm Prezident İlham Əliyevin cari il oktyabr ayının 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalaması, bir neçə gün öncə isə yeni sərəncam və fərmanlarla əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsi bir daha Azərbaycanda vətəndaşların rifah halının yüksəldilməsinin və sosial müdafiə tədbirlərinin genişləndirilməsinin qarşıdakı illərdə də prioritet olacağını söyləməyə əsas verir.

 

Mehriban xanım Əliyevanın uğurlu və çoxşaxəli fəaliyyəti ölkəmizin tərəqqisinə mühüm töhfələr verir

 

Azərbaycanın hərtərəfli inkişafını xarakterizə edən mühüm məsələlərdən biri də bütün sahələri əhatə edən geniş və innovativ proqramların icrası, konseptual yanaşmanın tətbiqidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir. Qabaqcıl institusional islahatlar sırasında isə Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Mehriban xanım Əliyevanın uğurlu və çoxşaxəli fəaliyyəti, ölkəmizin tərəqqisi ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın istər 44 günlük Vətən müharibəsi dövründə Ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində, istərsə də pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlər milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfədir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dahi Heydər Əliyevin ölməz ideyalarını yaşadır, bu ideyalar işığında mənsub olduğu xalqa ləyaqətlə xidmət edir. Fondun milli-mənəvi dəyərlərin, multikulturalizm ənənələrimizin, mədəni irsimizin qorunmasında və dünyada təbliğində mühüm rolu, elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr, xüsusi qayğıya ehtiyacı olan insanlara əl tutması onun xalqın hər kəsiminin böyük sevgisini qazanmasına səbəb olmuşdur. Fondun bir çox ölkədə həyata keçirdiyi humanitar təşəbbüslər isə Azərbaycanın adının  dünyada daha çox tanıdılmasına xidmət edir.

 

Azərbaycan Prezidentinin sülh və əməkdaşlıq missiyası

 

Ötən 18 ildə bütün digər istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu prinsiplər uğurla tətbiq olunmuş, milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirilmişdir. Möhtərəm Prezident İlham Əliyev həmişə milli mənafe və maraqların qorunmasında uzaqgörənlik və prinsipiallıq nümayiş etdirmiş, hər zaman öz xalqına arxalanmışdır. Dövlət başçısının qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən mövqeyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlmiş, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir və təşkilata uğurla sədrlik etməkdədir. Digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan vermişdir. Azərbaycan Prezidentinin sülh və humanizm, birgə geniş əməkdaşlığı təmin edən xeyirxah missiyası qlobal məkanda birliyin, tolerantlığın, sivilizasiyalarararsı dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir, dövlətlərarası səmimi münasibətlərin təmas nöqtələrinin trayektoriyasını müəyyən edir. Azərbaycanın dövlət başçısının təşəbbüsləri ən yüksək səviyyədə qəbul olunur, Onun təşəbbüsü ilə BMT, Qoşulmama Hərəkatı və digər mühüm beynəlxalq təşkilatların vacib tədbirləri keçirilir. Möhtərəm Prezident İlham Əliyev həm də adı bütün dünyada böyük ehtiram və hörmətlə səslənən qlobal miqyaslı dövlət xadimidir.

 

Azərbaycan Avrasiyanın nəqliyyat habına çevrilmişdir

 

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada enerji və kommunikasiya təhlükəsizliyinin təmin olunmasına da əhəmiyyətli töhfələr verir. Son 18 ildə Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin müəllifliyi ilə nəhəng transmilli energetika layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan “Cənub qaz dəhlizi” kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdirmişdir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan transnəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur. Həyata keçirilən qlobal layihələr nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat habına çevrilmişdir. Hazırda ölkəmizdə altı beynəlxalq hava limanı var və Ermənistanın işğalından azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaqdır. Artıq Füzuli rayonunda bu limanların birinin açılışı olmuşdur. Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerlərdə qərarlaşmışdır. Hazırda bu istiqamətdə əsas prioritetlərdən biri Zəngəzur dəhlizinin yaradılmasıdır. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır. Şübhəsiz ki, bu dəhliz yeni nəqliyyat qovşağı üçün çox geniş imkanlara malik alternativ marşrut olacaqdır. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin müəllifliyi ilə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələri dövlətimizin güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə geniş imkanlar yaratmaqla yanaşı, daha geniş bir coğrafiyada əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir və Azərbaycan bu sahədə də güclü aktor rolunu məharətlə icra edir.

 

Müharibə və sülh dövrünün qəhrəmanı

 

Uzun illər ərzində Azərbaycanın xarici siyasət institutunun qarşısında duran bir nömrəli məsələ artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli olmuşdur. Cənab Prezident İlham Əliyev bu istiqamətdə də vəzifəni konkret müəyyənləşdirərək, qeyd etmişdir ki, “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün zəfər salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək, qalib dövlət kimi dünyaya öz gücünü göstərmişdir. Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi qiymətləndirilir.

