09 Avqust 2022 01:04
548
Səhiyyə
A- A+

Qan tökməkdənsə, kiminsə həyatını xilas etmək daha vacibdir

 

Aşura günü Bakı və rayonlarda təşkil olunan aksiyalarda böyük izdiham yaşandı

 

Məhərrəm ayının 10-u - Aşura günü idi. Azərbaycanda hər il olduğu kimi, bu il də həmin gün qanvermə aksiyası keçirildi. Aksiyada 18-65 yaşarası, çəkisi minimum 50 kiloqram olan sağlam şəxslər iştirak edə bilərdilər. Ötən gün bu məqsədlə əhali paytaxtda yerləşən məscid və ziyarətgahlara, həmçinin bölgələrdəki müvafiq səhiyyə müəssisələrinə yaxınlaşaraq qan verirdilər.

 

14 məntəqədə 100-dən çox tibb işçisi xidmət göstərirdi

 

Aksiya Bakı şəhəri üzrə Xəzər rayonu Mirmövsüm ağa ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu "Şah Abbas", Səbail rayonu Bibiheybət məscid ziyarətgahında, Suraxanı rayonu Qaraçuxur, Yasamal rayonu Təzəpir məscidlərində, bölgələr üzrə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində həyata keçirilirdi.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının tibb heyəti qanvermə aksiyalarının keçirilməsinə cəlb olunmuşdu. TƏBİB-dən verilən məlumata görə, 100-dən çox tibb işçisi aksiyanın keçirildiyi müvafiq ərazilər üzrə fəaliyyət göstərirdilər. Qanvermə saat 08:00-dan başlayaraq 18:00-dək davam edib.

 

Hər kəs zəruri müayinələrdən keçirilir

 

Aksiyanın keçirildiyi məkanlardan biri olan Təzəpir məscidinə yollandıq. Qan verilən yerin girişində böyük izdiham var idi. İnsanlar məsciddə ziyarətlərini edəndən sonra buraya yaxınlaşırdılar. Hər kəs içəri keçib qan verməyə tələsirdi. İzdihama baxmayaraq, növbə gözlənilir, sıra ilə bura gələnlərdən bütün qaydalara riayət olunaraq qan götürülürdü.

Bütün donorlar zəruri müayinələrdən keçirilirdi. Proses qan verən şəxslə bağlı məlumatların toplanılması ilə başlanılırdı. Təzyiqi ölçülən şəxs daha sonra laborator testlərə yönləndirilirdi. Burada onun hemoqlabin dəyəri ölçülürdü. İlkin tibbi müayinədən uğurla keçənlər sonuncu mərhələdə qan verirdilər. Qan verdikdən sonra insanların hazırlanan çay və şirniyyat süfrəsində əyləşməsi üçün də şərait yaradılmışdı.

Alınan qanın standart dozası 350-400 ml təşkil edirdi. Qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə aparılır, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə edilir.

 

Hər bir insan kiməsə kömək edəcəyini düşünürdü

 

Aksiyaya qoşulanlardan biri olan Vəfa Hacıyeva qeyd edir ki, 5 ildən çoxdur xəstə insanlara, qana ehtiyacı olan şəxslərə yardım etmək üçün qan verir. "Bu dəfə isə oğlumla birlikdə gəlmişəm. Ümid edirəm ki, verdiyimiz qan ehtiyacı olanlara kömək edəcək".

Elə qan verən anda yaxınlaşdığımız Qərib Adgözəlov isə söyləyir ki, səhhəti yaxşı olduğu müddətdə daim belə təşəbbüslərə qoşulur. "Xüsusilə son illərdə torpaqlarımızın müdafiəsində əvəzsiz rol oynayan əsgərlərimizə dəstək olmaq hər birimizin borcudur".

Aksiyanın keçirilməsini yüksək qiymətləndirən Kamran Hüseynov deyir ki, ehtiyac sahiblərinin, maddi vəziyyəti aşağı olan xəstə insanların bizlərin köməyinə ehtiyacı var. "Verdiyimiz qan ehtiyacı olan xəstələrə bizdən bir pay olsun. Bu zaman yaxşılıq əsl məramına çatar".

 

1 vahid qandan 3 insan faydalana bilir

 

Qanvermə məntəqəsinə gələrək açıqlama verən Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirdi ki, Bakı şəhərində saat 08:00-dan 18:00-a qədər 1295 nəfər, regionlarda isə 598 nəfər qan verib. "Qana hər zaman ehtiyac var. Çünki qanın istifadə müddəti 42 gündür. Buna görə də, askiyalardan əlavə mütəmadi olaraq könüllü donorlardan qanların alınması bizim əsas istiqamətimizdir".

Q.Ələkbərova onu da nəzərə çatdırdı ki, qanın heç bir əvəzləyicisi yoxdur. Onun mənbəyi yanlız insandır. Alınan 1 vahid qandan 3 fərqli qan komponentin hazırlanması 3 insanın qanla təmin edilməsinə yardımçı olur.

Deyilənlərdən bir daha belə aksiyaların əhəmiyyəti, insan həyatındakı rolu aydın olur. Daim sağlamlığımızın qeydinə qalaraq, başqalarına kömək etməkdən də çəkinməməliyik. Məhz ötən gün məscid və tibb məntəqələrində verilən qanlar neçə-neçə insanın yenidən həyata dönməsinə vəsilə olacaq.

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video