19 Iyun 2022 01:03
1700
SİYASƏT
A- A+

Qafqazın unikal geosiyasi mərkəzi

 

Azərbaycan qlobal problemlərin həlli istiqamətində əməkdaşlıq və dialoq platformasına çevrilib

 

Müstəqilliyinin bərpasından ötən 30 ildə əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider dövləti statusuna sahiblənən Azərbaycan bu gün həm də sivilizasiyalar arasında mənəvi körpü rolunu oynamağa layiqli şəkildə davam edir. Demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünyanın ən mötəbər kürsülərindən eşidilir.

Prezident İlham Əliyevin uğurlu diplomatik gedişləri nəticəsində Azərbaycan tam müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınmaqla yanaşı, bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq əsasında xoşniyyətli tərəfdaşlar üçün unikal məkana çevrilib. Bu siyasətin təntənəsi Azərbaycanın ictimai-siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində də öz təsdiqini tapır. Bu həqiqət hər il Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, forumlarda, sərgilərdə və digər tədbirlərdə özünü bir daha büruzə verir.

 

Bakıdan dünyaya növbəti həmrəylik çağırışı

 

Son 20 ildə Azərbaycan sürətli və hərtərəfli inkişafla bərabər, həm də beynəlxalq tədbirlərin, forum və konfransların, sərgilərin keçirildiyi məkan kimi də tanınıb. Dünyanın elə bir mötəbər təşkilatı tapılmaz ki, Bakıda onun toplantısı keçirilməsin. Bu da əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyasda siyasi çəkisinin yüksəlişinə xidmət edən amillərdən biri olub.

2022-ci ilin ötən dövrü ərzində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə diqqət etsək, görərik ki, Azərbaycan həm dünyanı təhdid edən qlobal problemlərin həlli istiqamətində təşəbbüskar kimi çıxış edir, həm də beyin mərkəzlərinin, tanınmış siyasətçilərin, iqtisadçıların iştirakı ilə keçirilən beynəlxalq forumlara, konfranslara yüksək səviyyədə evsahibliyi edir.

İyunun 16-18-də paytaxtımızda keçirilən IX Bakı Qlobal Forumu bunun əyani təzahürüdür. İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan və dünyanın 50-dən artıq ölkəsinin nüfuzlu siyasi xadimlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda müzakirə edilən məsələlər bir daha göstərdi ki, Azərbaycan bəşəriyyəti təhdid edən məsələlərin həlli istiqamətində hər zaman beynəlxalq birliyi həmrəyliyə səsləyib və bu prosesə yüksək töhfə vermək üçün təşəbbüslərlə çıxış edib. 

Bakıda keçirilən IX forumda da qlobal məsələlər, o cümlədən təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, sülh, əməkdaşlıq, inteqrasiya, artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması kimi mühüm mövzuların müzakirə edilməsi bir daha bu reallığı təsdiqləmiş oldu.

İlham Əliyev növbəti dəfə yeni reallıqları dəyərləndirib qlobal problemlərin həlli istiqamətində görülməsi vacib olan işlərin əsas istiqamətini göstərdi. Hər zaman dünyanı narahat edən mühüm məsələlərin həlli istiqamətində qlobal miqyaslı təklifləri ilə diqqət çəkən, eyni zamanda irəli sürdüyü ideyaları təqdir edilən Azərbaycan Prezidenti bəyan etdi ki, dünya nizamının ciddi dəyişikliyə və yenidən dərk edilməsinə, müasir yanaşmaların işlənib hazırlanmasına ehtiyac var. Forumda iştirak edən dünyanın tanınmış siyasi xadimlərinin səsləndirdikləri fikirlər də İlham Əliyevin irəli sürdüyü təkliflərə dəstək nümayişi kimi xarakterizə edilə bilər.

Bir sözlə,  IX Bakı Qlobal Forumunun iştirakçıları, yəni dünyanın 50-dən artıq dövlətinin 300-dən çox siyasi xadimi tərəfindən növbəti dəfə beynəlxalq birliyə ölkəmizdən sülh, həmrəylik çağırışı edildi.

 

Şuşa həm də diplomatik mərkəzə çevrilir

 

Vətən müharibəsindən sonra isə böyük zəfərin simvolu olan Şuşa bərpa-quruculuq, tərəqqi ünvanına çevrilməklə yanaşı, həm də Azərbaycanın siyasi, diplomatik mərkəzi statusuna da sahiblənib. Həyata keçirilən müxtəlif layihələr əsasında simasını günbəgün dəyişən və sürətlə inkişaf edən mədəniyyətimizin paytaxtında mühüm toplantıların, konfransların və forumların keçirilməsi bunun bariz təcəssümüdür.

