28 Avqust 2022 01:30
1970
SİYASƏT
A- A+

Qətiyyətli və müstəqil siyasətin yaratdığı reallıq

 

İlham Əliyevin uğurlu xarici diplomatiyası sayəsində Azərbaycan öz sözü və mövqeyi olan ölkə kimi tanınır

 

Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlərin dövrün tələblərinə uyğun tənzimlənməsidir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır.
Ölkəmizin son iyirmiillik tarixinə nəzər saldıqda görərik ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu Azərbaycanın beynəlxaq aləmdə imicinin yüksəlməsini şərtləndirib. 
İlham Əliyevin son 19 illik siyasi-diplomatik fəaliyyəti, müstəqil siyasəti Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Müstəqilliyinin bərpasından ötən 31 ildə heç vaxt indiki kimi güclü, qüdrətli və istiqrarlı olmayan Azərbaycan bu gün dünya düzənində özünəməxsus yer tutan ölkələrdən biri kimi tanınır. Bunun yeganə səbəbi isə İlham Əliyevin tam müstəqil siyasət yürütməsi və ölkənin iqtisadi qüdrətinin getdikcə daha da güclənməsidir. Əgər dünyanın geosiyasi mənzərəsinə nəzər yetirsək, görərik ki, bu 31 ildə Azərbaycanın əldə etdiyi uğurları inkişaf etməkdə olan ölkələrin əksəriyyəti, bəlkə də, heç 50 ildə qazana bilməyib.

 

Cənubi Qafqazın ən fəal siyasi və iqtisadi gücü

 

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan cəmi 31 ilə güclü iqtisadiyyata, müstəqil siyasətə sahib qüdrətli dövlətə çevrildi. Dünya artıq müstəqil Azərbaycanı qlobal layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir.
Müstəqillik dövründə ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etməsi, valyuta ehtiyatlarını 53 milyard dollara yüksəltməsi hər ölkəyə nəsib olmayan möhtəşəm nailiyyətlərdir.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan son 19 ildə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib.
Bu gün dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm sabitliyini təmin edir, həm də müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.
İkinci Qarabağ müharibəsindəki şanlı zəfərdən sonra isə regionda yaranan yeni reallıqlar və bölgədə diktənin Azərbaycana məxsus olması bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasi və iqtisadi aktorudur.
Yəni İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirmiş oldu. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini verir. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. 

 

Yüksək nüfuzun göstəricisi

 

Bu bir həqiqətdir ki, İlham Əliyevin prezidentliyi dövründə  respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirir. Bu qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli qlobal təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən İlham Əliyevin yürütdüyü müstəqil siyasət Prezidentin həm xalqın, həm də dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. 
Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri həm özünün, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.
Onu da xüsusi olaraq vurğulayaq ki, ötən ilin oktyabrında müstəqilliyimizin 30 illiyini qürur hissi ilə qələbə qazanmış, zəfər çalmış xalq kimi, dövlət kimi qeyd etdik. Bu il isə beynəlxalq əlaqələrimizin qurulmasının 30 illiyini fəxarətlə qeyd edirik. Bu uğurları dəyərləndirərkən İlham Əliyev qətiyyətlə vurğulayır ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı müstəqil yolundan döndərə bilmədi. 
2022-ci il söylədiyimiz kimi, Azərbaycanın beynəlxalq əlaqələrinin 30-cu ildönümü kimi də tarixə yazılır. Müstəqilliyin bərpasından sonra Azərbaycan 1992-ci ildən başlayaraq dünyanın əksər dövlətləri ilə ikitərəfli, qarşılıqlı münasibətlər qurub, hətta onların əksəriyyəti ilə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Həmçinin Azərbaycan beynəlxalq siyasi və iqtisadi təşkilatlarla da qarşılıqlı əlaqələr qurub. 
Son 30 ildə Azərbaycanın yaratdığı diplomatik münasibətlər, beynəlxalq miqyasda sərgilədiyi mövqe tərəfdaş dövlətlərin və beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə göndərdiyi məktublarda, telefon zəngləri zamanı səsləndirdikləri fikirlərdə də öz əksini tapır. Bundan da görünür ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlığa böyük önəm verir. 
Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlara sədrlik etməsi də ölkəmizə göstərilən etimadın əyani təzahürüdür. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara sədrlik edir və üzərinə düşən öhdəliyi uğurla reallaşdırır. Təkcə BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyi nümunə kimi göstərmək olar. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur.  İlham Əliyevin təşkilata sədrliyi dövründə irəli sürdüyü qlobalmiqyaslı təkliflərin beynəlxalq birlik tərəfindən təqdir edilməsi, müxtəlif qərarların qəbul olunması Qoşulmama Hərəkatının nüfuzunun daha da yüksəlməsinə xidmət edib.  

 

Azərbaycanın geosiyasi çəkisi getdikcə artır

 

Göründüyü kimi, İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanı ən etibarlı tərəfdaşa çevirib. 2003-cü ildə xalqın böyük etimadı ilə hakimiyyət estafetini götürən İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyəti Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.
İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur. Bunu şərtləndirən digər amil isə iqtisadi və siyasi müstəqillikdir. Son 19 ildə ölkəmizdəki iqtisadi müstəqilliyin yaratdığı reallıq tam müstəqil siyasətin yürüdülməsini şərtləndirib. Əgər bu, baş verməsəydi, bəlkə də indi Azərbaycan da bəzi ölkələr kimi forposta çevrilmişdi. Çünki iqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər.
Bir sözlə, İlham Əliyevin düşünülmüş inkişaf konsepsiyası ilə Azərbaycan tam müstəqil siyasət aparır, qlobalmiqyaslı təşəbbüslərlə çıxış edir, istənilən məsələ ilə bağlı öz mövqeyini çəkinmədən ifadə edir. Bu da əlbəttə ki, Azərbaycanın geosiyasi çəkisini getdikcə artırır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video