04 Iyun 2022 00:33
1817
SİYASƏT
A- A+

Qafqazın ən fəal iqtisadi gücü

 

İlham Əliyevin postböhran dövrü üçün müəyyənləşdirdiyi inkişaf strategiyası möhkəm təməl üzərində qurulub

 

Qlobal iqtisadiyyatın üzləşdiyi ağır sınaq illərinin ardından əksər ölkələr yeni inkişaf strategiyalarını postböhran dövrünün çağırışlarına uyğun müəyyənləşdirirlər. Ekspertlər 2022-ci ili dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçid ili kimi səciyyələndirirlər.

İkinci Qarabağ müharibəsindən şanlı zəfərlə çıxan Azərbaycan da gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun müəyyənləşdirib. Qəbul etdiyi uzaqgörən qərarları ilə Azərbaycanı bütün böhranlardan üzüaz çıxaran İlham Əliyevin müəllifi olduğu "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" inkişaf strategiyası növbəti 10 il üzrə yüksəlişin yol xəritəsi hesab edilir.

 

Regional iqtisadiyyatın lokomotivi

 

Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olmaqla həm də dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biridir.

Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə dayanıqlı inkişafın təminatçısıdır. Bəzi böyük ölkələr hələ də pandemiyanın vurduğu hərtərəfli zərərlər səbəbindən iqtisadi tənəzzül yaşasalar da Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsindədir. Bunu ilin sosial-iqtisadi göstəriciləri də təsdiqləyir.

Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında ölkəmizin əldə etdiyi uğurlu iqtisadi göstəricilər bir daha səsləndi və dövlət başçısı bildirdi ki, bütün bunlar islahatların və toplanan gəlirlərin yönləndirilməsinin təzahürüdür.

Ümumiyyətlə, 2022-ci ildə ümumi daxili məhsul -  7,2 faiz, qeyri-neft sektoru 11,5 faiz, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Xarici borcumuz ÜDM-nin 12,5 faizini təşkil edir. Ölkəmizin strateji valyuta ehtiyatları 52 milyard dollara çatıb.

Onu da əlavə edək ki, Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının real ifadədə 3,1 faiz, 2023-cü ildə isə 2,7 faiz artacağını proqnozlaşdırır. Yəni, 2022-2023-cü illərdə ölkə iqtisadiyyatının orta artım tempinin 2,9 faiz olacağı proqnozlaşdırılır. Qeyd edilir ki, qeyri-enerji sektorunun, münaqişədən sonrakı yenidənqurma da daxil olmaqla artan dövlət sərmayəsi ilə dəstəklənən iqtisadi artıma təkan verəcəyi gözlənilir.

Göründüyü kimi, Azərbaycan getdikcə iqtisadi imkanlarını daha da gücləndirir. Nəzərə almalıyıq ki, müharibədən çıxmış və işğaldan azad edilmiş torpaqlarda böyük tikinti-quruculuq işlərinə başlayan Azərbaycan bütün işləri heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan öz gücü ilə həyata keçirir. Bütün bunlar bir daha  göstərir ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib.

 

Sözünün sahibi, ən etibarlı tərəfdaş

 

Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilən Azərbaycanın coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına töhfə verir. Müstəqillik illərindən bugünədək Azərbaycana yatırılmış investisiyaların həcminə nəzər yetirsək görərik ki, iqtisadiyyata yatırılan investisiyanın yarısı xarici sərmayələrdir. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan həm də regionda yaratdığı yeni reallıqlara uyğun addım atır. Artıq qarşıya qoyulan hədəflər də bəllidir. Bütün bu proseslər "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" inkişaf strategiyasına uyğun reallaşdırılır.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında İlham Əliyev bir daha Azərbaycanın iqtisadi qüdrətini dəyərləndirərək hazırda həyata keçirilən işlərdən söz açdı. Prezident dedi ki, Azərbaycan etibarlı tranzit ölkəsi kimi potensialını getdikcə daha da gücləndirir. Zəngəzur dəhlizinin fəaliyyətinə start verilməsi isə bu potensiala müsbət impuls verəcək. Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən hava limanları, dəmir yolu xətləri beynəlxalq tranzit imkanlarımızı genişləndirəcək. Yeni dəniz limanı, bütün istiqamətlərlə ölkəmizi birləşdirən dəmir və avtomobil yolları, hava limanlarının sayının getdikcə artması Azərbaycana iqtisadi dividendlər gətirəcək.  Azad olunmuş ərazilərdə üç yeni hava limanı (Füzuli Hava Limanı artıq istifadəyə verilib) tikildikdən sonra Azərbaycan 9 beynəlxalq aeroporta sahib olacaq.

Prezident dedi ki, Zəngəzur dəhlizi yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün də mühüm ixrac marşrutu ola bilər. Bununla da Azərbaycan Asiya ilə Avropa arasındakı körpü rolunu daha da gücləndirəcək və investisiyalar üçün ən əlverişli məkanlardan biri olduğunu təsdiqləyəcək.

Beləliklə, İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələr, ölkə iqtisadiyyatnın yüksəlişi istiqamətində müəyyənləşdirdiyi strategiya, iqtisadiyyata yatırılan investisiyalar onu deməyə əsas verir ki, 2022-ci il Azərbaycan üçün uğurlu il olacaq. 2021-ci il ölkəmizdə geniş islahatlar, quruculuq və abadlıq, iqtisadiyyatda artım ili kimi yadda qaldısa, Prezidentin müəyyənləşdirdiyi inkişafın yeni yol xəritəsi növbəti illərdə həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə tərəqqi və yüksəlişə real zəmin yaradacaq.

Zəfər Komandanının düşünülmüş yüksəliş konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video