15 Yanvar 2022 00:44
225
İQTİSADİYYAT

Qafqazın ən böyük külək-elektrik stansiyası

 

300 min ev elektrik enerjisi ilə təmin ediləcək, 220 milyonkubmetrqazaqənaətolunacaq, 400 mintonkarbonqazınınatmosferə atılması azalacaq

 

Yanvarın 13-də Azərbaycanın iqtisadi-siyasi həyatında daha bir tarixi hadisə yaşandı. Gülüstan sarayında 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük külək elektrik stansiyası olacaq “Xızı-Abşeron” KES həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, həm də  təbii qaza qənaətlə bağlı məsələlər həllini tapacaq. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq.

 

Dünyanın ilk hibrid tipli elektrik stansiyası Azərbaycandadır

 

XXI əsrdə məlum səbəblərdən ekoloji durumun korlanması, dünyanın karbohidrogen ehtiyatının tükənməsi və həmçinin dünyanın gündən-günə enerjiyə olan tələbatının artması ilə əlaqədar olaraq alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadə edilməsi günümüzün mühüm məsələlərindəndir.

Külək qurğularının və günəş batareyalarının quraşdırılması ətraf mühitdə hər hansı bir ekoloji pozuntu (çirklənmə) ilə müşayiət olunmur. Bu qurğuların dünyanın bir çox yerlərində, eləcə də Abşeronda quraşdırılması və istisimarı üçün əlverişli yerlər mövcuddur.

Hazırda dünyada istehsal olunan enerjinin yalnız 15 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşür. Bu enerjinin isə 79 faizi biokütlənin, 17 faizi suyun, 2 faizi geotermal, 1 faizi günəş və 1 faizi külək enerjisinin payına düşür.

Bu günə qədər Azərbaycanda ən böyük külək-elektrik stansiyası “Qobustan” Hibrid Elektrik Stansiyası idi. 2011-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Qobustanda açılışı olan stansiyada külək, Günəş və bioqaz qurğusundan əldə olunan elektrik enerjisi istehsal edilir. Bu, həm də külək, Günəş və bioqaz stansiyalarını birləşdirən dünyanın ilk hibrid tipli elektrik stansiyası hesab olunur. 38 hektar ərazidə inşa olunan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi külək, Günəş və bioqaz stansiyaları ilə təchiz edilib.

Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpa-olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

“Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlinin qoyulmasını da bu siyasətin növbəti təntənəsi adlandırmaq olar. Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan “ACWA Power” şirkəti, həmçinin enerji sahəsində dünyanın ən böyük müəssisəsidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir.

 

Xarici investorların Azərbaycana marağı getdikcə artır

 

Müstəqilliyinin bərpasından ötən 30 ildə Azərbaycan iqtisadyyatına 300 milyon dollar investisiya yatırılıb. Bu investisiyanın yarısı xarici investisiyadır. Hər ötən il xarici investorların maraq göstərdiyi Azərbaycanda iş adamları üçün yaradılan şərait, edilən güzəşt onların sayının artmasını şərtləndirir.

Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə, xüsusən də Davos Forumunun toplantılarında xarici investorlara müraciət edir və Azərbaycanda yaradılan biznes mühitinin şərtlərini diqqətə çatdırır və bununla da hər il onların sayında artım müşahidə olunur. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş torpaqlarımıza investisiya yatırmaq istəyən iş adamlarına böyük güzəştlər tətbiq edib. Bu gün bir çox Avropa ölkələrinin tanınmış şirkətləri Qarabağ və Şərqi Zəngəzurda layihələrini gerçəkləşdirməkdədirlər.

“Xızı-Abşeron” KES-in təməlqoyma mərasimində İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik - bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır: “Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm “Gülüstan” sarayında 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” artıq uzun illərdir ki, icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub”.

İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları, həm də elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.

Prezident işğaldan azad olunmuş ərazilərimizin də imkanlarından söz açaraq investorlara mesaj ünvanlayıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş-elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq.

Onu da vurğulayaq ki, təhlillər nəticəsində işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalının mümkünlüyü bəlli olub. Prezident dost ölkələrin investorlarının, şirkətlərinin bu imkanları da araşdırmağa və Azərbaycanla bərabər böyük layihələrə start verməyə çağırıb.

 

Azərbaycan indi dünyanın enerji ixracatçıları sırasındadır

 

Bir vaxtlar özünün daxili enerji tələbatını ödəyə bilməyən və bunu idxalla təmin edən Azərbaycanın adı indi dünyanın enerji ixracatçıları sırasında çəkilir. Hazırda Azərbaycan həm daxili tələbatı tam ödəyir, həm də bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə Azərbaycanı birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilə bilər.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Son illərdə region ölkələrində və eyni zamanda Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərarlar qəbul ediblər.

Eyni zamanda dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və Azərbaycan işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “Yaşıl enerji” zonası elan edib. Artıq bir neçə su- elektrik stansiyası da inşa edilib.

Azərbaycanda “Xızı-Abşeron” KES-in yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, uğurlu göstərici və digər potensial investorlar üçün də bir siqnaldır. Stansiyanın gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min ev elektrik enerjisi ilə təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq və il ərzində 400 min ton karbon qazının atmosferə atılması azalacaq. Eyni zamanda Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə veriləcək.

Prezidentin də söylədiyi kimi, bu müqavilə onu bir daha təsdiq edir ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən yüksək maraq var. Bunu da şərtləndirən amillər sabitlik, əmin-amanlıq, əlverişli biznes mühiti, investorlar üçün yaradılan münbit şəraitdir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video