İstər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, istərsə də möhtərəm Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayəsini, nüvəsini torpaqlarımızın işğaldan azad olunması təşkil etmişdir. Artıq tarixdə qalmış münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə və digər bütün platformalarda, eyni zamanda qarşı tərəflə birbaşa danışıqlarda göstərilən səylər ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsi kimi diqqət çəkir. Bütün danışıq və görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal faktının aradan qaldırılması məsələləri qətiyyətlə irəli sürülmüş, ölkəmizin  ədalətli mövqeyinin bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və qəbul olunması üçün mümkün olan bütün addımlar atılmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə dair bütün təşəbbüsləri dəstəkləmiş, problemin ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli istiqamətində lazımi iradə ortaya qoymuşdur.

 

Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır

 

Biz Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən bir çox amilləri qeyd edə bilərik. Birmənalı olaraq vurğulaya bilərik ki, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına və çağırışlarına uyğun, böyük məharətlə həyata keçirilən siyasət, ölkəmizin güclü iqtisadi əsaslara malik olması Vətən müharibəsində qələbəni təmin edən ən mühüm məsələlərdən biri olmuşdur. Ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı, davamlı tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmişdir, Azərbaycanın iqtisadi sütunları möhkəmdir, kifayət qədər böyük iqtisadi və maliyyə imkanlarına malikdir. Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş gənclərimiz olmuşdur. Son illərdə Ordumuzun maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, Silahlı Qüvvələrimiz ən müasir döyüş texnikaları ilə, silah-sursatla təmin olunmuşdur. Görülən məqsədyönlü tədbirlər nəticəsində dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun texniki imkanları böyük dərəcədə artmış və İkinci Qarabağ müharibəsində bunu bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaət, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmişdir. Eyni zamanda biz ölkəmizdəki sabitliyi, milli birliyi, həmrəyliyi, xalqımızın öz lideri ətrafında “dəmir yumruq” kimi birləşməsini tarixi zəfərin əsas səbəblərindən biri kimi dəyərləndirə bilərik.

 

Xalqımıza çoxəsrlik tarixinin ən böyük uğurunu və qələbəsini yaşatmış müzəffər sərkərdə

 

Əlbəttə, Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu qələbə sayəsində qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim etmişdir. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmışdır. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və əbədi yaşayacaqdır.

Ölkəmizin gələcəklə bağlı hədəfləri də kifayət qədər aydındır. Möhtərəm Prezident İlham Əliyev yeni dövrü quruculuq, inkişaf dövrü kimi xarakterizə etmişdir. Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Söhbət işğaldan azad olunan ərazilərimizin yenidən qurulması ilə yanaşı, regionda yeni proseslərin başlanmasından gedir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatla daha da inkişaf etdirilmiş, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılmışdır. Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası eyni zamanda digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Füzulidə yeni beynəlxalq aeroportun inşası, gələcəkdə Zəngilan və Laçında da tikintisi davam edən beynəlxalq hava limanlarının istismara verilməsi regionun nəqliyyat imkanlarını daha da genişləndirəcək.

Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, işğaldan azad olunmuş ərazilərimizdə sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür. Bölgənin zəngin yeraltı və yerüstü təbii ehtiyatlara malik olması, gələcəkdə əlverişli investisiya mühitinin yaradılması onun iqtisadi potensialını daha da artıracaqdır. Həyata keçiriləcək tədbirlər milli iqtisadiyyatımızın da inkişafına təkan verəcəkdir. Çünki azad edilmiş bölgələrin iqtisadi potensialı kifayət qədər böyükdür və ölkəmiz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəkdir.

 

Bütün Azərbaycan xalqının Prezidenti

 

Təbii ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və dirçəldilməsi, məcburi köçkünlərimizin öz dədə-baba torpaqlarına təhlükəsiz şəkildə qayıtması ilə yanaşı, ölkəmizdəki inkişaf dinamikasının qorunub saxlanılması, əhalinin sosial-müdafiəsinin və rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq mövqelərinin daha da genişləndirilməsi, təhlükəsizlik və sərhədlərimizin möhkəmləndirilməsi kimi vacib məsələlər də qarşıdakı dövrdə ölkəmizin əsas prioritetləri sırasında olacaqdır.

Bəli, bu gün Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən uca zirvələri fəth edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi, qüdrətli, güclü, dünyada böyük nüfuza və hörmətə malik milli Lideri var.

Tam əminliklə söyləyə bilərik ki, dünya tarixində iz buraxmış böyük dövlət xadimlərinə xas olan liderlik bacarığı, səriştəli idarəçilik qabiliyyəti, qətiyyətlilik və prinsipiallıq, humanizm və digər yüksək keyfiyyətləri Azərbaycanın dövlət başçısında müşahidə edirik. O, 2003-cü ildə ali kürsüdə vəzifəsinin icrasına başlayanda “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” demişdi. Bu gün isə Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı öz Prezidenti ilə fəxr edir!

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video