02 Avqust 2022 01:50
2036
SİYASƏT
A- A+

Qafqazın ən əlverişli investisiya məkanı

 

ABŞ Dövlət Departamentinin dərc etdiyi "2022 İnvestisiya Hesabatları: Azərbaycan" adlı  sənəddə bu reallıq bir daha təsdiqini tapır

 

Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilən Azərbaycanın coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına mühüm töhfə verir.

Müstəqillik illərindən bu günədək Azərbaycana yatırılmış investisiyaların həcminə nəzər yetirsək görərik ki, iqtisadiyyata yatırılan 300 milyad dollara yaxın investisiyanın yarısı xarici sərmayələrdir. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir.

Eyni zamanda hazırda Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, investisiya yatıran qüdrətli dövlətə çevrilib. Əlbəttə ki, bütün bunlar həyata keçirilən müstəqil siyasət nəticəsində qazanılan iqtisadi müstəqilliyin, strateji və etibarlı tərəfdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı nəticəsində reallaşır.

 

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar davam edir

 

Vətən müharibəsindəki böyük zəfərdən sonra regionda sabitliyin yaranması Azərbaycanda ümumi investisiya mühitinin daha da inkişaf etməsini şərtləndirib. Bu günlərdə ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi "2022 İnvestisiya Hesabatları: Azərbaycan" adlı sənəddə də göstərilir ki, Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir, lakin bəzi önəmli çağırışlar qalmaqdadır.

Sənəddə qeyd edilir ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb olunmasına çalışır.

Amerikalı iqtisadçıların hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 4,3 faiz kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6 faiz böyüyüb. İqtisadiyyatın pandemiyadan sağalması dövründə neft və qaz sektoru 1,7 faiz, qeyri-neft sektoru 7,2 faiz artıb. Neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat-logistika.

Vurğulanıb ki, biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər səmərə verib. Lazımsız biznes lisenziyası kateqoriyalarının aradan qaldırılması, populyar olan "ASAN xidmət"in lisenziyalaşdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təftişlərinin dayandırılması istiqamətində və vergi sistemində islahatlar aparılıb.

Sənəddə o da qeyd olunub ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda dövlət büdcəsindən 471 milyon dollar ayrılaraq vaksinlərin alınmasına, səhiyyə işçilərinə bonusların ödənilməsinə və modul tipli xəstəxanaların fəaliyyət göstərməsinin dəstəklənməsinə sərf edilib.

 

İqtisadi müstəqillik, investisiya yatıran ölkə, investorlar üçün yaradılan şərait

 

Ölkədəki sabitlik, xarici investorlara yaradılan əlverişli şərait, güzəştlər iş adamlarının diqqətini daim cəlb edib. Bu səbəbdən də xaricdən ölkəyə investisiya, sərmayə qoymaq istəyənlərin sayı getdikcə çoxalıb. Hazırda da bu proses davam etməkdədir. 

Bu bir həqiqətdir ki, son 19 ildə Prezident İlham Əliyevin əsas hədəflərindən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirməkdir. Bu səbəbdən də ölkədə iqtisadi müstəqillik əsas prioritet olub və siyasi müstəqillik üçün bünövrə rolunu oynayıb. Məhz İlham Əliyevin müstəqil siyasəti, uğurlu diplomatiyası sayəsində Azərbaycan bu gün özünü təmin edən, iqtisadi müstəqilliyə sahib olan qüdrətli ölkədir. Bunu müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görünməmiş yenidənqurma, tikinti-quruculuq işlərinin heç kimdən yardım almadan dövlətin öz gücünə həyata keçirməsi də bir daha təsdiq edir. 

Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amil ölkəmizdəki sabitlik və normal investisiya mühitinin yaradılmasıdır. Bu fakt inkaredilməzdir ki, hər bir dövlət, şirkət bu və ya digər ölkənin iqtisadiyyatına investisiya yatırarkən ilk növbədə demokratik inkişafın əsas göstəricilərindən olan sabitliyə xüsusi diqqət yetirir. Qoyulan investisiyanın təhlükəsizliyinin təminatı bütün dövrlər üçün aktul hesab edilir.

