16 Yanvar 2022 00:29
690
İQTİSADİYYAT
A- A+

Qış turizminin özəllikləri səyahətçilərdə məmnunluq doğurur

 

Dünya Turizm Təşkilatının statistikasına əsasən, hər il səyahət etmək istəyənlərin təxminən 30-35 faizi istirahət mərkəzlərinə məhz qış fəslində üz tutur. İsveçrə, Skandinaviya ölkələri, Çexiya, ABŞ, Kanada və Rusiya qış turizminin inkişaf etdiyi ölkələr sırasındadır. COVID-19 pandemiyasının bu sahədə ortaya çıxardığı çətinliklərə baxmayaraq, son illər Azərbaycanda turizm sahəsində də dünya standartlarına uyğun böyük inkişaf var. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan ölkəmizdə turizmin əksər növlərinin - kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial və s. inkişafı üçün geniş imkanlar mövcuddur.

Azərbaycanda 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində qış turizminin genişləndirilməsi üçün münbit şərait yaradılıb. Beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, eyni zamanda milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı ildən-ilə artıb. Bu obyektlərdə ümumi yerlərin sayı əvvəlki illərlə müqayisədə təxminən üç dəfə çoxalıb, xidmət səviyyəsi nümunəviləşib.  Bu ünvanlarda çalışanların əksəriyyəti Azərbaycan Turizm İnstitutunun nəzdində müxtəlif peşələr üzrə xüsusi kursu bitirmiş mütəxəssislərdir.

Ölkəmizdə turizm şirkətlərinin sayı artdıqca, bu sahənin inkişafına dövlət səviyyəsində qayğı göstərildikcə, onların arasında rəqabət də güclənir. 20 ilə yaxındır ki, hər il Azərbaycanda beynəlxalq turizm sərgisi və digər təbliğat-təşviqat xarakterli tədbirlər, görüşlər təşkil olunur. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəmizə gələn turistlərin sayında ilbəil artım müşahidə olunur. Azərbaycan üçün turizmdə ən böyük bazar Rusiya və digər MDB dövlətləridir. Müşahidələrdən görünür ki, ölkəmizdəki turizm obyektləri sırasında Qusar şəhərindən 30 kilometr şimalda yerləşən, 2045 hektardan artıq ərazini əhatə edən Şahdağ Qış-Yay Turizm Kompleksinin fəaliyyəti əcnəbi qonaqlar üçün ən məmnunluq doğuran ünvanlardandır. Bu məkanda bir neçə gün öncə qonaq olmuş müsahibim Soblyudayev Andrey Dmitriyeviç  deyir ki, Şahdağ Qış-Yay Turizm Kompleksində xizək və digər qış idman növləri ilə məşğul olmaq, ailəsi ilə birlikdə asudə vaxtını xoş və mənalı keçirmək ona xüsusi zövq verdi.

Söhbət zamanı müsahibim söylədi ki, dünyada baş verən iqtisadi böhran, Avropa və Şərq ölkələrində vəziyyətin qeyri-sabit olması və pandemiya səbəbindən insanlar bu ölkələrə səyahətə getməyə tərəddüd edirlər. Mən Rusiyanın Kemerova vilayətindənəm, yaşadığım şəhərdə tanış və dostlarım Azərbaycana səyahət etməyi daha məqsədəuyğun bilirdilər. Odur ki, biz ailəliklə buranı seçdik və çox məmnunuq ki, yanılmamışıq. Dağlar və vadilər diyarı olan bu bölgənin flora və faunası da özünəməxsusluğu ilə seçilir. Meşələrlə örtülü ərazilər, Şahnabaz və Laza şəlalələri qeyri-adi mənzərəsi ilə bizi heyrətə gətirdi. Arada vaxt tapıb Bakını da gəzdik. Dost-tanış üçün sizin ölkənizə məxsus, İçərişəhər, Şirvanşahlar sarayı, tarixi abidələr və görməli yerləri əks etdirən suvenirlər aldıq. Qayıdanda bu gözəl yerlər və mənalı istirahətimiz barədə yaxınlarımıza da danışacağıq. Ölkənizdə olmağımızdan çox şadıq, təəssüratımız böyükdür...

Ölkəmizin şimal bölgəsində olduğu kimi, cənub bölgəsində də qış turizminin özəllikləri turistlərdə böyük maraq doğurur. Bir tərəfdən Talış dağları, digər tərəfdən Xəzər dənizi ilə əhatə olunmuş Lənkərana gələnlərin çoxu əsasən dağlıq ərazilərə getməyə, gəzintiyə çıxmağa üstünlük verirlər. İranın  Təbriz şəhərindən olan Yusif Gəncəli dedi ki, Lənkərana ailəliklə 10 günlüyə istirahət etməyə gəlmişik. Xanımım Həbibə, uşaqlarım, qardaşım ağa Həbib və ağa Rza da mənimlədirlər. İstirahətimiz ürəyimizcədir. Lənkəranın dağlıq meşələri, mənzərəli yerləri, gəzməli və yaxşı istirahət guşələri var. Xatırladım ki, valideynlərim Gəncədən olub, 1918-ci ildən sonra İrana mühacirət etmişlər. Azərbaycanı çox sevirəm, iki gün bundan əvvəl Bakıya gəzməyə gəlmişdik. Hərbi Qənimətlər Parkında olduq, şəhər, xüsusilə Dənizkənarı bulvar çox möhtəşəmdir, Qələbə soraqlı uğurlarınız bizi də sevindirir. Qismət olsa, Novruz bayramında da Bakıya gəlmək fikrimiz var. Tanrıdan istəyimiz budur ki, bu il xalqımız üçün daha uğurlu və bərəkətli olsun.

Qış turizminin inkişafı baxımından əlverişli şəraitə malik ölkəmizdə, xüsusilə Qusar, Qəbələ, Gədəbəy, Quba, Göygöl və Naftalanda yaradılan istirahət guşələri də diqqətçəkəndir. Ötən il Naftalana gələn turistlərin sayı üç dəfədən çox artıb.  Naftalan şəhərinə 2020-ci ildə 4,7 min nəfər turist gəlmişdisə, 2021-ci ildə bu say 16 min nəfəri ötmüşdür. Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 3  min nəfəri qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 

Xatırladaq ki, ölkəmizin turizm baxımından əlverişli yerlərinə səyahətlər tur paketlər vasitəsilə təşkil olunur. Həmin tur paketlərin qiymətlərinin müxtəlifliyi isə ilk növbədə səyahətin müddətindən, hotellərdə göstərilən xidmətlərin qiymətlərindən, əyləncəli proqramların təşkilindən asılıdır. Qeyd edək ki, COVID-19 pandemiyasının qadağaları azaldıqca, ölkəmizə gələn turistlərin sayında da artım müşahidə olunur.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video