14 Avqust 2022 01:08
601
Səhiyyə
A- A+

"Qarpız kəsdim bal kimi"

 

Yay mövsümünün sulu və ləzzətli giləmeyvəsi qarpız zəngin vitamin və mineral tərkibinə görə sağlamlığa da olduqca faydalıdır. Təxminən 90 faiz sudan ibarət olması səbəbindən qızmar istilərdə orqanizmin su ehtiyacını ödəyən qarpız həzmi asanlaşdırır, ürək və göz sağlamlığını qoruyur, xolesterolu aşağı salır, orqanizmdə iltihabı azaldır. Kifayət qədər maye istehlak etmək qan dövranı, dəri sağlamlığı və həzm üçün vacibdir. Bu baxımdan qarpız həmçinin bədən istiliyini, orqan və oynaq funksiyalarını və maddələr mübadiləsini tənzimləməyə kömək edir.
İdmandan sonra əzələ ağrılarını aradan qaldıran qarpız sidikqovucu olduğu üçün böyrək problemi olan insanlara da çox faydalıdır. Zəngin kimyəvi tərkibi sayəsində qaraciyərdə mübadilə prosesini stimullaşdıran, ödün tərkibini yaxşılaşdıran, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alan və kalorisi az olan bu ləzzətli giləmeyvə zəngin vitamin və mineral tərkibi sayəsində iltihabı və ödəmi azaldan xüsusiyyətə malikdir. 

 

Xərçənglə savaşır

 

Giləmeyvənin tərkibindəki likopen sümük sağlamlığına qoruyucu təsir göstərir. Yaşa bağlı olaraq artan osteoporozun qarşısının alınması üçün təbii üsul hesab edilir. Qarpız həmçinin bu maddə sayəsində xərçəngə səbəb olan toxuma zədələnməsinin qarşısını almaqda mühüm rol oynayır, qida borusu, prostat, mədə, süd vəziləri, mədəaltı vəz və digər xərçəng növləri ilə savaşır. Bu giləmeyvə həmçinin içərisindəki xeyli miqdarda fol turşusuna görə qan azlığı və dəmir defisitli anemiya zamanı tövsiyə olunur.
Lif qaynağı hesab olunan qarpız mədə və bağırsaq sistemini tənzimləyir, qəbizlik və həzmsizlik kimi problemlərə kömək edir, yüksək miqdarda antioksidant xüsusiyyətləri sayəsində zərərli toksinlərin bədənə verə biləcəyi zərərin qarşısını alır, beyin sağlamlığını, uzunmüddətli yaddaşı qorumağa yardımçı olur.
Tərkibindəki vitaminlər sağlam dərini dəstəkləyir. Vitamin C dərini elastik və saçları gücləndirən bir protein olan kollagenin istehsalını artırır, vitamin A isə dəri hüceyrələrinin formalaşmasına və bərpasına kömək edir. Bundan əlavə, qarpız dərini günəş şüalarından qoruma xüsusiyyətinə də malikdir. Qarpız aşağı kalorili və bol su tərkibi ilə arıqlamağa və sağlam çəkini qorumağa da yardım edir.
Hamiləlik dövründə də qarpızın faydaları çoxdur və buna görə də gələcək analara ondan istifadə etmək tövsiyə olunur. Hamiləlikdə tez-tez rast gəlinən mədə yanması kimi problemlərə yaxşı təsir edən qarpız əl və ayaqların şişməsinin də qarşısını alır, səhərlər daha çox rast gəlinən ürəkbulanma və əzələ kramplarını azaldır. 
Qarpız suyu arıqlama prosesini müsbət şəkildə dəstəkləyir. Qarpız suyu bədəndə yağ yığılmasının qarşısını alır və beləliklə də arıqlamağa dəstək olur. Pəhriz proqramında yeməkdən 1 saat əvvəl 1 stəkan qarpız suyu içmək məsləhət görülür. Bu üsul həm az yeməyə, həm də arıqlamağa kömək edir. Eyni zamanda bu şirə tərləməklə itirilən lazımlı maddələri geri qazandırır, əzələ ağrılarını azaldır. Tərkibindəki A və C vitamini hüceyrələri yeniləyir və gec yaşlanmağa kömək edir. 330 ml qarpız suyunda 90 kalori olduğu üçün rahatlıqla içmək olar. Bir pay qarpız şirəsi günlük kalium ehtiyacını da qarşılayır. 

