19 Yanvar 2022 00:21
625
SİYASƏT
A- A+

Qanlı şənbə gecəsi hec vaxt unudulmur

 

Xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 1990-cı ilin 20 Yanvarıdır. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri, azadlıq, müstəqillik və suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədi ilə həmin gün imperiya mərkəzi Bakı şəhərinə əksəriyyəti ermənilərdən ibarət qoşun yeritdi.

Təcavüz nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı, 321 nəfər  itkin düşdü, yüzlərlə insan həbs edildi, ya da ömürlük şikəst oldu. Günahsız vətəndaşlara qarşı sovet qoşunlarının bu hücumu 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda dinc əhali arasında törədilmiş qırğının davamı idi.

1980-ci illərin sonlarında ölkəmizdə ictimai-siyasi vəziyyətin  kəskinləşməsi, ittifaq rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Bu kəskinləşmənin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ  problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızı hiddətləndirmişdi. Bununla əlaqədar başlayan milli azadlıq hərəkatı öz möhtəşəmliyi və prinsipiallığı ilə SSRİ  rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Ölkəmizdə milli azadlıq mücadiləsi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda baş qaldıran erməni separatizmi, həm də qədim türk torpaqları sayılan indiki Ermənistandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulmasına səbəb olmuşdu. Həmin dövrdə nümayiş və mitinqlərdə əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zorla öz doğma yurdlarından qovulur, evləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də  ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi.

Respublikada yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə  edən SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının köməyi ilə Bakıda müxtəlif iğtişaşlar törətdilər. Azərbaycanı informasiya blokadasına almışdılar. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladıldı. Radio və televiziyanın fəaliyyəti dayandırıldı, qəzetlər nəşr edilmədi. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və müsibətli bir vaxtda xalqımızın vətənpərvər oğlu, Ulu Öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də oğlu cənab İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Zəngin dövləti idarəetmə təcrübəsinə malik olan Ulu Öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünya səviyyəsində rəsmiləşdirdi, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli Lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla Ulu Öndər bütün dünya qarşısında 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin təməlini qoydu. Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev bununla da Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqe nümayiş etdirdilər...

Dövləti idarəetmə təcrübəsinə malik olan Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin lazımınca dəyərləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Hələ 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etmişdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə gəlişindən sonra isə bu faciəyə hüquqi qiymət verildi.

Ulu Öndər 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Bu, Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan  İkinci Qarabağ savaşından sonra daha çox müşahidə edilməkdədir. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir, şəhid ailələrinin, əlillərin sosial təminatı daha da möhkəmləndirilir. Ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına tikilən fərdi və yaşayış evlərinin sayı  ildən-ilə artır.

Xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinə daim böyük qayğı ilə yanaşıb. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın  da bu istiqamətdə həyata keçirdiyi tədbirlər yüksək dəyərlərə malikdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən  Qarabağ münaqişəsi, xalqımızın qanlı tarixi 20 Yanvarla bağlı kitablar, bukletlər, albomlar nəşr olunub, filmlər çəkilib.

COVID-19 pandemiyasının qayda və tələbləri çərçivəsində bir neçə gündür ki, respublikamızın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı görüşlər, konfrans və toplantılar keçirilir, mühazirələr söylənilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş etdirilir, bu tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılır. Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər  keçirilir, xalqımızın qəhrəmanlıq tarixinə çevrilmiş 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar verilir, Azərbaycandakı əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil edilir.

Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlər keçirilir, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar genişliyi ilə gündəmə gətirilir.

O qanlı şənbə gecəsində azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divanı xalq heç vaxt unutmur. Hər il dinindən və irqindən asılı olmayaraq on minlərlə Azərbaycan vətəndaşı, ölkəmizdə səfərdə olan  xarici ölkə başçıları, turistlər və qonaqlar Bakının ən uca yerində - hamımız üçün müqəddəs sayılan, xalqımızın qəhrəmanlıq tarixini özündə yaşadan Şəhidlər xiyabanına gəlir, müstəqillik uğrunda sinələrini sipər etmiş xalqımızın  mərd oğul və qızlarını böyük ehtiramla yad edir, məzarları önünə tər gül dəstələri düzürlər.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video