13 Yanvar 2022 01:59
1298
DÜNYA
A- A+

QUANTANAMO: Gizli həbsxana və onun məhbusları

 

Kubada yerləşən məşhur Quantanamo həbsxanasının 20 yaşı tamam olub. “Alman dalğası” radiostansiyasının müxbiri gizli həbsxananı ziyarət edib. O, orada öyrəndikləri və gördükləri barədə xüsusi  reportajda məlumat verib.

Məhəmməd Slahi Quantanamo həbsxanasında barmaqlıqlar arxasında 14 ilini keçirib. Ona 70 gün işgəncə verilib, 3 il ərzində gündə 18 saat dindirilib. Həbsindən əvvəl Almaniyada yaşayan Slahidən “əl-Qaidə” də aparıcı rol oynadığından və sentyabrın 11-də terror aktlarının təşkilinə cəlb olunduğundan şübhələniblər. Lakin onun təqsirinin sübutu olmayıb. Heç kim heç bir ittiham irəli sürməyib. Buna baxmayaraq, o, Quantanamoda 14 il “cəhənnəm əzabı” çəkib. Hazırda 50 yaşlı mavritaniyalı azadlığa çıxıb, amma həbsxanada keçirdiyi müddətə görə kompensasiya almayıb.

Vəkil Nensi Hollander hələ də Slahinin taleyi ilə məşğul olur. Bu yaxınlarda onun haqqında film çəkilib. Slahi vaxtilə Əfqanıstanda yaraqlıların təlim düşərgələrindən birində olub və Üsamə Bin Ladenin peyk telefonundan edilən zəngə cavab verib. Lakin bu, onun təqsirli bilinməsi üçün kifayət etməyib.

 

Qanunların işləmədiyi həbsxana və “əbədi” məhbuslar

 

Hollander həbsxananın ətrafındakı vəziyyəti “fəlakətli” adlandırır. Söhbət yalnız ittiham və hökm olmadan həbsxanada saxlanılan 13 nəfərdən deyil, həm də sentyabrın 11-də törədilmiş terror aktlarında şübhəli bilinən və 20 il ərzində məhkəmə prosesini gözləyən “əbədi məhbuslar”dan gedir.

“Amnesty İnternational” hüquq müdafiə təşkilatının Quantanamo üzrə eksperti Dafne Eviatarın fikrincə, “hüquqi dövlətin çatışmazlığı təsadüf deyil. Bu, Corc Buşun rəhbərliyi ilə Amerika hökumətinin seçdiyi hədəfdir”. Təşkilatın Quantanamodakı vəziyyətə dair məruzəsində o, bir çox insan hüquqlarının pozulmasını, onların arasında ittiham və hökm olmadan həbsxanada məhbusların müddətsiz saxlanmasını, həmçinin işgəncələri sadalayır.

Bu barədə rəsmi məlumat yoxdur. Lakin hüquq müdafiəçisi müxtəlif araşdırmalara, o cümlədən ABŞ Senatı üçün xüsusi xidmət orqanlarının fəaliyyətinə dair komissiyanın hesabatlarına istinad edir.

 

Quantanamo necə görünür?

 

Kubada Quantanamo hərbi dəniz bazası 100 ildən çoxdur ki, mövcuddur. 2002-ci ilin yanvar ayında, 11 sentyabr terror hadisələrindən bir neçə ay sonra bu baza bütün dünyaya məlum olan həbsxanaya çevrilib. Terrorizmdə ittiham olunan  “əl-Qaidə”nin üzvlərindən biri Rahim Nasirini məhkəmədə müdafiə edən Entoni Natal, Quantanamonun mövcudluğu ilə əlaqədar məyusluğunu gizlətmir: “Biz bu ölkəni azad, hər kəs üçün bərabər hüquqlarla təmin edən hər şeyi itirdik”.

Quantanamonu öz gözləri ilə görmək istəyən hər kəs bir çox maneələri aradan qaldırmalıdır. Birincisi, bu, Kuba hava məkanıdır və Amerika təyyarələri daxil olmamalıdı. Hava gəmisi əvvəlcə Kuba adasına şərqdən uçmalı, sonra isə hərbi bazaya istiqamət almalıdır. Havadan dünyaca məşhur həbsxanaya mənzərə açılır. Dağ silsiləsinin ətəyində Quantanamo buxtası, qərbdə aeroport, şərqdə dəniz hərbi bazası, məhkəmə və həbsxana yerləşir.

Başqa bir maneə, Quantanamo həbsxanasını ziyarət etmək üçün icazə almaqdır. “Biz xüsusi xidmət orqanları tərəfindən yoxlamalardan bir neçə həftə sonra müvafiq sənəd aldıq, yola düşməzdən əvvəl qaydalara riayət olunması barədə daha bir sənədi imzalamaq lazım idi. Orada müəyyən edilib ki, Quantanamoda jurnalistlərə nə etmək olar və nələr qadağandır: hər şeydən əvvəl orada heç bir hərəkət azadlığı və heç bir mətbuat azadlığı yoxdur”.

Həbsxananı xaricdən görmək mümkün deyil, daxildəki bütün məlumatlar isə məxfidir. Bu da Quantanamo məhbuslarının vəkillərinin məyusluğuna səbəb olur. Nensi Hollander 7 ildir ki, Məhəmməd Slahinin həbsxana gündəliyini dərc edə bilmir.