 

Şəfalı tumlar 

 

Qarpızın tumlarını tam bir şəfa deposu adlandırmaq olar. Qidalı və aşağı kalorili tumlar vitamin və minerallarla zəngin olduğu üçün immuniteti dəstəkləyir, ürək və sümük sağlamlığını qoruyur. Tərkibində çoxlu doymamış yağ turşuları, vitamin B kompleksi və yüksək miqdarda maqnezium var. Maqnezium sinir və əzələ funksiyasını qorumaq üçün vacib bir mineraldır. 1 ovuc qarpız toxumu gündəlik ehtiyacınız olan maqneziumun 5 faizini qarşılaya bilər. Doymamış yağ turşuları isə orqanizmə lazım olan enerjini verir və özünü daim halsız, yorğun hiss edənlər üçün dərman təsiri göstərir. Pis xolesterinlə mübarizə aparan tumlar şəkərli diabetdən damar xəstəliklərinə qədər bir çox ciddi xəstəliklərə tutulma riskini azaldır, mövcud xəstəliklərin sağalma prosesini sürətləndirir. 
Qarpız tumundan alınan yağ və bu tumlardan hazırlanan çay saçları sağlamlaşdırır. Qarpız tumu yağını saç dərinizdən saçın uclarına qədər çəkib, bir müddət gözləyin və sonra yuyun. Bu tətbiqi 15 gündən bir etməklə daha güclü və parlaq saçlara sahib ola bilərsiniz. Eləcə də qarpız tumlarını suda qaynadıb saçınızı yuyarkən, bu sudan istifadə edərək mükəmməl nəticə əldə edə bilərsiniz. 

 

Qarpız yemək hansı halda zərərlidir 

 

Qarpızın tərkibində yüksək miqdarda kalium olduğu üçün şiddətli hiperkalemiyası olan insanlar (qanda çox kalium) gündə bir dilimdən çox qarpız istehlak etməməlidirlər. Qarpızın həddindən artıq qəbulu nizamsız ürək döyüntülərinə və digər ürək-damar problemlərinə səbəb ola bilər.
Eyni zamanda çox qarpız yemək şişkinlik, ishal kimi həzm problemləri yaradar. Yüksək qlisemik indeksə malik olduğu üçün qan şəkərini də yüksəldə bilər. Diabet xəstələrinin qan şəkərinin səviyyəsini və istehlak etdikləri qidaların qlisemik indeksini izləmək son dərəcə vacibdir. Qlisemik indeks 70-dən yuxarı olan qidalar diabet xəstələri üçün tövsiyə edilmir. Qarpızın qlisemik indeksi 72-dir ki, bu da yüksək göstəricidir. Buna görə də şəkər xəstələri qarpız çox kiçik miqdarda yeməlidirlər. 

Qarpız haqqında maraqlı faktlar

 

Ruhu bəsləməsi üçün kralların məzarına qoyulan qarpız

 

Məlumatlara görə, qarpız ilk dəfə Afrikanın cənubunda bitib və hazırda dünyada qarpızın 1200-dən çox növü olduğu qeyd olunur. Misir heroqliflərinə görə, ilk qarpızın yetişdirilməsi isə təxminən 5000 il öncə baş verib. Keçmişdə Misirdə ölən kralların məzarlarına ruhlarını bəsləməsi məqsədilə qarpız qoyulurmuş.
Qarpız növlərindən bəzilərinin çəkisi 90 kiloqramı ötür. Dünyanın ən ağır qarpızı isə 159 kiloqram olmaqla Ginnesin Rekordlar kitabına düşüb. Dünyada 90-dan çox ölkədə qarpız yetişdirilsə də, ən çox qarpız istehsal edən ölkə Çindir. İstehsala görə ikinci sırada Türkiyə yer alır. 

 

Qarpız muzeyi

 

