27 Aprel 2022 11:15
1394
Qəbullar
A- A+

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ilk nöbvədə İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirdi, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu dedi.

Dövlətimizin başçısı ötən 30 il müddətində Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu bildirdi.

İqtisadi sahədə əməkdaşlığa toxunan Azərbaycan Prezidenti xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğuladı.

Cənubi Qafqazın inkişafı ilə bağlı ölkələrimizin birgə baxışlarının olduğunu deyən Prezident İlham Əliyev xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirdi və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü dedi, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə etdi.

İliya Darçiaşvili Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Bakıda çox səmərəli görüşlər keçirdiyini bildirən İliya Darçiaşvili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcini dedi. Qonaq Azərbaycan Prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Gürcüstanın xarici işlər naziri əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin zəruriliyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video