21 Dekabr 2021 00:31
1340
SİYASƏT
A- A+

Qətiyyətin İlham Əliyev nümunəsi

 

Ötən həftə Prezident İlham Əliyev Brüsselə səfəri zamanı mühüm görüşlər keçirdi və qalib gəldiyimiz Vətən müharibəsindən sonra ilk dəfə olaraq Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirdi.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə 4 saata yaxın keçirilən 3 tərəfli görüşdə isə İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, postmüharibə dövrünün praktiki elementləri, xüsusilə də kommunikasiyaların açılması məsələsi müzakirə mövzusu oldu. Görüşdən sonra verilən bəyanatlardan bəlli odu ki, Ermənistan 10 noyabr Bəyanatının müddəalarını tam olaraq icra etməlidir.

Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi geniş müsahibədə görüş zamanı aparılan danışıqlara və gələcək perspektivlərə toxundu.

 

Ermənistan ev tapşırığını yerinə yetirməlidir

 

Öncə İlham Əliyev Ermənistanın dəmir  yolu xətti çəkilişi məsələsinə aydınlıq gətirərək dedi ki, bu məsələyə xüsusi diqqət yetirilib: “Görüşdə Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”.

Görüşdə müzakirə edilən əsas məsələlərdən biri də minaların təmizlənməsi prosesi olub. İlham Əliyev bir daha bu məsələni qaldıraraq bildirib ki, müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Şarl Mişel isə Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə edib.

Ancaq bəllidir ki, minaların təmizlənməsi çox həssas, vacib və strateji fəaliyyətdir. Həqiqətən də, Böyük qayıdışa başlamaq üçün əhalinin azad olunmuş ərazilərə geri dönməsi, məskunlaşması arzu olunursa, həmin ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Lakin Ermənistanın yalançı mina xəritələri və hələ də özündə saxladığı bəzi məlumatlar bu prosesi ləngidir.

 

Avropa İttifaqının ayıracağı kreditlərin bölgüsü ədalətli deyil

 

Prezident İlham Əliyev Şarl Mişellə görüşdə təklif edib ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Yəni ayrılacaq vəsait Azərbaycana deyil, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə verilsin. Bundan sonra isə həmin şirkətlər Azərbaycana gələrək əməliyyatlara başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil.

İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycanın ehtiyacları minaların təmizlənməsi ilə məhdudlaşmır. Çünki işğal dövründə hər şey dağıdılıb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır.

Amma maraqlısı odur ki, Avropa İttifaqının bu yaxınlarda elan etdiyi dəstək paketində Ermənistana 2,6 milyard dollar, Azərbaycana isə, sadəcə, 140 milyon avro vəsait ayrılacaq. Yəni burada çox böyük fərq var, bu ədalətsizlikdir.

Prezident haqlı olaraq qeyd edib ki, bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Ayrılan vəsaitə diqqət etsək görərik ki, fərq təqribən 20 dəfə çoxdur.

Bunun ədalətli və hər iki ölkənin real ehtiyaclarına müvafiq bölgü olmadığını söyləyən dövlət başçısı deyib ki, hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, fərqin 5 dəfədən çox olduğunu görərik: “Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb... Eyni zamanda, bizim hesablamalara görə, orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz”.

Göründüyü kimi, məsələ çox təəccüblüdür. Qeyd edək ki, hətta Aİ bu paket elan edildikdən sonra Şarl Mişel Azərbaycana səfər etmişdi. Prezident İlham Əliyev müsahibəsində də qeyd edib ki, bu səfər zamanı mövzu müzakirə edilib və Azərbaycanın istəyi açıq şəkildə elan edilib: “Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”.

 

XXI əsrin ən böyük infrastruktur layihələrindən biri

 

İlham Əliyev Azərbaycanın enerji siyasətindən də söz açaraq həm yeni perspektivləri qiymətləndirib, həm də gələcək hədəflərdən danışıb. Azərbaycanın qaz strategiyasının çox aydın və açıq olduğunu deyən dövlət başçısı uzun illər ərzində ərsəyə gələn “Cənub qaz dəhlizi”nin Avropa üçün əhəmiyyətini vurğulayıb.

“Cənub qaz dəhlizi” XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan kəmər Bakıdan Adriatik dənizinin dibi ilə yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan “Cənub qaz dəhlizi”nin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl Azərbaycan artıq istehlakçılarla müqavilələr imzalayıb.

Gələcək planlara gəldikdə isə, Azərbaycan Prezidenti deyib ki, hasilatı və ixracı artırmaq imkanı var. Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq: “Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz “Cənub qaz dəhlizi”nin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək. Bu toplantıda gələcək addımlar planlaşdırılacaq. Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur. İndi komanda böyüyür, çünki biz artıq Avropanın təchizatçısı olmuşuq.”

Yanvarın 1-dən başlayaraq Azərbaycan İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz edib. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Lakin bu gün Azərbaycanın imkanları bununla bitmir. Hazırda ölkəmizin nəhəng yataqları, tam yeni, müasir infrastrukturu var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Buraya həm Balkanları, həm də Mərkəzi Avropanı əlavə etmək olar. Bu isə Azərbaycan üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq.

 

Ermənistan da regional nəqliyyat şəbəkəsinin üzvü ola bilər

 

Sonda isə İlham Əilyev bir daha Ermənistana açıq mesaj ünvanlayıb. Dövlət başçısı bəyan edib ki, Azərbaycanın dost və tərəfdaşlıq etdiyi ölkələr  bizə etibar edir və  ölkəmiz bütün qonşularla yaxşı münasibətdədir. Ermənistan nə qədər sülh sazişini imzalamaqdan boyun qaçırsa da, Azərbaycan ümid edir ki, münasibətlər normallaşacaq. Belə olan halda isə qazanan Ermənistan olacaq: “Baş nazir Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz kimi. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq. Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedəcək. Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti, həqiqətən, dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər”.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video