26 Iyun 2022 02:23
853
Mədəniyyət
A- A+

Qala şəhərimizin mədəni mühitini canlandıran tədbirlər davam etdirilir

 

2020-ci ildə 44 gün davam edən və müzəffər Azərbaycan Ordusunun böyük qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra düşmənin nə qədər qəddar, amansız olduğunu daha aydın gördük. Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalında qalmış Qarabağ və Şərqi Zəngəzurda qarşılaşdığımız mənzərələr sözlə ifadəsi mümkün olmayacaq qədər acınacaqlı idi. Erməni vandalları bu illər ərzində heç zaman onlara məxsus olmamış və görünür, özlüklərində olmayacağını da yaxşı bildikləri yaşayış məskənlərimizdə daşı daş üstündə qoymamışdılar.

Tarixi-mədəni, dini abidələri, müasir tikililəri eyni amansızlıqla uçurub dağıtmışdılar. Kəndləri, qəsəbələri, rayonları, şəhərləri xarabalığa çevirmişdilər. Mənfur ermənilər insanlıq duyğularından elə məhrum oldular ki, təbiətin gözəlliklərinə də qıydılar. Dünyanın ən əsrarəngiz guşələrindən olan Qarabağın, Şərqi Zəngəzurun zəngin meşələrini ağaclarsız qoydular, bulaqlarını qurutdular, təbii sərvətlərini daşıyıb apardılar, talan etdilər. O yerlər erməni vandallarının əlləri ilə saralıb-soldu, xarabalığa çevrildi.

Bu mənzərələr Vətən müharibəsinin qalibiyyəti ilə sevincə bürünmüş Azərbaycan xalqını qubarlandırsa da, hər kəs gələcək üçün ümidli idi. Şübhə yox idi ki, işğala son qoyulduğu kimi, uzun illər sağalmaq bilməyən, qövr edən mənəvi yaralar da sarınacaq, Qarabağ və Şərqi Zəngəzur yenidən öz növrağına qayıdacaq. Təbiəti diriləcək, işğaldan əvvəlki illərdə olduğu kimi, gül gülü, bülbül bülbülü çağıracaq. Yeni meşə zolaqları salınacaq, bulaqları çağlayacaq. Ərazinin infrastrukturu qurulacaq. Təzə yaşayış evləri, inzibati binalar tikiləcək. Bu yerlərin sakinləri geri qayıdacaq, həyat yenidən başlayacaq. İndi Qarabağ və Şərqi Zəngəzurda sürətlə həyata keçirilən tikinti, bərpa-quruculuq işləri söyləməyə əsas verir ki, o günlər uzaqda deyil.

Həmin ərazilərdə hazırda geniş infrastruktur layihələri ilə yanaşı, mədəni dəyərlərimizin yenidən əzəli yurd yerlərimizə qaytarılması istiqamətində də davamlı iş aparılır. Bu baxımdan dövlət başçısı tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində xüsusilə mədəni mühitin yenidən canlandırılması ilə əlaqədar məqsədyönlü işlər görülür. Vətən müharibəsində torpaqlarımız azad edildikdən, ərazi bütövlüyümüz bərpa olunduqdan sonra həyata keçirilən böyük quruculuq layihələri inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, tarixi ərazilərimizdə illərdir keçirilməyən mədəni tədbirləri, ənənələri də reallaşdırdı. Qarabağın incisi Şuşada ötən ilin mayında "Xarıbülbül" Musiqi Festivalı və avqustda Vaqif Poeziya Günlərinin, eləcə də digər möhtəşəm tədbirlərin keçirilməsi bunun təzahürüdür.

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan edilməsi ilə əlamətdar olub. Bu münasibətlə ölkəmizdə, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada silsilə tədbirlər təşkil edilir.

Hələ ötən il iyunun 22-də Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs yaradılıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib. İdarənin fəaliyyət istiqamətləri müəyyənləşdirilib: Şuşa şəhərinin ərazisində yerləşən abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək; Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək; müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək; Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq. Bu ilin fevralında "Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində" adlı

XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfər ediblər. Əvvəlcə Azərbaycanın görkəmli sənətkarları Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhərinin mərkəzi meydanında olublar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları Qış Məktəbinin iştirakçılarına şəhər və güllələnmiş heykəllər barədə ətraflı məlumat veriblər.

Sonra Qış Məktəbinin iştirakçıları Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər Ağa məscidi, Qazançı kilsəsi ilə tanış olub, Cıdır düzünə gediblər.

Bu il 12-14 may tarixlərində Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilib. Azərbaycanın mədəniyyət paytaxtında düzənlənən beynəlxalq tədbirin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, eləcə də Azərbaycanın müxtəlif regionlarından olan folklor kollektivlərinin iştirakı ilə düzənlənən beynəlxalq tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu olub.

İyunun 1-də Şuşada məktəblilər arasında "Şuşa ili"nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti olub. Tədbir Şuşa Real Məktəbinin qarşısında təşkil edilib. Konsert proqramında 150-yə yaxın məktəbli çıxış edib, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə düzənlənən tədbirin sərgi hissəsində müsabiqə qaliblərinin rəsm və əl işlərinə baxış keçirilib.

Qarabağa dəymiş misilsiz ziyanın aradan qaldırılması istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Bu istiqamətdə layihələrin reallaşdırılmasında dövlət başçısının sərəncamı ilə yaradılmış Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin üzərinə böyük işlər düşür. Təqdirəlayiqdir ki, idarə vəzifəsini layiqincə yerinə yetirir.

 

Z.FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video