02 Oktyabr 2022 01:30
546
SİYASƏT
A- A+

Qüdrətli dövlətçiliyin və inkişafın təməlinin qoyulduğu gün

 

Oktyabrın 3-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycana ilk dəfə Prezident seçilməsinin 29-cu ili tamam olur. Məhz həmin tarixdən respublikamızda qüdrətli dövlətçiliyin və inkişafın təməli qoyuldu. Həmin tarixdən başlanan yeni siyasi kurs və idarəetmə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni yüksəlişinə, müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət etdi, xalqımızın müasir dövlətçilik ənənələri formalaşdı.

 

Xalqın güvəndiyi lider

 

Hər bir xalqın taleyində, hər bir dövlətin yüksəlişində lider amilinin böyük rol oynaması tarixi gerçəkliklərdən biridir. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli haqlarına layiqincə sahib olmaq imkanı qazanırlar. Məsələyə bu prizmadan yanaşdıqda görərik ki, Azərbaycanda 1991-ci ilin payızından 1993-cü ilin ortalarına qədər baş verən bütün siyasi təbəddülatların, iqtisadi böhranın, hərc-mərcliyin, anarxiyanın, cəbhədəki uğursuzluğun əsas səbəbi ölkə rəhbərliyində olan şəxslərin siyasi qətiyyətsizliyi idi. 
Xaotik proseslər və bunun fonunda hakimiyyətin öz fəaliyyətsizliyi ilə ölkəni uçuruma aparması təsdiq edirdi ki, yalnız qətiyyətli, güclü siyasi iradəsi olan rəhbər Azərbaycanı parçalanmaqdan qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini hələ çox-çox illər əvvəl qazanmış Ulu Öndər Heydər Əliyev idi…
Xalq, cəmiyyətin bütün zümrələri məhz Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyində təmsil olunmasını mövcud böhranlardan yeganə çıxış yolu kimi görürdü. Bu baxımdan o dövrdə görkəmli dövlət xadimini təkidlə Naxçıvandan Bakıya dəvət etməklə Azərbaycan xalqı tarixi və müdrik qərar qəbul etdi. Heydər Əliyevə ünvanlanan müraciətlər Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün zamanında atılan ümumxalq addımı idi. 

 

Dərin etimadın təcəssümü

 

1993-cü il iyun ayının 9-da Naxçıvandan Bakıya gələn, iyunun 15-də isə Ali Sovetin Sədri seçilən Heydər Əliyev siyasi müdrikliyi ilə tezliklə ölkədəki vəziyyətin nəzarət altına alınmasına nail oldu. Bununla ilk növbədə Azərbaycanın qurtuluşunun təməli qoyuldu. Xalqın Ulu Öndərin ətrafında sıx səfərbər olması Azərbaycan dövlətçiliyinin qanına susamış bütün məkrli planların üstündən birdəfəlik xətt çəkdi.
Heydər Əliyev 1993-cü il sentyabrın 29-da növbədənkənar prezident seçkiləri ərəfəsində öz proqramını belə bəyan etdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur".
1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə gələcək yüksəlişə gedən yolun başlanğıc mərhələsi oldu. Bu seçki həm də müstəqilliyini bərpa etmiş respublikamızda keçirilən ilk demokratik seçki və xalqın sərbəst siyasi iradəsinin şəffaf və parlaq təzahürü idi.
Xalq ən doğru seçimini edərək yüksək səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Heydər Əliyevi Prezident seçdi. Səsvermədə iştirak edən 3 milyon 966 min 327 seçicinin 3 milyon 919 min 923 nəfərinin, yaxud 98,84 faizinin seçimi Heydər Əliyev oldu. Bununla Azərbaycan xalqı görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə dərin etimadını bütün dünyaya nümayiş etdirdi.
1993-cü ildən sonra Azərbaycanda baş verən keyfiyyət dəyişiklikləri, tənəzzülə son qoyulması, bütün sahələrdə tərəqqiyə doğru dönüşün baş verməsi, siyasi böhranlara birdəfəlik son qoyulması  ilk növbədə ölkəyə qətiyyətli və müdrik liderin rəhbərlik etməsindən xəbər verirdi. Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanı qorudu, müstəqilliyimizin əbədi olmasını təmin etdi. Məhz Ulu Öndərin qətiyyəti, xalqın öz rəhbərinin ətrafında sıx səfərbər olmasının nəticəsində antiazərbaycançı şəbəkələrin planları iflasa uğradı. Məhz Ulu Öndərin sayəsində Azərbaycanın yüksəlişinin ilk qədəmlərindən olan "Əsrin müqaviləsi" imzalandı, hüquqi və demokratik dövlətçiliyin əsası qoyuldu, mütərəqqi islahatlar, ordu quruculuğu həyata keçirildi.

 

Ulu Öndərin arzuları yerinə yetirildi

 

1993-cü il  oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanda yeni bir dövrün başlanğıc tarixidir. Başqa cür desək, həmin gün Azərbaycanda qüdrətli dövlətçiliyin və inkişafın təməlinin qoyulduğu gündür.
Sonrakı illərin inkişaf prosesləri həmin günün tariximizdə nə qədər əlamətdar olduğunu təsdiqləyir. Xalq-Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi. Bu sarsılmazlıq həm də Prezident İlham Əliyevə olan  yüksək xalq etimadında özünü göstərir.  Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün sahələrdə qazandığımız möhtəşəm uğurlar ölkədə həyata keçirilən siyasətin dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin etdiyini göstərir.
1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev demişdi: "Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır".
Ümummilli Lider Heydər Əliyevin doğma vətənimizlə bağlı arzuları artıq həyata vəsiqə alıb, yerinə yetib. Prezident İlham Əliyev Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin arzusunu çin etdi. Bu savaşda şəhidlərimizin qisası döyüş meydanında alındı, ərazi bütövlüyümüz təmin edildi. Bəli, Heydər Əliyevin qoruduğu, qurduğu Azərbaycan indi tarixinin ən qüdrətli dövlətinə çevrilib, regionda və qlobal miqyasda söz sahibi kimi çıxış edir. Ona görə Ulu Öndərin ruhu da rahatdır. 
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevi xalqımız hər zaman böyük ehtiramla yad edir. Gələn il isə Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ümummilli Liderin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Xalqımız ulu öndərin 100 illik yubileyini böyük təntənə ilə qeyd edəcək. "Heydər Əliyev ili" çərçivəsində keçiriləcək bütün tədbirlər Ulu Öndərin əziz xatirəsinə ümumxalq ehtiramının növbəti təcəssümü olacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video