13 Avqust 2022 02:01
595
İQTİSADİYYAT
A- A+

Prezidentin yaxın gələcək üçün hədəfi aydındır

 

Ölkə iqtisadiyyatını gözlənilən resessiyadan maksimum qorumaq 

 

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə maraqlı bir məqama toxunaraq xüsusi qeyd etmişdir ki, Azərbaycanın büdcəsi yalnız neftin qiyməti hesabına böyüməmişdir: "...dünyada neftin qiyməti qalxıb, amma, eyni zamanda dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir. Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız, əsasən, istiqrazlardadır, səhmlərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb... Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir". 
Dünyanın kapital bazarlarının çökməsinin nə demək olduğunu anlamaq üçün adi bir iqtisadi xəbəri nəzərdən keçirək. "Ötən ayın 16-da cümə axşamı qlobal bazarların  çöküşü sürətləndi. Buna səbəb ABŞ Federal Ehtiyat Fondunun (FEF) əsas uçot dərəcəsini birdən-birə 75 baza bəndi yüksəltməyə qərar verməsi oldu. Bu barədə məlumat yayan "Yahoo Finance" bildirir ki, ABŞ-ın ən yaxşı 500 şirkətinin səhmləri üçün göstərici olan S&P 500 indeksi 3 faiz azalmışdır. İndeksin hazırda  "ayı bazarı"nda qərar tutması bir neçə ay ərzində kotirovkaların sürətlə azalması deməkdir. ABŞ-ın ən yaxşı 30 şirkətini izləyən Dow Jones sənaye indeksi elə həmin cümə axşamı günü 2,3 faiz geriləmişdi ki, bu da ötən ilin yanvarından bəri ən aşağı səviyyədədir. ABŞ fond bazarının əsas texnoloji indeksi Nasdaq Composite kapitallaşmasını 3,5 faiz itirərək 2020-ci ilin oktyabr ayından bu yana ən aşağı səviyyəyə düşmüşdür. Beləliklə, FEF-nin qərarından sonra bankların monetar siyasətinin gücləndirilməsi fonunda bazar iqtisadi tənəzzüldən ehtiyatlanır. Məsələn, Avropada Stoxx 600 indeksi 2,36 faiz, Asiyada isə FTSE 1,4 faiz ucuzlaşmışdır". 
Bu rəqəmlər bizə imkan verir ki, Azərbaycanın inkişaf modelinin üstün tərəflərini görək. Ölkəmizdə aparılan islahatların uğurlu məcraya istiqamətləndirilməsinə iqtisadiyyatın müxətif sahələrinə investisiyaların düşünülmüş tərzdə diversifikasiyası  əsas amil kimi təsir edir.  İqtisadiyyatın belə mükəmməl diversifikasiyası bir tərəfdən qeyri-neft sektorunda məhsul çeşidinin zənginliyinə səbəb olur, digər tərəfdən makroiqtisadi və maliyyə sabitliyini təmin edir. 
Bu yerdə vacib bir məqamı mütləq qeyd etmək lazımdır. Biz həmişə super dövlətlərin sərt təsirindən, kommunikasiyaların azlığından və erməni işğalçılarının tətbiq etdiyi blokadalardan əziyyət çəkmişik. Prezident İlham Əliyevin isə gücü ondadır ki, Azərbaycanda maraqları toqquşan bütün dövlətlərin ambisiyalarını möhtəşəm bir əməkdaşlığa çevirə bilir. Bu hesaba ölkəmiz Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən nəhəng nəqliyyat qovşağına çevrilmişdir. Dövlət başçısının uzun illər yükdaşımalar sahəsində həyata keçirdiyi strategiya imkan vermişdir ki, Azərbaycan bütün ölkələrlə kommunikativ əlaqələr qursun, hamı üçün əhəmiyyətli və sərfəli tərəfdaşa çevrilsin. Bu barədə Prezident belə demişdir: "Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə "Şimal-Qərb" nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur əlbəttə imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq".
Şübhəsiz, qoyulan investisiyaların əhəmiyyətli hissəsi neft-qaz sektoruna yönəldilir. Dünya bazarlarında enerji qiymətlərinin artımı, enerji sektorunun cəlbediciliyinin davam etməsi və Azərbaycanda neft-qaz strategiyasına olan etimad sözügedən sektora sərmayə qoyuluşunu artırır. Buna baxmayaraq, qeyri-neft sektorunda aparılan islahatlara yatırılan vəsaitlərin məbləği də az deyil. Üstəlik, ölkəmizdə qeyri neft-qaz sektoruna qoyulan daxili və xarici investisiyalar bir sıra hallarda idxalın artmasına da səbəb olur. Yəni istehsalyönümlü investisiyalar, müəssisə tikintisi, habelə neft-qaz sektorunda həyata keçirilən icraatların bir çox hissəsi maşın-avadanlıq və malların idxalı hesabına formalaşır. 
Bütün bunlarla birlikdə dövlət başçısı iqtisadiyyatın inkişafına mane olan kölgə iqtisadiyyatına qarşı mübarizədə müsbət nəticələrə nail olmağın zəruriliyini də qeyd edir: "Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın". İlham Əliyev belə hesab edir ki, texnologiyalar inkişaf etdikcə yeni nəzarət imkanları yaranır. İnstitusional tədbirlər - dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi kölgə iqtisadiyyatının qarşısını alır. 
Dövlət başçısı neftin qiymətinin artmasına da fərqli baxış sərgiləyir: "Mən artıq qeyd etdim, biz hamımız yadda saxlamalıyıq, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir. Biz bu barədə hələ danışacağıq, vaxta var. Amma biz dünyada gedən prosesləri əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır". 

Bahadur İMANQULİYEV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video