11 Yanvar 2023 03:19
1762
SİYASƏT
A- A+

Qafqazın qüdrətli modern ordusu 

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyada ilk "smart müharibə" aparan yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələr yaradıb

 

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqına zəfəri bəxş etmiş qüdrətli orduya çevrilib. Hələ 2003-cü ildə xalqdan etimad mandatı alıb Prezident kimi fəaliyyətə başladığı andan etibarən ordu quruculuğu məsələləri İlham Əliyevin siyasətinin prioriteti olub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib.

 

2022-ci ilin uğurları - "Qisas" və Fərrux əməliyyatları

 

Prezident İlham Əliyev tərəfindən ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev ötən il ordu quruculuğu prosesində reallaşan bəzi məsələlərə də aydınlıq gətirərək bildirib ki, 2022-ci ildə hərbi gücümüz daha da artıb, bu sahəyə daim böyük diqqət göstərilib: "Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq".
Ali Baş Komandan bu il bir neçə hərbi əməliyyatların da keçirildiyini və bu əməliyyatların ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədiyini vurğuladı. Fərrux əməliyyatı, "Qisas" əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan-Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar ölkəmizin növbəti parlaq qələbəsi ilə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirdi və bu gün qəhrəman, igid oğullarımızın həmin yüksəklikdəki xidməti düşmənə gözdağı verir.   
Ötən həftə ABŞ-nin beynəlxalq analitik mərkəzi olan "Global Firepower"in dünya ölkələrinin güclü ordularının reytinq siyahısını açıqlaması bir daha Azərbaycanla məğlub Ermənistan arasındakı fərqi açıq-aşkar göstərib. Hesabata əsasən, Azərbaycan Ordusu 2023-cü ilin yanvar tarixinə 145 ordu arasında 57-ci yerdə qərarlaşıb. Hesabatda Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir. 2023-cü il hesabatına görə, Türkiyə dünyada 11-ci, İran isə 17-ci yerdədir. Müharibədən əziyyət çəkən Ukrayna 15-ci yerdədir. 
"Global Firepower" indeksini hesablayarkən qoşunların sayı, zirehli texnika, hərbi dəniz qüvvələri, ölkənin təbii ehtiyatları, şəxsi heyətin sayı, nəqliyyat və infrastrukturun inkişaf səviyyəsi, hərbi büdcə, valyuta ehtiyatları və alıcılıq qabiliyyəti də daxil olmaqla 60 amili nəzərə alırlar.

 

Yeni mərhələyə keçən ordu quruculuğu

 

İkinci Qarabağ müharibəsindəki şanlı zəfər bir daha təsdiq etdi ki, Azərbaycan regionda ən güclü orduya malik ölkədir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı yüksəkdir. Vətən müharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir.
Ümumiyyətlə, Vətən müharibəsi ordumuz üçün həm də bir sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan silah-sursatlar, texnikalardan yararlanma və ən başlıcası isə, vahid komandanlıq sisteminin idarəedilməsinin uğurlu nəticəsi əsl reallığı əks etdirdi.  
Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin hazırda maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür. Xüsusən də yeni yaradılan Komando briqadaları hərbidə müasir yeniliklərdən biridir və Azərbaycanda bir ilkdir.
Qalib Sərkərdə İlham Əliyevin göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir. 
Müharibədən sonra Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu yeni tapşırıqlar və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişi uğurla icra olunur. Qalib Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret vəzifələr müəyyən edib.  
Bununla yanaşı, hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərçiklər salınır.  Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

 

Hərbi islahatlar-modern silah-sursatla təchizat, yüksək döyüş hazırlığı 

 

Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır. 
Lakin Ali Baş Komandan konkret planlar, tədbirlər əsasında hərbi islahatlarını davam etdirir və ordumuzun arsenalını getdikcə daha da gücləndirir. Bu da səbəbsiz deyil. Elə məhz bu məsələyə İlham Əliyev bir daha aydınlıq gətirərək Azərbaycanın bu gün hərbi quruculuğu davam etdirməsinin səbəblərini bir neçə aspektlə əsaslandırıb. Prezident vurğulayıb ki, ilk olaraq müharibə dövründə Azərbaycan Ordusu kifayət qədər döyüş sursatından istifadə edib və bu gün onlar bərpa edilməlidir. Bunun üçün bağlanmış yeni müqavilələr əsasında ordumuzun arsenalı ən yeni silah-sursat, hərbi texnikalarla təchiz edilir. 
Digər məsələ isə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsi böyük qələbə ilə yanaşı, həm də əməliyyatların aparılması sahəsində böyük təcrübə olub. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanması prosesi idi ki, ordumuz bu yoxlamadan şərəflə çıxdı. 
Ali Baş Komandanın tapşırıqlarından biri də yeni Komando xüsusi təyinatlı qüvvələrin yaradılması idi. Bu tapşırıq da uğurla icra olunur. Artıq müxtəlif ərazilərdə Komando briqadaları yaradılıb. Komando qüvvələrinin yaradılması ordumuzun hərbi potensialının təkmilləşdirilməsi elementlərindən yalnız biridir və çox vacib elementdir. 
Komando briqadalarında yüksək təlim keçmiş, güclü iradə nümayiş etdirmiş   hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşə hazırdılar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya-kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdilər.
Göründüyü kimi, həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış Komando idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video