16 Yanvar 2022 11:56
446
CƏMİYYƏT
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi ilə görüşüb

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Riçard Qallaher Azərbaycan ilə Müqəddəs Tax-Tacın uzun illərdir davam edən əlaqələrindən məmnunluğunu ifadə edib.

Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibini 44 günlük Vətən müharibəsi və müharibədən sonra yaranmış yeni reallıqlar barədə məlumatlandıran Şeyxülislam Allahşükür Paşazadə deyib: “Bu münaqişənin dini müstəviyə keçməməsi üçün Rus Pravoslav kilsəsinin vasitəçiliyi ilə illər boyu səy göstərdik. Çünki həqiqətən bu haqq işini qarşı tərəfdən dini müstəviyə keçirmək istəyənlər var idi. Bütün Rusiyanın mərhum patriarxı Zati-müqəddəsləri Aleksi, sonra isə Kiril həzrətlərinin səyləri ilə 1988-ci ildən başlayaraq bir çox üçtərəfli görüş keçirdik. Biz çalışdıq və istəyimizə nail olduq. Bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kiril vasitəsilə mənimlə erməni kilsəsinin rəhbəri arasında görüş keçirilmişdi. Bu görüşlərin əsas nəticəsi məhz münaqişənin dini müstəviyə keçməsinin qarşısının alınması oldu. Lakin təəssüf ki, erməni din xadimləri yeniyetmələrinə, gənclərinə müraciət edərək onların silaha sarılmalarını tövsiyə edirlər. Bir əIində incil tutan din xadimi digər əlində silah tutmamalıdır. Din xadimi qarşıdurma, revanşizm, müharibə çağırışları deyil, sülhə çağırış etməlidir”.

QMİ sədri erməni tərəfinin işğal dövründə Azərbaycan ərazilərində müsəlman və xristian dini abidələrini dağıtdığını deyib: “Lakin Bakıda erməni kilsəsi və oradakı kitablar qorunub saxlanılır. Mən Papa Fransisklə görüşdə bütün bu sadaladıqlarımın əyani şahidi olmaq üçün Vatikandan bir nümayəndə heyətinin Azərbaycanı ziyarət etməsini təklif etdim”.

Riçard Qallaher Azərbaycanda baş verən proseslərin, xüsusilə Qarabağın işğaldan azad edilməsinin Vatikanın diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki mədəni irsin məhv edilməsi ilə bağlı araşdırmalar aparmaq üçün bir nümayəndə heyətinin göndərilməsi barədə UNESCO-ya müraciət olunub. Bu siyasi yox, texniki-mədəni missiya olacaq. UNESCO missiyası vəziyyəti dəyərləndirməlidir. Vatikan bu missiyada iştirak edəcək nümayəndəni hələ ki təyin etməyib.

“Müharibədə əsas qurbanlardan biri də həqiqət olur. Təəssüf ki, yanlış informasiyalar böyük sürətlə yayılır. İstər din, istərsə də dövlət xadimi öz siyasi maraqlarını xalqın və dövlətin maraqlarından üstün tutduğu zaman, bundan ən çox zərər görən yenə də xalq olur”, - deyə o qeyd edib.

Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi ölkəmizə səfəri barədə danışarkən qeyd deyib: “Azərbaycanda dinlərarası dialoqu yüksək qiymətləndiririk. Azərbaycanda olduğum az bir müddət ərzində bunun əyani şahidi olmuşam”.

Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video