06 Iyul 2022 01:52
696
İQTİSADİYYAT
A- A+

Qarabağ və Şərqi Zəngəzurun bərpası daha da sürətlənəcək

 

Dövlət büdcəsindən ən çox vəsait bu sahəyə ayrılıb

 

Dünya tarixindən məlumdur ki, müharibələr başa çatdıqdan sonra istər qalib tərəf olsun, istər məğlub, ölkələr dərin sosial-iqtisadi böhran yaşamağa məhkum olur. Amma bu reallığı Azərbaycana aid etmək mümkün deyil. Əksinə, ölkəmiz 44 günlük Vətən savaşından sonra özünün yeni sosial-iqtisadi inkişaf dövrünə qədəm qoyub və bu dövr işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən qlobal layihələrlə səciyyələnir.

Xəbər verildiyi kimi, Milli Məclisdə ölkənin sosial-iqtisadi inkişafının növbəti 6 aydakı fəaliyyətini müəyyən etmək  üçün dövlət büdcəsinə yenidən baxılmış və dəyişikliklər edilmişdir. Prezident iyulun 4-də dəyişikliklər olunmuş büdcəni təsdiq etmişdir.

Yenilənmiş dövlət büdcəsinin gəlirləri 2381,8 milyon manat artırılaraq 29197,8 milyon, xərcləri isə 2424,8 milyon manat artırılaraq 32303,8 milyon manata çatdırılmışdır. Artan gəlirlərin 65 faizi qeyri-neft, 35 faizi neft gəlirləri hesabına formalaşacaq. Eyni zamanda Dövlət Neft Fondundan dövlət büdcəsinə  transfert 1192 milyon manat azaldılmışdır. Bu yerdə qeyd edək ki, artan gəlirlərin 65 faizinin qeyri-neft sektoru hesabına formalaşması, neft gəlirlərindən büdcəyə transfertin azaldılması ölkədə aparılan uğurlu iqtisadi islahatların nəticəsidir.

Dəyişiklik edilmiş dövlət büdcəsində artırılan xərclər hesabına yaranan ehtiyat vəsaitlərin yönləndirildiyi istiqamətlər də müəyyən olunub. Böyük qayıdış, müdafiə, hərbi və milli təhlükəsizlik, Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, eləcə də sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsi, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatlaarın yaradılması, sahibkarlığın dəstəklənməsi, həmçinin bir sıra zəruri kommunal və kommunikasiya sahələri prioritet sahələr kimi götürülüb. Büdcədən həmin sahələr üzrə vəsaitin bölüşdürülməsi zamanı onların ölkə üçün əhəmiyyəti nəzərə alınıb.

Beləliklə, Böyük qayıdışın  daha sürətlə təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1477 milyon, müdafiə, hərbi və milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 milyon, Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 34 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsinə 519 milyon, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması üçün 193 milyon, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsindən  ötrü 163 milyon, həmçinin  bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üçün 42 milyon manat vəsait xərclənəcək.

Xatırladaq ki, sənədin Milli Məclisin iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərəfov dövlət büdcəsindəki dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsi, neft və qaz qiymətləri ilə bağlı hökumətin gözləntiləri və işğaldan azad edilən ərazilərin bərpasına ayrılacaq vəsait barədə deputatlara məlumat verərək bildirmişdir ki, yeni xərclərin 2 milyard 986 milyon manatı ilk növbədə Böyük qayıdışın təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında zəruri infrastruktur layihələrinin icrasına yönəldilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputatların nəzərinə çatdırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsindəki artımlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək. O, həmçinin vurğulamışdır ki, həssas kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Bu məqsədlə sosial islahatlar davamlı xarakter alır. Onlara müxtəlif sosial ödənişlər təyin olunub və məşğulluqları təmin edilib. Həmin kateqoriyadan olan insanların avtomobillə, protezlə təmin olunması və reabilitasiyası istiqamətində zəruri tədbirlər görülür.

Nazir müharibə veteranlarının ödənişlərinin məbləği ilə bağlı qeyd etmişdir ki,  2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırılaraq 80 manata çatdırılıb. Lakin sosial ödənişlə bağlı davamlı islahatlar fonunda bu məsələyə yenidən baxılacaq: "Əsas hədəf müharibə veteranlarının geniş şəkildə məşğulluğa cəlb edilməsidir, çünki onların çoxu əmək qabiliyyəti olan insanlardır. Bu istiqamətdə icra olunan layihələr çərçivəsində təxminən 7 minə yaxın müharibə iştirakçısı özünüməşğulluq proqramlarından yararlanıb".

Göründüyü kimi, cari ilin dəyişiklik edilmiş dövlət büdcəsinin əsas istiqamətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkənin hərbi və milli təhlükəsizliyinin təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Bununla yanaşı, ölkədə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, Vətən müharibəsi zamanı bəzi rayon və şəhərlərdə dağıdılmış yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin bərpası, ərzaq təhlükəsizliyinin təmin edilməsi də yeni büdcədə öz əksini tapıb. Bir sözlə, dövlət büdcəsinə edilən əlavələr və düzəlişlər ölkənin sosial-iqtisadi inkişaf dinamikasına müsbət təsir göstərməyə hədəflənib.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video