İlham Əliyev ölkəmizdəki investisiya mühitindən söz açarkən hər zaman qeyd edir ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Çünki ölkəmizdə mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Azərbaycana investisiya yatırmaq istəyən ölkələrin sayı getdikcə artır. Ötən il ölkəmizə ən çox investisiya yatıran ölkələrin siyahısına nəzər yetirsək görərik ki, 2021-ci ildə Azərbaycana xaricdən 4 milyard, 795 milyon, 271 min dollar dəyərində birbaşa investisiya yatırılıb. Bu, 2020-ci illə müqayisədə 5,9 faiz çoxdur. İnvestisiyaların mənbələrinə gəldikdə, ötən il Azərbaycana ən çox investisiya yatıran Böyük Britaniya (1.586,61 milyon dollar), Türkiyə (700,19 milyon dollar) və ABŞ (507, 39 milyon dollar) olub.

Azərbaycan həm də xarici ölkələrə investisiya yatıran dövlətə çevrilib. Təkcə 2021-ci ilin statistik göstəricilərinə nəzər yetirsək görərik ki, ötən il Azərbaycan xarici ölkələrə 825,79 milyon dollar həcmində birbaşa investisiya yatırıb. Ölkəmiz tərəfindən 2021-ci ildə ən çox investisiya Türkiyəyə yatırılıb - 280,54 milyon dollar.

 

Azərbaycan külək və günəş enerjisinə investisiya yatırmağa başlayıb

 

Bu gün fəxrlə qeyd etdiyimiz reallıqlardan biri də budur ki, Azərbaycan nəinki neft-qaz, eyni zamanda qeyri-neft sektoru sahəsində də mövcud imkanlarına görə dünyanın diqqətini çəkir.

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin investisiya mühüti də müzakirə mövzusu olub. Dövlət başçısı vurğulayıb ki, dünyada gedən proseslərə nəzər saldıqda bəzi yerlərdə investisiyalar üçün, ümumiyyətlə, şəraitin olmadığı aşkar görünür. Çünki investorlar riskli ölkələrə yatırım etməkdən çəkinirlər.

Azərbaycan isə hələ 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkə olarkən Ulu Öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində neft sahəsinə milyardlarla dollar investisiya gətirə bilib.

Bu gün ölkəmizin qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və onların sayı artır. Çünki bunun üçün ölkəmizdə lazımi şərait yaradılıb. İnvestisiya iqlimi, böyük şirkətlərlə əməkdaşlıq, siyasi sabitlik və əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki qələbə investorları daha da həvəsləndirib. Ona görə ki, bölgədə artıq müharibə riskləri yoxdur və ölkəmizin təhlükəsizliyinə inam artıbdır.

Qarşıya qoyulan hədəfləri dəyərləndirən Prezident vurğulayıb ki, özəl sektoru və xarici investorları ölkəmizə daha böyük sayda cəlb etmək üçün əsas investisiya gətirə biləcək ölkələrdə daha da fəal işləməyi şərtləndirir. Azərbaycanda müntəzəm olaraq biznes forumlar, investisiya konfransları keçirilməlidir ki, ölkəmiz öz imkanlarını təqdim edə bilsin.

Onu da vurğulayaq ki, Azərbaycan bərpaolunan enerji mənbələrinə - külək və günəş enerjisinə investisiya yatırmağa başlayıb. Bunu Prezident İlham Əliyev Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanması zamanı söyləyib. Dövlət başçısı bildirib ki, Aİ də Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində malik olduğu böyük potensialı qiymətləndirib: "Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirməsini həyata keçirmişik. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 giqavatdır. Bizim resurs bazamız həqiqətən də böyükdür".

Göründüyü kimi, Azərbaycanın təkmil islahatları davamlı iqtisadi inkişafı və maliyyə imkanlarının artmasını şərtləndirir ki, bunlar da öz növbəsində  ölkəmizin hərtərəfli inkişafına, həmçinin əməkdaşlıq əlaqələrinin genişlənməsinə  yol açan mühüm layihələrin icrasını stimullaşdırır. İnvestisiya imkanlarının genişlənməsi ölkə iqtisadiyyatına, həmçinin Azərbaycanın digər ölkələrin iqtisadiyyatına qoyduğu sərmayələrin həcminin artmasından da aydın görünür. Əsas hədəf Azərbaycanın  bütün sahələrdə təcrübəsinin nümunə olduğunu dünyaya nümayiş etdirməkdir. Beynəlxalq maliyyə qurumlarının  hesabatlarında ölkəmizin reytinq göstəriciləri bu hədəfin reallıq olduğunu təsdiqləyir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video