 

Hər şey Amerika şəhərciyində olduğu kimidir

 

Bir çoxları Quantanamo adı eşidəndə, işgəncə və tikanlı məftil təsəvvür edir. Amma əslində həbsxana və hərbi məhkəmə bazanın yalnız kiçik bir hissəsidir. Bir çox cəhətdən Quantanamo dəniz hərbi bazası kiçik bir Amerika şəhərini xatırladır.

Quantanamo müasir texnika ilə təchiz edilib, tikintisi 65 milyon dollara başa gələn müasir məktəb fəaliyyət göstərir. Burada 220 uşağın normal həyatı olmalıdır - baxmayaraq ki, 5 kilometrlik məsafədə 11 sentyabr terror aktları ilə bağlı iş üzrə prosesi gözləyənlər var.

Quantanamoda supermarket, yaşayış evləri və Kubada yeganə olan McDonalds var - bütün bunlar Amerika həyatını xatırladır. GTMO radiosu Latın Amerikası pop musiqisini səsləndirir, hədiyyə dükanında isə ziyarətçilər “Rockin in Fidels Backyard” yazısı olan köynək ala bilərlər.

 Hər gün saat 8-dən Annaliz Kandelariav radionun efirindədi. Səhər şousunda ünsiyyət, musiqi, habelə intihar kimi ciddi mövzular yer alır. “Hər şeydən əvvəl, mənim vəzifəm bazadakı hərbi qulluqçular arasında mənəviyyatı qorumaqdır”, - deyə Kandelariav bildirir.

Aparıcının dediyinə görə, “hərbi məhkəmədə gedən proseslər barədə və həbsxana haqqında Quantanamo radiosunda danışılmır - bu, dəniz hərbi bazasının mədəniyyətinin bir hissəsi deyil. Əslində, məhkəmə və həbsxana ilə bağlı hər şey Quantanamo bazasında yaşayan 6000 amerikalıların əksəriyyəti üçün əlçatmazdır. Biz yalnız KİV-də verilənlərdən xəbər alırıq”.

 

Quantanamo nə vaxt bağlanacaq?

 

Quantanamonun 20 illiyində belə bir sual meydana gəlir - insan hüquqlarının və hüquqi dövlətin prinsiplərinin açıq-aşkar pozulmasına baxmayaraq və Əfqanıstanda antiterror missiyasının başa çatmasından sonra belə nə üçün hələ də bu həbsxana mövcuddur?

Quantanamonun bağlanmasının ilk planları Corc Buş hakimiyyətinin sonunda ortaya çıxıb. Barak Obama da dəfələrlə Quantanamonu bağlamağa söz verib, amma tezliklə Konqresdə çoxluğu itirib. Respublikaçılar isə “səbəbdən asılı olmayaraq Quantanamo məhbuslarından heç birinin ABŞ ərazisinə daxil olmaq hüququ yoxdur” qanunu qəbul ediblər, - deyə Nensi Hollander bildirir. Buna görə məhbusların ABŞ-a hüquqi baxımdan ekstradisiyası mümkün deyil.

Prezident Donald Tramp hakimiyyəti dövründə Quantanamonun açıq qalacağını bildirmişdi. Respublikaçılara görə, həbsxana amerikalıları terrorçuların hücumlarından qoruyur və məhbusların ABŞ-a ekstradisiyası çox təhlükəlidir. Quantanamo əleyhdarları isə əksinə, həbsxananın mövcudluğunun gənc müsəlmanların radikallaşmasına xidmət etdiyini arqument kimi göstərirlər.

Quantanamo ətrafında müzakirənin növbəti mərhələsi Prezident Co Bayden dövründə başlayıb. O, hakimiyyətə gəldikdən sonra mətbuat katibinin vasitəsilə bildirmişdi ki, həbsxananı bağlamağı planlaşdırır. Lakin bu vədləri reallığa çevirmək üçün hələ ki, heç bir cəhd edilməyib.

Bayden administrasiyasının əlbəttə ki, Quantanamodan daha ciddi vəzifələri var. Həbsxananın gələcəyi məlum deyil. Məhbusların bir hissəsinin azadlığa buraxılması planlaşdırılır. Digərlərini isə öz vətənlərinə qaytarmaq olar.

Dafne Eviatar nikbindir: “Məhbusların sayı azaldıqca, bu işin nə qədər cəfəng olduğu aydınlaşır”. Çünki mənəvi səbəblərdən danışmasaq, maddi baxımdan Quantanamoda bir məhbusun saxlanması amerikalı vergi ödəyicilərinə ildə 13 milyon dollara başa gəlir.

Nensi Hollander deyir ki, məhbusları ABŞ-da saxlamaq daha sərfəlidir, lakin bu da çıxış yolu deyil - Quantanamo həbsxanasının bütün məhbusları dərhal azad edilməlidirlər: “Biz bir insanı ittiham və hökm olmadan 20 il  həbsxanada saxlaya bilmərik, çünki ona qarşı kifayət qədər sübut yoxdur, amma, eyni zamanda təhlükəli olduğunu iddia edirik”.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video