07 Avqust 2022 00:44
592
İQTİSADİYYAT
A- A+

Qarabağın və Şərqi Zəngəzurun çayları əkinçinin köməyinə gəlir

 

Üstəlik, Arana da dağlardan su çəkiləcək

 

Ərzaq təhlükəsizliyinin daha böyük önəm daşıdığı, o cümlədən kənd təsərrüfatı məhsullarına tələbatın kəskin şəkildə artdığı indiki zamanda  suvarma suyu əvvəlkindən də çox diqqət tələb edir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin çayları, sözün əsl mənasında, əkinçinin köməyinə gələcək. Dövlət bu çayların sularının tarlalara, bağ-bostana yönəldilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan  müşavirədə bir daha vurğulamışdır: "Suvarma ilə bağlı layihələri xüsusilə qeyd etmək istəyirəm. Azad edilmiş ərazilərdə həm böyük su anbarları və su kanallarının tikintisi, həm içməli su təchizatı nəzərdə tutulur - biz Şərqi Zəngəzuru azad etməklə böyük su mənbələrinə yenə də qayıtmışıq, onlar da işğal altında idi. Eyni zamanda suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək".

30 illik işğal dövründə düşmənin çaylarımıza qarşı ekoloji terror törədərək onların sularını olmazın dərəcədə çirkləndirdiyi indi bütün dünyaya məlumdur. Erməni vandalları eyni zamanda su ehtiyatlarından məqsədli şəkildə təzyiq vasitəsi kimi istifadə etmişlər. Kənd təsərrüfatı işlərinin qızğın çağında,   suvarmaya  ciddi ehtiyac olduğu zaman  çayların  qarşısını kəsmişlər. Daşqınlar  baş verəndə, eləcə də əkinlərə su lazım olmayan vaxtlarda isə anbarların ağzını açaraq ciddi problemlər yaratmışlar. Su anbarlarının qəsdən dağıdılması düşmənin təkcə Qarabağ və Şərqi Zəngəzurun deyil, nəticə etibarilə ölkəmizin  bütün aqrar sahəsinə ağır zərbə vurmuşdur.

Məsələn, Sərsəng  və Suqovuşan su anbarları uzun müddət  düşmənin əlində olduğuna görə 100 min hektar torpaq  susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi.  Eyni taleyi Köndələnçay və çayın üzərindəki su anbarları, digər  su mənbələri  də yaşamışdır.

Dövlət başçısı bu məsələyə həmçinin əvvəlki çıxışlarında dəfələrlə toxunmuşdur: "Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd - bax bu su anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri... Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur". 

Eləcə də Tərtərçay sol sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi görüləcək işlər sırasındadır. Bu il Bərgüşad su anbarının layihəsinin hazırlanması  öz həllini tapmalıdır. Verilən yeni təkliflərə  əsasən, Zəngilan, yaxud  Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur. Bunlar imkan verəcək ki, yaxın zamanlarda 10 min hektar sahə  suvarma ilə təmin edilsin.  Görülən işlər  sayəsində nə yaradılacaqsa, hamısı ölkənin ümumi su təsərrüfatı sisteminə inteqrasiya ediləcək. Bu  məqsədlə kompleks tədbirlər nəzərdə tutulub  və həyata keçirilir.

Prezident İlham Əliyev keçən il iyunun 14-də və bu il aprelin 21-də  Füzuli rayonunda Köndələnçay su anbarlarının yerləşdiyi ərazilərə səfər etmiş, orada aparılacaq təmir-bərpa işləri ilə tanış olmuşdur. Xatırladaq ki, Köndələnçay üzərində üç su anbarı var. Onlardan biri -"Köndələnçay-1" 1951-ci ildə inşa edilib. Bu su anbarının  tutumu 2,1 milyon kubmetr təşkil edir. "Köndələnçay-2" anbarının isə 3,9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar  Aşağı Köndələnçay su anbarıdır və 9,5 milyon kubmetr su tutumuna malikdir. Mütəxəssislərin  fikrincə, sözügedən  bu anbarlara həmçinin Köndələnçaya paralel axan Quruçaydan  iki hidroqovşaq vasitəsilə  su axıtmaq  mümkündür.

İşğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Prezident  artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verib. Yeni kanalların çəkilməsi və köhnələrin  bərpası üçün vəsait  ayrılıb, geniş proqram icra edilməyə başlanıb.

Dövlət başçısı  cari ilin birinci yarısının  yekunları ilə bağlı müşavirədə içməli su probleminə də toxunmuş  və həmin istiqamətdə Qarabağın və Şərqi Zəngəzurun  su mənbələrinin töhfə verəcəyini qeyd etmişdir: "Bu yaxınlarda Kəlbəcər, Laçın rayonlarında olarkən mənə layihə təqdim edildi. Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən içməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var. Yəni bu, içməli su ilə bağlı olan problemləri böyük dərəcədə həll edəcək. Ona görə bu layihələrə xüsusilə baxmaq lazımdır."

İçməli suya və suvarmaya eyni zamanda xarici  investisiyaların yönəldilməsi də məqsədəuyğun məsələdir. Bəzi xarici şirkətlər artıq Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmək üçün, o cümlədən dəniz  suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı müraciət etmişlər. Prezident bunun da çox böyük əhəmiyyəti olduğunu vurgulamışdır: "Bu, dünyanın bir çox ölkələrində artıq sınaqdan çıxmış layihələrdir və burada dövlət-özəl sektor tərəfdaşlığı da mümkündür. Əlbəttə, eyni zamanda dövlət xətti ilə, özəl investisiya xətti ilə ayrı-ayrılıqda layihələrin icrası nəzərdə tutulmalıdır".

Qeyd edək ki, Xəzər suyunun saflaşdırılması sahəsində özümüzün də müəyyən təcrübəmiz var. Hələ ötən illərdə bir sıra yerlərdə suyu saflaşdıran qurğular quraşdırılmışdı  və fəaliyyət göstərirdi.

 

Flora SADIQLI,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video