Belə tədbirlərdən biri də bu il martın 18-nə təsadüf etdi. Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Tədbirdə Azərbaycanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında ölkəmizin yeni prioritetlərini və imkanlarını müzakirə etmək olub.

Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Çünki məhz 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul edildikdən 2 ay sonra Şuşa şəhəri Ermənistan tərəfindən işğal edilib. 30 il ərzində mədəniyyət paytaxtımız erməni barbarları tərəfindən dağıdılıb, tarixi və mədəni-dini abidələrimiz təhqir edilib, "erməniləşdirmə" prosesi aparılıb. Lakin ermənilər nə qədər saxtakarlıq etməyə çalışsalar da, istəklərinə nail ola bilməyiblər. 44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan dövləti Şuşada viran qoyulan bütün tarixi, mədəni abidələrimizi bərpa edir və bu gün dünya əsl həqiqətləri anlayır.   

Şuşada keçirilən daha bir beynəlxalq tədbir isə aprel ayına təsadüf etdi. Dünyanın 23 ölkəsindən gəlmiş 40-a qədər beynəlxalq ekspertin, beyin mərkəzləri nümayəndələrinin iştirakı ilə keçirilmiş "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı konfransda  İlham Əliyevin sərrast çıxışı, səslənən suallara verdiyi dolğun cavablar bir daha Azərbaycanın həm regional, həm qlobal baxışını, həm də geosiyasi problemlərlə əlaqədar ölkəmizin qəti mövqeyini nümayiş etdirdi.

 

İlham Əliyevin qlobal təşəbbüsləri dəstəklənir

 

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, hazırda beynəlxalq münasibətlərin, mühüm məsələlərin müzakirə olunduğu siyasi-diplomatik mərkəz rolunda çıxış edir. Beynəlxalq təşkilatların rəhbərlərinin, üzvlərinin Şuşaya -  Qarabağa, Şərqi Zəngəzura səfərləri bir daha onu təsdiq edir ki, dünya İlham Əliyevin yaratdığı reallıqları qəbul edir.

Bundan başqa, ölkəmizdə 24 dövlətin 449 şirkətinə qucaq açan XV Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi, Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı, 26-29 may tarixlərində "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri, Bakı Enerji Forumu və bu həftə keçirilməkdə olan "Formula-1" Azərbaycan Qran-prisi bir daha təsdiq edir ki, Azərbaycan 2022-ci ilin ötən dövrü ərzində də bir sıra beynəlxalq toplantılara, idman və mədəniyyət tədbirlərinə yüksək səviyyədə evsahibliyi edib və bu gün də öz təcrübəsini bölüşməkdədir. 

Bu toplantılar ilk növbədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verir. Tədbirlərin əksəriyyətində iştirak etmək üçün Azərbaycana səfər edən əcnəbi qonaqlar işğaldan azad edilmiş torpaqlarımıza da səfər edərək erməni vandalizmi ilə əyani tanış olublar. 

Bütün bunlar həmçinin Azərbaycanın beynəlxalq rolunu xeyli dərəcədə gücləndirir və ölkəmizin dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksəksəviyyəli görüşlərə evsahibliyi edərək ən mütərəqqi əməkdaşlıq platformasına çevrildiyini təsdiqləyir.

Beynəlxalq təşkilatlar Azərbaycanı bu tədbirlər vasitəsilə daha yaxından tanıyır və öyrənir. Xarici təşkilatların beynəlxalq tədbirlərin keçirilməsi üçün əhəmiyyətli məkan olaraq  Azərbaycanı seçməsi isə heç də təsadüfi deyil. Çünki son bir neçə ildə mötəbər tədbirlərə ev-sahibliyi edən Azərbaycanın bunun öhdəsindən uğurla gəlməsi, nüfuz qazanması və təşkilati məsələlərə xüsusi önəm verməsi diqqətdən kənar qalmır. Ən əsası,  dünyada  cərəyan edən hadisələr fonunda  ölkəmizdə sabitliyin olması seçim zamanı məhz Azərbaycan üzərində dayanılması ilə nəticələnir.

Keçirilən beynəlxalq tədbirlərin digər üstünlüyü ölkə iqtisadiyyatına təkan verməsidir. Çünki Azərbaycanda keçirilən hər hansı tədbirə gələn xarici investorlar burada yatırımlar üçün əlverişli şəraitin və imkanların olmasını, eyni zamanda biznesin inkişaf etdirilməsi üçün sabitliyin hökm sürdüyünü görür. Bu baxımdan beynəlxalq səviyyəli tədbirlər investisiya cəlbi üçün də əhəmiyyətli təbliğat vasitəsi sayılır.

Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycana bir çox dividentlər qazandırıb. Ölkəmiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də Qafqazın güc və beyin mərkəzi statusuna sahiblənib.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video