24 Iyun 2022 00:49
1414
SİYASƏT
A- A+

Qardaşlığın təntənəsi

 

İlham Əliyevin Özbəkistana səfəri Azərbaycana yüksək ehtiramın təcəssümü və dövlətlərarası münasibətlərin sarsılmaz təməllərə söykənməsinin təsdiqi oldu

 

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri həm iki ölkə arasında əlaqələrin daha da güclənməsi, həm də türk dünyasının həmrəyliyi baxımından böyük siyasi hadisə oldu. Olduqca səmimi və yüksək siyasi atmosferdə keçən bu səfər Azərbaycanla Özbəkistanın sarsılmaz qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bir daha təsdiq olundu ki, hər iki dövlət münasibətlərin inkişafında və əməkdaşlıq əlaqələrində ortaq milli dəyərlərə nə qədər böyük əhəmiyyət verir.

 

Özbəkistanda Heydər Əliyevin xatirəsi uca tutulur

 

Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan yüksək ehtiramın, iki xalqın qardaşlığının və dostluğunun təzahürü kimi tarixə düşdü. Bu meydan, həmçinin meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılması Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə və xalqımıza olan həqiqi qardaşlıq münasibətinin göstəricisidir. "Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir" - bunu Prezident İlham Əliyev  iyunun 21-də Heydər Əliyev Meydanının açılışında bildirib.

Heydər Əliyevin Özbəkistanın rəhbərləri ilə çox yaxın dostluq münasibətləri olub. Hansı ki, bu dostluq iki qardaş dövlətin əlaqələrinin ruhunu təşkil edib, daha da inkişafına və möhkəmlənməsinə səbəb olub.  Bütün bunları həm Azərbaycanda, həm də qardaş ölkədə çox yüksək dəyərləndirirlər. Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı dostluq da bu böyük ənənənin davamıdır. Bunun nəticəsidir ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr durmadan yüksəlir, iki qardaş dövlət beynəlxalq münasibətlər sistemində həmrəylik nümayiş etdirir, türk dünyasının güclənməsinə layiqli töhfələr verirlər.

 

Azərbaycanın zəfəri Özbəkistanda böyük sevinc hissi ilə qarşılanır

 

Dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qətiyyətlə dəstəkləyib, beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində bu barədə birmənalı mövqeyini ifadə edib. Vətən müharibəsində Azərbaycanın qazandığı zəfər isə Özbəkistan cəmiyyətində böyük sevinc hissi ilə qarşılanıb.

Prezident Şavkat Mirziyoyev bir neçə dəfə bu qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etmişdi. Hələ 2020-ci il dekabrın 11-də Prezident İlham Əliyevə zəng edən Şavkat Mirziyoyev  hərbi əməliyyatların başa çatması münasibətilə təbrikini diqqətə çatdırmış, qardaş ölkənin dost xalqına sülh və firavanlıq arzulamışdı. Həmin il dekabrın 23-də doğum günü münasibətilə İlham Əliyevə məktub göndərən Özbəkistan Prezidenti həm də qələbə münasibətilə bağlı təbrikini çatdırmışdı. 2021-ci il martın 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə isə Şavkat Mirziyoyev demişdir: "Fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası münasibətilə təbrik etmək istəyirəm". Həmin vaxt Özbəkistan Prezidenti ölkəsinin azad olunmuş ərazilərin bərpa  prosesinə töhfə vermək üçün hazır olduğunu da bəyan etmişdir. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilib və ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir.

Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı Şavkat Mirziyoyev Vətən müharibəsindəki qələbə münasibətilə bir daha Azərbaycan xalqını təbrik etdi: "Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi-qəlbdən təbrik edirəm".

Bütün bunları yüksək dəyərləndirən Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı Özbəkistan Prezidentinin sözlərinin, bizim qələbəmiz münasibətilə təbriklərinin Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul olunduğunu bəyan etdi.

 

Yüksək siyasi münasibətlərin təcəssümü

 

Ümumiyyətlə, Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanmasından başlamış səfər proqramının bütün tədbirləri iki dövlət arasındakı yüksək siyasi anlaşmanın və dərin qardaşlıq münasibətlərinin təcəssümü idi. Hər bir tədbir özəlliyi ilə əlamətdar oldu, Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqımızın tarixinə, mədəniyyətinə böyük ehtiramın çoxsaylı nümunələri ilə yadda qaldı.

Səfər zamanı imzalanan sənədlər ilk növbədə siyasi münasibətlərin və qardaşlığın yüksək səviyyədə olduğunu təcəssüm etdirdi. Müxtəlif sahələri əhatə edən bu sənədlər dövlətlərarası hüquqi bazanı daha da möhkəmləndirdi. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə" əlaqələrin yeni səviyyəyə çatdırılmasının yol xəritəsidir. Bəyannamədə iki dövlətin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər, dostluğun təcəssümü kimi xarakterizə etdilər. Səfərə verilən böyük dəyər, dövlət başçılarının dostluq münasibətləri, müraciətlər zamanı "qardaş" ifadəsinin işlədilməsi, imzalanmış sənədlərin əhatəsi bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir. Səfər proqramının zənginliyi, Özbəkistanın incəsənət ustalarının ifasında maraqlı konsert proqramlarının təşkili Azərbaycan Prezidentinə və dövlətimizə olan yüksək ehtiramın daha bir göstəricisi idi.

Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri isə iki dövlət və xalq arasındakı qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməllərə söykənməsinin təsdiqi oldu. Bu səfərin bütün məzmunu dövlətimizə və xalqımıza həqiqi qardaşlıq münasibətinin ifadəsi kimi tarixə düşdü.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video