Dünyada yeganə Qarpız muzeyi Çinin paytaxtı Pekin şəhərində yerləşir. Muzeydə 600-dən çox qarpız və yemiş növləri, qarpız və yemişlərin şəkilləri sərgilənir. Nümayiş etdirilən eksponatlar isə həqiqi deyil, süni materialdan hazırlanıb. 2002-ci ildə yaradılan muzey 4000 kvadratmetr ərazini əhatə edir. Muzeydə qarpızın tarixindən tutmuş dünyadakı müxtəlif qarpız növləri, onların böyümə üsulları, Çinin qarpız mədəniyyətinə qədər məlumatlar var. 
Müasir muzey bol neon işıqlandırma ilə əhatə olunub. Bazar ertəsindən cümə gününə qədər işləyən muzeydəki eksponatların heç birinin ingilis dilində altyazısı yoxdur. Muzeydə bir sıra qarpız növlərinin yetişdirildiyi açıq sərgi sahəsi də mövcuddur. 
Qarpız mədəniyyətini təbliğ etmək və qarpız sənayesinin sürətli inkişafını təşviq etmək üçün 1 milyon 200 min yuandan çox sərmayə ilə ərsəyə gələn muzeyin memarlığı göz oxşayır. "Uçan qarpız" adlandırılan dizayn motivi Daxingdə qarpızın artan istehsalını simvollaşdırır. Əsas binadan kənarda Çin qarpızının istehsal tarixini əks etdirən relyeflər də var. Muzeyi ziyarət etmək üçün ən ideal vaxt yay ayları hesab olunur, çünki bu zaman ziyarətçilər nəinki qarpız becərilməsi haqqında daha çox məlumat əldə edə, həm də dünya ölkələrinin müxtəlif növ qarpızlarının dadına baxa bilərlər. 

 

Qarpız festivalları

 

Uzun illərdir dünyanın müxtəlif ölkələrində qarpız festivalları keçirilir. Xüsusilə Çin və ABŞ bu baxımdan daha məşhurdur. ABŞ-ın müxtəlif ştatlarında, xüsusən cənubunda demək olar ki, hər il belə meyvə bayramları keçirilir. Bu festivallar müəyyən əlamətlərinə görə seçilir. Bəzilərində dünyanın ən böyük, bəzilərində ən şirin qarpız uğrunda yarışlar gedir. Məsələn, Nyu-Orleanda Caz festivalının birinci günü "qurban verilən qarpız" artıq ənənəyə çevrilib. Eyni zamanda Florida ştatında hər il "Qarpız kraliçası" seçilir. "Qarpız kraliçası" qarpız sənayesinin sözçüsü kimi ABŞ və Kanada şəhərlərinə səfərlər edir. 
İranda da qarpıza xüsusi önəm verilir. Belə ki, çillə gecəsi kimi qeyd olunan bayram günü qarpız xüsusi əhəmiyyət daşıyır. Hər ilin ən uzun gecəsi ailə yığışır, birlikdə şam yeməyi yeyir. Yayda becərilmiş qarpızlar xüsusilə çillə gecəsi üçün saxlanılır. Bəziləri inanır ki, çillə gecəsi qarpız yeyən adam yay aylarında sağlam olacaq, istidən qoruna biləcək.
Çinin Daxing bölgəsində hər il may ayında keçirilən qarpız festivalında ən dadlı, ən şirin və ən gözəl qarpızlar uğrunda yarışmalar keçirilir. Pekinin cənubunda yerləşən Daxing ərazisində "qarpız şəhəri" kimi tanınan Xigua bu festivala evsahibliyi edir. Festival iyula qədər davam edir. 
1995-ci ildən bəri hər il avqust ayında Macarıstanda da qarpıza həsr olunan festival keçirilir. Macarıstanda keçirilən festival yarışlarında ən yaxşı nəticə əldə edən adam "Qarpız cəngavəri" seçilir. Yarışlar arasında jonqlyorluq, qarpızın yeyilməsi və qarpızın çəkisini tapmaq yer alır.
Azərbaycanda isə qarpız festivalı ilk dəfə 2016-cı ildə Sabirabadda keçirilib. Festivalda qarpız üzərində "Bədii oyma sənəti"ndən nümunələr, qarpızdan hazırlanan mürəbbə, kompot, turşu, şərbət, konserv, salat, kokteyl, şirniyyatlar, qarpız dondurması, qarpızdan hazırlanmış qəlyan, qarpız kababı, qarpız sendviçi, qarpızdan çəkilmiş araq, qarpızlı soyuq çay, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çay nümayiş etdirilib. 

 

4 min dollardan baha satılan qaraqabıqlı qarpız

 

Qarpızla bağlı son maraqlı məlumatlardan biri isə Yaponiyanın şimalındakı Hokkaydo adasında yetişdirilən "Densuke" qarpızının 600 min yenə satılmasıdır. 
Qara qabığı ilə seçilən qarpıza ötən il mövsümündə 750 min yenə alıcı çıxdığı bildirilir. Satıcılar bu il ölkə daxilində 55 min qarpız satmağı planlaşdırırlar. Hər il qiyməti 6 min dollara yaxın olan bu qarpızın pandemiya dövründə ucuzlaşdığı qeyd olunur. Çoxsulu və şirin olması ilə seçilən giləmeyvənin hər il mövsümündə hərracı keçirilir. 

Hazırladılar:
Yasəmən MUSAYEVA, 
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video